PDF Oxu

Müxalifət

  • 2 409

"Ümid" sədri yenidən ümidini ADP sədrinə bağlamaq istəyindədir

image

Parlament seçkilərində uğursuzluğa düçar olmuş "Ümid" partiyasının sədri İqbal Ağazadə indi ikili problemlə qarşılaşıb. Belə ki, hələ seçkilərdən öncə ADP ilə birgə təmsil olunduğu "Qarabağ" siyasi blokundan imtina etdikdən sonra "125"-lər adlı yeni blok yaradan İqbal Ağazadə orada da ciddi uğursuzluqdan yaxa qurtara bilmədi. Halbuki o, "Qarabağ" blokunda olarkən, müəyyən siyasi maraqlarını təmin etməyi bacarmışdı. Məhz bütün bunlardan sonra yenidən "Qarabağ" blokunun işinin bərpa edilərək, orada ADP ilə birgə fəaliyyət göstərmək arzusunu gizlətməyən "Ümid" sədri indi də ADP-nin etirazı ilə qarşılaşıb. Daha dəqiq desək, Sərdar Cəlaloğlu İqbal Ağazadənin ona etdiyi xəyanəti bağışlamaq fikrində olmadığını açıq-aşkar nümayiş etdirir. İqbaı Ağazadə isə artıq deputat olmadığını yaxşı bilir və müxalifət düşərgəsində olan-qalan etibarının da itiriləcəyindən ehtiyat edir. Çünki onun xəyanətə alışmış olduğunu bilən başqa müxalif siyasi təşkilatlar da partiyası ilə əməkdaşlıqdan imtina etməkdədirlər.

İqbal Ağazadənin ortada soyuq münasibətlə ola-ola "isti münasibətlərdən" danışması ADP-yə qeyri səmimi təsir bağışlayır

Maraqlıdır ki, ADP sədrinin artıq ona inanmadığını, etibar etmədiyini bilə-bilə guya "Qarabağ" blokunun bərpası barədə Sərdar Cəlaloğlu ilə yeni müzakirələrə başlayacağı xəbərini özünə piar kimi seçən İqbal Ağazadə hələ ki, buna ümid edir. Onun mətbuata verdiyi açıqlaması da deyilənləri təsdiq edir: "ADP sədri Sərdar Cəlaloğlu ilə məsləhətləşəcəyik. Lazım bilinsə, blok fəaliyyətini davam etdirəcək, bilinməsə yox. ADP ilə bizim isti münasibətlərimiz var. Blok şəklində olmasa da, iki partiya olaraq əməkdaşlığımızı davam etdirəcəyik".

Göründüyü kimi, blokun bərpasına yalnız ümid etdiyini sərgiləyən "Ümid"sədri ADP-dən rədd cavabı veriləcəyini də dərk edir. Sadəcə, "tutar qatıq, tutmaz ayran" məsəlinə bənzər fikirlərlə çıxış edərək, qarşı tərəfin cavabını gözləyir. Ortada aşkar soyuq münasibətin olduğu görünə-görünə "isti münasibət" haqqında danışmaq isə qeyri-səmimiliyin göstəricisidir. Eyni zamanda, o, "blok şəklində olmasa da, iki partiya olaraq əməkdaşlığımızı davam etdirəcəyik" deməklə, yeni birlik formatında da birgə fəaliyyət göstərə biləcəyinə bel bağlayıb. Ancaq Sərdar Cəlaloğlu heç də İqbal Ağazadə kimi düşünmür.

ADP-də hesab edirlər ki, "Ümid" partiyası sonuncu parlament seçkilərində onları "125"-lər siyasi klubuna dəyişməklə çox böyük xəyanətə yol verib

Məsələn, ADP sədri əvvəlcədən də gözlənildiyi kimi, sözügedən məsələ ilə bağlı açıqladığı fikrində bidirib ki, "Qarabağ" blokunun indiki formatda fəaliyyətinə ehtiyac yoxdur. Sitat: "…Sonuncu parlament seçkilərində İqbal Ağazadə "125-lər" adlı yeni bir blok yaratdı. O zaman biz başa düşdük ki, "Ümid" partiyası artıq izolyasiyadan çıxıb və özünün siyasi mühitində istədiyi kimi fəaliyyət göstərə bilər. Ona görə də biz "Ümid" partiyasının əl-ayağına dolaşmaq fikrində deyilik və bildirdik ki, "Qarabağ" blokunun fəaliyyətini başa çatmış hesab edirik".

Daha bir maraqlı məqamlardan biri ADP-də təmsil olunan digər funksionerlərin də İqbal Ağazadəyə və onun partiyasına bel bağlamamalarına yönəldilmiş münasibətləridir. Belə ki, ADP rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu məhz Sərdar Cəlaloğlunun fikirləri ilə razıdırlar. Onlar hesab edirlər ki, "Ümid" partiyası sonuncu parlament seçkilərində onları "125"-lər siyasi klubuna dəyişməklə çox böyük xəyanətə yol verib. İrəli sürülən fikirlər isə belədir ki, əslində İqbal Ağazadə yenidən ADP-yə üz tutmaqla, Sərdar Cəlaloğlunun ayağına getməklə daha pis vəziyyətə doğru yuvarlanmamasını güdür. Lakin onun budəfəki planları "deputat seçilə biləcəyi kimi" fiaskoya uğrayıb. Hətta müxalifətin digər cinahları da artıq İqbal Ağazadəni qəbul etmədiklərini bəyan etməkdədirlər. Hətta demək olar ki, "Ümid" sədri seçkilərdən öncə qurduğu Sərdar Cəlaloğlu planında peşman olub.

Mübariz QULİYEV

Digər xəbərlər