PDF Oxu

Müxalifət

  • 1 742

İttihamlar köhnə olsa da...

image

SİYASİ RAKURS

AXCP-Müsavat qarşıdurması yeni fazaya keçid alır

Bir müddət ara verdikdən sonra AXCP-Müsavat partiyaları arasında uzun illərdir ki, davam edən qarşıdurma və ittihamlar seriyası yenidən alovlanmaq üzrədir. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfləri "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "satqın", "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıb. Bu dəfə isə Müsavat funksionerləri iddia edirlər ki, bu gün Əli Kərimlinin sədri olduğu AXCP-dən daha çox onun sabiq müavini Razi Nurullayev tərəfindən yaradılan alternativ AXCP-nin siyasi fəaliyyəti nəzərə çarpır və Müsasvatın alternativlərlə iş birliyinə gedə biləcəyi istisna edilmir.

Müsavatçılar real AXCP kimi Razi Nurullayevin partiyasını tanıdıqlarını gizlətmirlər

Düzdür, hələlik bu barədə Müsavat başqanı Arif Hacılının, yaxud da onun digər müavinlərinin rəsmi açıqlamaları olmsa da, müəyyən görüşlər də belə deməyə əsas verir. Məsələn, xatırlatmaq olar ki, hələ sentyabr ayında Müsavat partiyası Məclisinin sədri Nüşabə Sadıxlının mətbuata verdiyi müsahibəsində demişdi ki, "satqınlar Əli Kərimlinin yanında yer aldı." Yəni buradan da aşkar görünür ki, AXCP-nin status kimi qorunmasını, həqiqətən istəyənlər məhz Razi Nurullayevin təşkilatında cəm olublar.

Müsavatçılar Arif Hacılının başqan seçilməsindən sonra Əli Kərimiyə dəfələrlə yeni əməkdaşlıq üçün müraciət etdiyini xatırladaraq, qarşı tərəfin hər dəfə onları rədd etdiyini də bildiriblər. Bu səbəbdən, onlar artıq AXCP kimi Razi Nurullayevin partiyasını tanıdıqlarını gizlətmirlər. Ona görə də hazırda düşmənçiliyin əsas səbəbkarı kimi yenə də Əli Kərimlinin sədri olduğu AXCP rəhbərliyində olduğu vurğulanır. Sosial şəbəkələrdə də bu kimi statuslar paylaşılır: "Günahkar Əli Kərimlidir. Problem bir ideologiya ətrafında birləşməməkdir. Əbülfəz Elçibəy üçün Müsavat və AXCP anlayışı yox idi. Onun üçün müxalifət var idi".

Əli Kərimlinin iddiası: "Müsavatdan fərqli olaraq AXCP xəyanətkarları müdafiə etməyə çalışmayıb"

Lakin Əli Kərimli cəbhəsi də boş dayanmır, ara-sıra müsavatçıların hücumlarına cavablar ünvanlayır. Məsələn, böyük ehtimalla müsavatçı funksionerin sərt açıqlamasına reaksiyanı da məhz həmin qəzeti əlində saxlayan Əli Kərimli verib. Hər dəfə böyük birlikləri ilk tərk edən tərəfin məhz Müsavat partiyası olduğunu xatırladan AXCP müxalifətin birlik formatı kimi yaranmış "Milli Şura"nı da ilk tərk edənin Müsavat olduğunu qeyd edir: "Həm də seçkilərdə Cəmil Həsənlini dəstəkləyib, "Milli Şura" çətiri altında fəaliyyət göstərib, sonra "Milli Şura"nı "Rusiya proyekti" adlandıran da Müsavat partiyası oldu. Amma AXCP bu gün də "Milli Şura"da təmsil olunur və birlik formatının möhkəmlənməsinə xidmət edir. Uzun illərdən sonra AXCP-nin harda dayandığı göz önündədir. Müsavatdan fərqli olaraq AXCP xəyanətkarları müdafiə etməyə çalışmayıb".

Beləliklə, Əli Kərimli Müsavata və rəhbərliyinə məsləhət görüb ki, daha özünü AXCP ilə müqayisə etməsin: "AXCP hansı gündədir? Hansı parametr üzrə Müsavat AXCP ilə müqayisə oluna bilər? AXCP-nin təkcə gənclər komitəsi Müsavat partiyasından üstündür. Bəlkə Müsavatın meydan gücü AXCP-dən artıqdır? Müsavat "Milli Şura"dan çıxdıqdan sonra neçə nəfəri yeni üzv qəbul edib? Xeyli müddətdir ki, AXCP Müsavatı rəqib görmür və heç bir parametr üzrə də rəqabət aparmağa əsas yoxdur. Çünki partiya əsas etibarilə sağlamdır."

Beləliklə, məsələ tamamilə aydındır. Guya zaman-zaman barışıq axtarışına çıxan hər iki partiya nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilirlər. Bu isə sonu olmayan bir yola bənzəyir. Daha dəqiq desək, siyasi arenada hər iki partiya yolun sonuna çoxdan gəlib. Görünür, bu baxımdan, artıq ən kiçik barışıq üçün belə yeri olmayan partiyalar bundan sonra da bir-birlərinə qarşı barışmaz olacaqlar. Ona görə də Müsavat rəhbərliyi Əli Kərimlinin sədri olduğu AXCP-yə sonuncu dəfə qurşaqaltı zərbə vurmaqla Razi Nurullayevin partiyasının seçdiklərini gizlətmirlər. Proseslər də belə qənaətə gəlməyə kifgayət qədər zəmin yaradır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər