Sabiq spiker "yeni qüvvə" axtarışındadır
Eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev axırıncı ümidi olan Açıq Cəmiyyət Partiyasını da itirdikdən sonra bir müddət səssiz-səmirsiz qaldı. Hətta bir dəfə sosial şəbəkədə kitab yazmaqla məşğul olduğunu da bildirdi. Ancaq görünür, ölkənin çirkablı, uduzmağa alışmış olan ənənəvi müxalifət sferasından kənarda qala bilməyəcəyini növbəti dəfə yəqin edən Rəsul Quliyev ortadan birdəfəlik silinməməsi üçün yeni vasitə tapıb. Məsələn, bəlli olub ki, o, Azərbaycan siyasətindən getməmək üçün "yeni qüvvə" axtarışına çıxıb. Daha dəqiq desək, ənənəvi müxalifətin yararsız olduğunu bildirərək, daha perspektivli müxalifət yaratmaq arzusunu reallaşdırmaq fikrindədir.
"O qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir"
Məsələn, Rəsul Quliyevin fikrincə, bu gün də davam edən müxalifətdaxili qarşıdurmaların kökündə dayanan AXCP, Müsavat kimi partiyalar artıq buraxılmalıdır. Çünki onların bundan sonra hər hansı bir siyasi uğur əldə etmələri qeyri-mümkündür. Eks-spiker ötən prezident və parlament seçkilərində müxalifət "liderlərinin", xüsusən də Müsavatın sabiq başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin qalib gəlmək potensiallarını itirdiklərini xatırladaraq bildirib ki, hətta "Milli Şura" və s. bənzər qurumların da fəaliyyəti düşərgəyə zərərdən başqa heç nə vermir. Təbii ki, o, burada digər partiyadaxili qruplaşmaların da amansız savaşlarına toxunaraq, ənənəvi düşərgənin rüsvayçılığına diqqət yönəldib. Sitat: "O qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir. Ona görə onların arasında və ya birliklərdə baş verənlər, ümumiyyətlə mənim diqqət mərkəzimdə deyil. Yeganə arzum onların hamısını bir tavan altına toplamaq idi, o da alınmadığından, artıq başqa işlərlə məşğul oluram, yəni daha təsirli qüvvələrlə iş görmək istəyirəm".
Əli Kərimli, İsa Qəmbər və digər "liderlər" də bundan soyuq duş effekti ala bilərlər
Rəsul Quliyev daha sonra bildirib ki, bu gün AXCP-nin, Müsavatın, ADP-nin, "Ümid" partiyasının, KXCP-nin və başqa ənənəvi müxalifət təşkilatlarının hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz: "Çünki normal məntiqlə iş görmürlər".
Beləlkilə, Rəsul Quliyev bununla heç də ortadan çıxmadığını, düşərgədən çıxdaş olmadığını anons edib və çox yəqin ki, yaxınlarda yeni təşkilat yaratmaqla gündəmə gəlməyi planlaşdırır. Əbəs yerə deyil ki, o "daha təsirli qüvvələrlə iş görmək istəyirəm" bəyanatı ilə ənənəvi düşərgəyə qarşı hücum planı qurub. Lakin maraqlıdır ki, müxalifətdə olan heç bir partiya rəhbəri, ya da funksioneri sabiq spikerin bu fikirlərini ciddi qarşılamayıblar. Ancaq hesab etsək ki, Rəsul Quliyev hər zaman müxalifətdə öz sürprizləri ilə seçilib, onda onun yenidən müxalifət arenasına qayıdaraq həmin sürpizini tədbiq edəcəyi baş tuta bilər. Yəqin ki, bu olarsa, Əli Kərimli, İsa Qəmbər və digər "liderlər" də bundan soyuq duş effekti ala bilərlər.
Mübariz QULİYEV