Dövr o dövr deyil
Azərbaycanda müxalifət partiyalarının təsiri altında fəaliyyət göstərən mətbu orqanlar təhrif olunmuş, cəfəng məlumatlar yaymaqla məşğuldurlar. Onların sifarişlə işlədikləri isə heç kimə sirr deyil. Təsirində olduqları dairələrin göstərişlərini yerinə yetirməklə ictimai düşüncəyə təsir göstərməyə çalışırlar. Belə mətbu orqanlar üçün dövlətin milli maraq və mənafeləri önəmli deyil. Nədə olsa onları "yönləndirən" "liderlər" üçün də Vətən, xalq, torpaq, milli maraqlar və s. bu kimi müqəddəs sayılan anlayışlar əhəmiyyətsiz sayılır. Nümunələr kifayət qədər çoxdur. Xüsusilə, dağıdıcı müxalifət partiyalarının maliyyələşdirdikləri bəzi qəzet, radio, televiziya verilişləri bu qəbildəndir. Təbii ki, bu yola xidmət edən mətbuat orqanları cəmiyyət arasında yalan məlumatlar yaymaqla, dövlət rəhbərliyinin fəaliyyətinə kölgə salmaqla insanları dövlətçiliyə düşmən mövqedə dayanmağa sövq etməyə çalışırlar. Amma belı bir deyim var: kor-kor, gör-gör. Xalqın şüuru artıq kifayət qədər inkişaf edib və ölkədə gedən prosesləri dəqiqliklə ayırd etməklə düzgün qiymətləndirməyi bacarır. Dövr də o dövr deyil.
Son günlər dünyada gedən aktiv proseslər ölkəmizə də təsir edib. Onsuz da ölkəmiz geosiyasi cəhətdən kifayət qədər həssas regionda yerləşir. Üstəlik, hazırda münaqişə ocaqlarının beşiyi olan Yaxın və Orta Şərq regionunun qonşuluğumuzda olması da Azərbaycan hakimiyyətindən balanslaşdırılmış siyasət yürütməyi tələb edir. Necə ki, bu vaxtacan belə olub. Dövlətimizin uğurlarına qısqanclıqla yanaşan, onun uğurlarını gözü götürməyən bəzi xarici dairələr dünyada baş verən hazırki neqativ proseslərə Azərbaycanı da cəlb etməyə çalışırlar. Bu, onların öz çirkin niyyətlərinə yetməsi üçün əlverişli məqamdır. Qonşuluqdakı dövlətlər hazırkı dünya proseslərində aktiv iştirakçılar olduğundan, ölkəmiz daha da diqqətli və məqsədəuyğun siyasət yürütməlidir.
Azərbaycanın müsbət imicinə zərbə vurmağa çalışırlar
Qeyd etdiyim kimi, dünyada münaqişə mühitinin genişlənməsi fonunda Azərbaycanı hər imkanda məhv etməyə çalışan qüvvələr üçün əlverişli situasiya yaranıb. Ölkə daxilində həmin bədxah dairələrlə əlbir fəaliyyət göstərən, onların göstərişlərinin icraçısı olan qruplar var. Bu qruplar isə tabeliyində olan şəxslər vasitəsilə müasir dünyada ikinci bir əvəzi olmayan informasiya texnologiyalarının təsir gücündən faydalanmaqla ölkədəki müsbət ab-havanı, stabilliyi dəyişməyə çalışırlar. Dağıdıcı müxalifət düşərgəsində qərarlaşan həmin qruplar verdiyi məlumatlar müqabilində xaricdən aldığı donoslar vasitəsilə əlində saxladığı mətbuat orqanlarında onlara tapşırılanları işıqlandırırlar. Belə "tapşırıqların poliqonu"na çevrilən informasiya mənbələrinə "Azadlıq" qəzeti və Radiosu, "Yeni Müsavat" qəzeti, "Meydan" TV, "Azərbaycan saatı" verilişi və bir sıra xəbər saytları, portallar daxildir. Ölkədə mövcud olan şəffaf və azad informasiya mühitindən "faydalanan" bu KİV-lərin bundan sui-istifadə edərək dövlətçilik əleyhinə məlumatlar yayması, milli maraqlar ziddinə yazılar dərc etməsi artıq adi hal alıb. Yalan, cəfəng, absurd məlumatları işıqlandırmaqla beynəlxalq qurumlar qarşısında Azərbaycanın müsbət imicinə zərbə vurmağa çalışırlar.
Nə qədər çalışsalar da, alınmadı
Son parlament seçkiləri öncəsi anti-azərbaycançı qüvvələrin dəridən-qabıqdan çıxaraq, ölkədəki vəziyyəti gərginləşdirmək cəhdləri, eyni zamanda beynəlxalq aləmi seçkiləri boykota səsləməklə bağlı səs-küy salmaları elə özlərinə qaldı. Azərbaycanda heç bir gərginlik yaranmadan seçkilər demokratik mühit şəraitində baş tutdu. Boykota gəldikdə isə hansısa ciddi nüfuz sahibi olmayan bir qurum istisna olmaqla anti-Azərbaycan dairələrin çağırışına cavab verən olmadı. Şahid olduq ki, seçki ərəfəsində yuxarıda sadaladığım informasiya vasitələrində məhz bu cür çağırışlar işıqlandırıldı. Dövlət rəhbərliyi artıq bu cür reket orqanlara ciddi xəbərdarlıq edib. Nəticə olaraq, Azərbaycan əleyhinə olan xarici və daxili dairələrin əlində oyuncağa çevrilmiş üzdəniraq mətbuat orqanlarının təhrif olunmuş, yaxud da açıqlanması qadağan olunan dövlət əhəmiyyətli məlumatları işıqlandırmaqla düşmən kəşfiyyatını işsiz buraxır desək, lap yerinə düşər.
İt hürər, karvan keçər
Əli Kərimli kimdir? Bəs İsa Qəmbər? Bu iki şəxs və onların ətrafındakı bəzi insanlar vaxtilə uçurumun kandarında olan Azərbaycana sonuncu zərbəni də vurmağa hazır olanlar deyilmi? Özlərini başa düşdükləri andan amalları Azərbaycanı kimlərinsə asılılığı altına salaraq, zəif vəziyyətə düşməyə çalışıblar. Bu gün əllərindəki mətbuat orqanları vasitəsilə qarayaxmalar, təhqirlər, yalançı xəbərlər yaymaqla xaricdəki dairələrdən kifayət qədər çox pul alırlar. Axı onlar üçün şəxsi mənfəət hər şeydən öndədir. Lakin ən ümdə məqsədləri Azərbaycanı məhvə sürükləmək olan bu insanlar bir şeyi hələ də dərk edə bilmirlər ki, Azərbaycanda ölkə rəhbəri ilə xalqın monolit birliyi mövcuddur. Xalq liderinə inanır, lider isə xalqını firavan gələcəyə aparır. Qoy nə qədər pislik edirlər, etsinlər. Qozbeli qəbir düzəldər. Onlar öz naqis əməllərində olsunlar. Necə deyərlər, it hürər, karvan keçər.
Tofiq Rəfailoğlu