Sərdar Cəlaloğlu İqbal Ağazadəni rədd edir
Parlament seçkilərində uğursuzluğa düçar olmuş "Ümid" partiyasının sədri İqbal Ağazadə indi ikili problemlə qarşılaşıb. Belə ki, hələ seçkilərdən öncə ADP ilə birgə təmsil olunduğu "Qarabağ" siyasi blokundan imtina etdikdən sonra "125"-lər adlı yeni blok yaradan İqbal Ağazadə orada da ciddi uğursuzluqdan yaxa qurtara bilmədi.
Qeyd edək ki, bundan öncəki parlament seçkilərində "Qarabağ" siyasi blokunda təmsil olunan ADP və "Ümid" partiyası dairələr üzrə vahid namizədlər irəli sürüb, lakin "Ümid" partiyası parlamentdə təmsilçilik hüququ əldə etsə də, dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaiti ADP ilə bölüşməyib. Son prezident seçkilərində isə hər iki partiya seçkilərə ayrı-ayrı namizədlə qatılıb. Növbəti 1 noyabrda keçirilən parlament seçkilərində də iki partiyanın ayrılıqda iştirak etdiyini nəzərə alsaq, "Qarabağ" blokunun mövcudluğunu qoruması nə dərəcədə məntiqli sayıla bilər?
Sərdar Cəlaloğlu İqbal Ağazadənin xəyanətini bağışlamır
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, əslində "Qarabağ" bloku müəyyən mənada öz ömrünü başa vurub: "Ümid" partiyası və ADP razılaşmışdı ki, seçki qurtarana qədər "Qarabağ" blokunun fəaliyyətini dayandıraq. Ancaq İqbal Ağazadə, "Qarabağ" blokunda olarkən, müəyyən siyasi maraqlarını təmin etməyə çalışıb. Məhz bütün bunlardan sonra yenidən "Qarabağ" blokunun işinin bərpa edilərək, orada ADP ilə birgə fəaliyyət göstərmək arzusunu gizlətməyən "Ümid" sədri indi İ.Ağazadə ADP-nin etirazı ilə qarşılaşıb. Daha dəqiq desək, Sərdar Cəlaloğlu İqbal Ağazadənin ona etdiyi xəyanəti bağışlamaq fikrində olmadığını açıq-aşkar nümayiş etdirir: "İqbal Ağazadə artıq deputat olmadığını görərək müxalifət düşərgəsində olan-qalan etibarının da itiriləcəyindən ehtiyat edərək yenidən bizimlə bir olmağa çalışır. Ancaq bu, mümkünsüzdür.
""Ümid" partiyası ilə artıq əməkdaşlıq yox, rəqabət aparırıq"
"Hüquqi olaraq "Ümid" deyilən partiya yoxdur"- fikrini söyləyən Sərdar Cəlaloğlu bildirdi ki, "hazırda İqbal Ağazadənin taleyinin necə olacağı sual altındadır. Çünki "Ümid" "125-lər" klubu ilə blok şəkilində seçkiyə getmək qərarına gəldi. Ona görə də hüquqi olaraq "Ümid" deyilən partiya yoxdur. Çünki qanuna görə seçkilər ərəfəsində hansı partiya blokda iştirak edirsə, onun ayrılıqda fəaliyyət göstərməsi qadağandır. "Ümid" partiyası "125-lər" deyilən bir blokla seçkiyə getdiyinə görə onun ADP ilə və ya təklikdə siyasi partiya kimi fəaliyyət göstərməsi qanuna ziddir. Bir sözlə, bu gün "Ümid" partiyası ilə artıq əməkdaşlıq yox, rəqabət aparırıq".
Ü.ƏSGƏROV