PDF Oxu

Müxalifət

  • 1 884

Arzuolunmaz hadisələri öz xeyrinə işlətməyə bir ad vermək olar - VİCDANSIZLIQ!

image

Cəmil Həsənli-Əli Kərimli cütlüyü bu ada daha çox layiqdirlər

Məlum Nardaran olaylarından sonra bir daha bəlli oldu ki, Azərbaycanı istəməyən xarici qüvvələr ölkəmizdəki sabitliyə, xalq-hakimiyyət birliyinə qarşı aqressiv, qısqanc mövqelərini qorumaqdadırlar. Taleh Bağırzadə və onun cinayətkar yandaşlarının "Müsəlman Birliyi Hərəkatı" adı altında həmin qüvvələrin təlimat və sifarişlərini yerinə yetirməsi də sübut edir ki, hər an ölkəmizin müstəqilliyinə və konstitusion quruluşuna qarşı diş qıcamağa hazır olanlar indi də ehtiyat vasitələrini işə salmağa çalışırlar. Xüsusilə, radikal təmayüllü siyasi təşkilatlardan bəhrələnməyə çalışan şər qüvvələr indi də "Milli Şura" və AXCP kimi partiyalar vasitəsilə çirkin niyyətlərini davam etdirməyə cəhd göstərirlər. O da sirr deyil ki, Əli Kərimli və Cəmil Həsənli kimi "fiqurlar" müxtəlif siyasiləşdirilmiş motivlərdə dəfələrlə işlədiliblər. Bu isə ilk öncə belə deməyə əsas verir ki, bu cür "fiqurlar" heç də dünyəvi-demokratik prinsiplərə söykənən siyasi təşkilat rəhbərləri deyillər. Onlar özlərinə sərf edən müxtəlif istiqamətə yönələ biləcək qurumlardırlar ki, bu da, əlbəttə ki, belələrinin qeyri-ciddiliyinin və şəxsi maraqlara xidmət etmələrinin göstəricisidir.

AXCP və "Milli Şura" bir daha hansı maraqlara xidmət etdiklərini aşkar şəkildə sərgiləmiş oldular

Sadə bir misal gətirək. Məsələn, Taleh Bağırzadənin terrorçu və təxribatçı dəstəsinin törətdiyi cinayət hadisəsindən sonra bir sıra müxalifət təşkilatları olayı pisləyən bəyanatlarla çıxış etdilər. Həmçinin, hadisəyə səbəb olan silahlı dəstənin üzvləri qınanıldı, dinin siyasiləşdirilməsi, radikallaşdırılması yönündə etirazlar edildi.

Ancaq özlərini ölkənin "aparıcı müxalifət qurumları" kimi cəmiyyətə sırımaqda davam edən AXCP və "Milli Şura" bir daha hansı maraqlara xidmət etdiklərini aşkar şəkildə sərgiləmiş oldular. Əslində, burada təəccüblü heç nə yoxdur. Əli Kərimlinin, Cəmil Həsənlinin və onların ətrafında dolaşan beş-on nəfərin məhz Bağırzadə dəstəsinin terrorçuluq əməllərini dəstəkləyən fikirlər səsləndirmələri gözlənilən idi. Əbəs yerə deyil ki, Əli Kərimli bu ərəfədə "facebook"da oturub Nardaran hadisələri fonunda özünə xal toplamaqla məşğuldur. O cümlədən, Cəmil Həsənli də eyni prizmadan çıxışlar edir. Əllərində olan "Azadlıq" qəzeti, "Meydan tv" və s. media qurumları vasitəsilə aşkar şəkildə terrorizmə dəstək verən bu siyasi dəllallar nə qədər "vicdan sahibi" olduqlarını bu cür tərənnüm edirlər.

Bir müddət öncə Qərbin demokratik dəyərlərindən dəm vuran "aparıcı müxalifət liderləri" indi də "vicdanlı dindarlara" çevrilərək, guya bu istiqamətdə "xilaskar missionerlər" rolunu oynayırlar

Qısa xatırlatma edərək, yaxın keçmişimizə qısa ekskurs etsək, biz bunların hansı yuvanın quşları olduqlarını daha dəqiq şəkildə görmüş olarıq. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda keçirilən "Eurovision" Mahnı Müsabiqəsi və I Avropa Oyunları zamanı daha çox canfəşanlıq edənlər də məhz bunlar idi. Bir müddət öncə Qərbin demokratik dəyərlərindən dəm vuran "aparıcı müxalifət liderləri" indi də "vicdanlı dindarlara" çevrilərək, guya bu istiqamətdə "xilaskar missionerlər" rolunu oynayırlar. Təbii ki, bu, bir oyundur və Əli Kərimli-Cəmil Həsənli cütlüyü bu oyuna zorla dürtülən, ancaq nəticə etibarilə uğursuz artistlərə çevrilən oyunbazlardırlar. Həmçinin, "Milli Şura"nın son illərki fəaliyyəti də göstərir ki, bu qurum və onun artist "liderləri" Azərbaycanın nüfuzunu zədələmək üçün istənilən xarici anti-Azərbaycan qüvvələrin təxribatçılıqlarına, erməni lobbisinə və terrorçulara haqq qazandırmaq qədər həyasızlaşıblar. Təsadüfi deyil ki, bu qurum və onun başında duran anti milli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət belə qazandırmağa çalışıb (??!!-R.N.).

Cəmil Həsənli və Əli Kərimli terrora dəstək verir

Növbəti fakta nəzər salaq. Əli Kərimli-Cəmil Həsənli cütlüyü daha öncə Taleh Bağırzadənin və onun yandaşlarının müdafiəsinə qalxırdısa, indi də bu olayı bütünlükdə Nardaran əhalisinə bağlayırlar. Guya Nardaran əhalisi bütünlüklə hakimiyyətə qarşı çıxır, hakimiyyətə qarşı üsyana, qiyama hazırlaşır. Bunlar da Nardaran əhalisinə "ürək-dirək" verməklə, "onların yanında olduqlarını" özünüreklam edirlər. Halbuki Nardaran əhalisinin əksər çoxluğu hadisələri dəstəkləmir və terorrçuların onların kəndlərində törətdiyi hadisələri pisləyirlər. Bu zaman belə hesab etmək mümkündür ki, "Milli Şura" və AXCP Taleh Bağırzadənin terrorçu dəstəsini dəstəkləyir. Daha dəqiq desək, Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və terrorçularla həmrəy olduğunu açıq qaydada göstərib.

Arzuolunmaz hadisələri isə öz xeyrinə işlətməyə bir ad vermək olar - VİCDANSIZLIQ! Cəmil Həsənli-Əli Kərimli cütlüyü bu ada daha çox layiqdirlər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər