PDF Oxu

Müxalifət

  • 1 763

Gedəcəklərmi..?

image

TƏRS BAXIŞ

Rəsul Quliyev ənənəvi müxalifəti pensiyaya çıxmağa çağırdı

Radikal, yaxud da ənənəvi müxalifət adlandırılan düşərgədə yaranmış böhranlı vəziyyət vaxtilə həmin düşərgənin "liderlərdən" biri kimi hesab olunmuş sabiq spiker Rəsul Quliyevin hədəfindən kənara çıxmır. Bir müddət öncə AXCP, Müsavat, "Ümid", ADP, KXCP, AMİP kimi partiyaların ayrı-ayrılıqda bostanlarına daş atan Rəsul Quliyev bu dəfə də eyni motivdən çıxış edib. Lakin onun siyasi yöndə işlətdiyi kreativ fikirləri də maraq doğurur. Məsələ ondadır ki, artıq özünü siyasət arenasında görmədiyini bəyan etmiş sabiq spiker özündən sonra hələ də özlərini müxalifət "lideri" hesab edən partiya sədrlərini pensiyaya çıxmağa dəvət edib. Məsələn, "Azərbaycanda 2005-ci ildən demək olar ki, müxalifət yoxdur. 2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində növbəti "Milli Şura" adlanan amorf, heç kimin məhəl qoymadığı, altında heç bir şey olmayan bir ad ortaya çıxdı"-deyə qeyd edən Rəsul Quliyev mövcud müxalifətin yenisi ilə əvəzlənməli olduğunu bildirib.

Rəsul Quliyev fikirlərini ya kreativ, ya da orijinal qaydada yürürtməyə çalışıb

Lakin görünən budur ki, köhnəlmiş, artıq heç bir siyasi normalara cavab verməyən müxalifət "liderləri" hələ də öz yerlərində saymaqda israrlı olduqlarını göstərirlər. Bu isə, əlbəttə ki, yeni müxalifətin yaranmasına, müxalifətçilik tendensiyasının yeniləşməsinə köklü əngəllər yaratmış olur. Görünür, Rəsul Quliyev də məhz bu barədəki fikirlərini ya kreativ, ya da orijinal qaydada yürürtməyə çalışıb. Lakin həqiqət naminə o, fikirlərini doğru ifadə edib. Məsələn, bu dəfə əsas hədəfini Müsavat partiyasına yönəldən Rəsul Quliyev iddia edib ki, müsavatçıların hazırkı rəhbəri Arif Hacılı keçmiş başqan İsa Qəmbərdən qat-qat aşağı səviyyəli adamdır. O, Müsavatın qurultayını xatırladaraq bildirib: "Müsavat partiyasında sədr yerini vermək prosesini gördük. Başqan yerini özündən bütün komponentlərlə qat-qat aşağıda durana verdi. Nəticədə, "mən varam, partiya var, mən yoxam, partiya yoxdur" şüarının düz olduğu özünü göstərdi. Hadisələrin nə ilə nəticələndiyini bilirik".

Müsavatdan sabiq spikerə "qoca sərsəm", AXCP-dən isə "lazımsız fərd" təhqiri

Ancaq yuxarıda da qeyd etdiyimi kimi, Rəsul Quliyev Arif Hacılı da daxil olmaqla, əslində bütün müxalifət partiyaları "liderlərinin" istefa verməsinin əhəmiyyətli olduğunu vurğulayıb: "Onlar yerlərini heç kimə vermədən, sadəcə istefa verib getməlidirlər. Hökumət iki il bundan qabaqkına nisbətən, indi normal müxalifətin yaranmasında daha maraqlıdır. Ona görə onların səhnəni tərk etməsi və yeni nəslin irəli keçməsinə kömək etməlidirlər. Məsələn, onlara pensiya kəsilməlidir. Əminəm ki, bu prosesləri tezləşdirər və yeni nəsil özü boşalan müxalifət meydanını tutar".

Təbii ki, hər zaman olduğu kimi, Rəsul Quliyevin bu fikirləri də vaxtilə onun müttəfiqləri olmuş ənənəvi müxalifət "liderləri" tərəfindən həzm olunmayıb. Məsələn, Müsavatın məclis üzvü, başqan Arif Hacılınnı qardaşı Mustafa Hacıbəyli eks-spikerin fikirlərini ciddiyə almamasını deməsi, o cümlədən onu "qoca sərsəm" adlandırması, artıq nəyin-necə anlaşıldığını isbatlayır.

O cümlədən, AXCP rəhbərliyi də eyni mövqedən çıxış edərək, artıq Rəsul Quliyev adlı siysətçini tanımadıqlarını bildirib. Xüsusilə, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı qarşı tərəfi "lazımsız fərd" adlandırıb.

Göründüyü kimi, müxalifət düşərgəsi, hətta onlarla uzun müddət bir olmuş, maliyyə dəstəyi vermiş adamı da saya salmırlar. Ən azından onun çağırışlarına məhəl qoymurlar. Bu isə onların pensiya yaşlarının çatmasına rəğmən, öz postlarında siyasi canverməyə gedəcəklərinin göstəricisidir. Belə dırnaqarası siyasətçilərin bu cür vəziyyətdə siyasi arenadan silinmələri isə siyasət cameəsində yaxşı qəbul olunmur.

Rövşən RƏSULOV

Digər xəbərlər