TƏRS BAXIŞ
Gözəl Bayramlı-Fuad Qəhrəmanlı qruplaşması toqquşur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini və məclis sədri Həsən Kərimovun vəfatından sonra partiyada boş qalmış kreslo uğrunda yeni savaş meydana çıxıb. Belə ki, uzun müddətdən bəri gizli qarşıdurmalara gedən digər sədr müavinləri - Gözəl Bayramlı və Fuad Qəhrəmanlı qruplaşması indi aşkar toqquşmalara gedirlər. Onların hər biri məhz partiyanın məclis sədri olmaq iddiasındadırlar. Onu da qeyd etmək yerinə düşərdi ki, mərhum Həsən Kərimovun özü də qruplaşma daxilində yer alaraq, Gözəl Bayramlıdan yana çıxışlar edirdi. Fuad Qəhrəmanlıya isə dəstəyin bilavasitə sədr Əli Kərimlidən verildiyi sirr deyil.
Yeni vəfat etmiş partiyadaşlarının ruhuna belə hörmət qoymağı bacarmayan cəbhəçilər daxili çirkinliklərini bir daha ortaya qoyublar
Düzdür, daha əvvəllər bu kimi qarşıdurmalara adi partiyadaxili məsələ kimi yanaşılsa da, indiki vəziyyətdə oradakı durumun heç bir mənəvi və əxlaqi dəyərlərə cavab vermədiyi də məlumdur. Çünki yeni vəfat etmiş partiyadaşlarının ruhuna belə hörmət qoymağı bacarmayan cəbhəçilər daxili çirkinliklərini bir daha ortaya qoymuş olublar. Göründüyü kimi, onlar üçün vicdan, şərəf və ləyaqətə aid olan heç bir xüsusiyyət mövcud deyil. Yəni belə bir hal sədri Əli Kərimli olan siyasi təşkilatda "normal" qarşılanır.
Artıq savaş özünü sosial şəbəkədə də kifayət qədər göstərməkdədir. Bayramlı-Qəhrəmanlı qruplaşması söyüşün birini bir qəpikdən bir-birlərinə ünvanlayaraq, qruplaşma rəhbərlərinin ali məclisə gedən yolunu açmağa cəhdlər göstərirlər. Halbuki, son sözü məhz sədr Əli Kərimli deyəcək.
Gözəl Bayramlı təklənib
Daha dəqiqi, əgər o, kimi istəsə, onu da AXCP-nin ali məclisinin sədrliyinə gətirəcək. Eyni zamanda, Əli Kərimlinin saxta qurultayında 99 (!-R.N.) faiz səslə sədr seçilməsi də onu göstərir ki, məclisin sədrini elə onun özü təyin edəcək. Beləlkilə, digər üzvlərin fikirlərinə hörmətlə yanaşılmayan bir təşkilatda bundan artığını gözləməkdə olmaz. Bu zaman belə bir sual yaranır ki, görəsən, başlanan savaşdan sonra AXCP məclisinin sədri kim seçiləcək?
Bayaq da dediyimiz kimi, Əli Kərimlinin bilavasitə dəstək verdiyi şəxs Fuad Qəhrəmanlıdır. Ona görə də Qəhrəmanlının söyüş qrupunun daha aktiv olması da nəzərdən yayınmır. Gözəl Bayramlı isə demək olar ki, təklənib.
Əli Kərimlinin Fuad Qəhrəmanlıya etdiyi işlərin əvəzini qaytarması gözlənilir
Onu müdafiə edənlər də sosial şəbəkədə Qəhrəmanlının qrupuna qarşı acizlik göstərirlər. Həmçinin, AXCP-nin saxta qurultayı ərəfəsində Fuad Qəhrəmanlının Əli Kərimlidən yana canfəşanlığı da diqqətlərdən yayınmırdı. Bu səbəbdən, Əli Kərimlinin Fuad Qəhrəmanlıya etdiyi işlərin əvəzini qaytarması gözlənilir. Digər tərəfdən, Fuad Qəhrəmanlı həm də söyüş kampaniyası çərçivəsində Əli Kərimlinin "rəğbətini qazanıb". Belə ki, Əli Kərimliyə yaxşı söyüş söyən, böhtan danışan, şantaj edib, şər atan adamlar daha çox gərəklidir. Artıq belə hesab etmək olar ki, Fuad Qəhrəmanlı mərhum Həsən Kərimovun yerini tutub.
Rövşən NURƏDDİNOĞLU