Yaxud, gedənlərin qayıtmayacağı indidən bəllidir
Bu günlərdə qəzetimizə Müsavat daxilindəki inanılmış mənbədən belə bir informasiya daxil olub ki, Arif Hacılı partiyanın qurultayından sonra təşkilat sıralarını tərk edən adamların bağışlanması (?-M.Q.) barədə düşünür və onların öz səhvlərini etiraf edəcəkləri təqdirdə, yenidən Müsavata sıravi üzv kimi yazılmalarını təmin edə bilər. Maraqlısı da budur ki, Arif Hacılı partiyasının mövcud vəziyyətini görə-görə, Müsavatın demək olar ki, boşaldığını fərk edə-edə bu cür "bağışlanma missiyasını" üzərinə götürməsi nə qədər inandırıcı görünməsə də, bu, belədir. Yəni mənbədən bizə sızan məlumat realdır.
Arif Hacılının təklifinin, ümumiyyətlə, qəbul edilməyəcəyi bəribaşdan görünməkdədir
Lakin Müsavatı tərk edərək bir neçə hərəkat yaradan, özü də Müsavatdakı fəaliyyətləri ilə uzun illər müxalifətçilik edən adamların yenidən partiyaya qayıtması, əlbəttə ki, mümkünsüz görünür. Əgər nəzərə alsaq ki, gedənlərin əksər çoxluğu partiya strukturlarında post tutanlar olub, funksionerlik fəaliyyətləri ilə daim gündəmdə qalıblar, onda Arif Hacılının təklifinin, ümumiyyətlə, qəbul edilməyəcəyi bəribaşdan görünməkdədir. Çünki vaxtilə postlar tutmuş Vurğun Əyyubun, Qubad İbadoğlunun, Ellada Məmmədlinin, Səxavət Əlisoyun, Tural Abbaslının və sairlərinin sıravi Müsavat üzvlüyünə qayıtmaları onlar üçün təhqir olardı. Bəlkə də Arif Hacılı onun saxta başqanlığını qəbul etməyənləri, eyni zamanda təhqir etməyi də planlaşdırıbmış.
Başqa tərəfdən, Müsavatdan gedən üzvlərin ora qayıtmasının qeyri-mümkünlüyü həm də baqşa amillərlə də izah edilə bilər. Məsələn, gedənlərin, hətta yaratdıqları hərəkat və birlikləri də tərk edəcəkləri gözlənilir. Bu isə, belə deməyə əsas verir ki, onların əksəriyyəti həm kifayət qədər yaşa dolmuş insanlardırlar. Onların özləri də başa düşürlər ki, siyasət faktoru artıq onlar üçün bitib.
Tutaq ki, İsa Qəmbər yenidən başqanlığa qayıtdı...
Daha bir vacib məqam isə müəyyən vaxtı Müsavat kuluarlarında İsa Qəmbərin yenidən başqanlıq postuna qayıtması iddiaları ilə bağlıdır. İnandırıcı görünməsə də, "Müsavatı düşdüyü böhrandan xilas etmək" adı altında İsa Qəmbərin başqanlıq postuna qayıtması baş verə bilər. Ancaq burada da partiyanın itkisi olacaq ki, bu da bilavasitə Arif Hacılı klanı ilə bağlıdır. Tutaq ki, İsa Qəmbər yenidən başqanlığa qayıtdı. Məhz onda Arif Hacılı bu komandası təşkilat sırasında qiyam qaldıraraq, tərəfdaşları ilə qurumdan xaric oluna bilərlər. Bu səbəbdən, Qəmbərin təzədən hər hansı bir yolla qayıdıb başqan olması real görünmür.
Beləliklə, görünən amil budur ki, əslində Müsavatın dağılmasının qarşısını almaq üçün orada, ilk növbədə demokratik-hüquqi islahatlar keçirilməlidir. Ancaq nəninki Müsavatda, o cümlədən ənənəvi müxalifət partiyalarının çoxunda heç bir islahat, partiya quruculuğunda yenilik aparılır. Çünki Müsavat da daxil olmaqla, AXCP, ADP, "Ümid", AMİP və s. partiyalar ayrı-ayrı şəxslərin maraqları çərçivəsində yaradılmışdı.
Yaxın vaxtlarda Arif Hacılının özünün düşmənə çevirdiyi şəxslər qarşısında əvf diləməyi gözlənir
Daha dəqiqi, onların hər biri AXC şinelindən çıxmış adamlardırlar. AXC-nin isə parçalanması, ard-arda siyasi partiyaların yaradılması, ilk növbədə yaranmış natazılıqlar üzündən baş verib. Təbii ki, belə olan vəziyyətdə xalq, ictimai rəy onları dəstəkləmir. O cümlədən, həmin partiyaların sıravi üzvləri də partiyalarının fəaliyyətindən narazıdırlar. Əbəs yerə deyil ki, artıq baş verən istefalar adət halını alıb və bu faktor ictimai rəyi maraqlandırmır.
Nəticədə, Arif Hacılının "amnistiyası" da ona heç bir siyasi bəhrə verməyəcək. Çünki yaxın vaxtlarda onun özünün düşmənə çevirdiyi şəxslər qarşısında əvf diləməyi gözlənir.
Mübariz QULİYEV