PDF Oxu

Müxalifət

  • 1 686

Azərbaycan dövləti istənilən xarici təsirlərin qarşısını almaq qüdrətindədir

image

Ölkə Konstitusiyasının qısa zamanda Nardaranda bərqərar olunması bir daha belə qənaətə gəlməyə əsas verir

Noyabrın 26-da Nardaranda baş verən son məlum hadisələr müəyyən xarici dairələrin təsiri altında və din pərdəsinə bürünmüş qüvvələrin ölkəmizdə fəaliyyətini gücləndirdiyini bir daha təsdiqləmiş oldu. Başında Tale Bğırzadə kimi bir xəyanətkarın dayandığı terrorçu və ekstremist qüvvələrin islamçılıq adı altında törətməyə cəhd etdikləri cinaytlərin qarşısı zamanında alındı. Əlbəttə ki, bütün bunlar, ilk növbədə dövlətimizin təməlinin möhkəm olmasının göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkəmiz növbəti dəfə bu sınaqdan layiqincə çıxdı.

O da sirr deyil ki, bu radikal islamçı qüvvələr öz çirkin niyyətlərini reallaşdırmaqdan ötrü, yəni qanunlardan, hüquq-mühafizə orqanlarından yaxa qurtarmaq niyyətilə Nardaran kəndinə "sığınmış", bu kəndin insanlarını, yuxarıda qeyd edildiyi kimi, öz əməllərinə alət etməyə cəhd göstəriblər.

Bütün bunlara Azərbaycan dövləti göz yuma bilməzdi

Onu da bildirək ki, internetdə və sosial şəbəkələrdə Nardaran kəndində keçirilmiş dini ayinlərə aid videolarda səsləndirilən şüarlar, qaldırılan bayraqlar, şəkillər bu kəndə xarici qüvvələrin müdaxilə etdiyini açıq-aşkar sübut edir. Bu fitnələrə uyanlar isə dövlətinə və xalqına xəyanət etmiş olurlar. Məhz dində Vətəni sevmək, ona sədaqətli olmaq imandan hesab olunur. Deməli, əksini etmək, xarici qüvvələrin təsiri altında ölkəyə və dövlətə xəyanət etmək imansızlıq deməkdir. Fitnə, böhtan, məzlumu öldürmək kimi mənfi xüsusiyyətlər də dində qəbul olunmur. Eyni zamanda, burada dövlətin dünyəvi qayda-qanunlarının işləməsinə maneçiliklər törədilir, dövlət strukturlarının fəaliyyətinə ciddi əngəllər yaradılırdı. Həmçinin, təhsil və səhiyyə sistemi tamamilə pozulmuş, uşaqlar orta məktəbdən yayındırılmış, onlar ifrat radikal dini təlim həyata keçirməyə məcbur edilmişlər. Bütün bunlara isə Azərbaycan dövləti göz yuma bilməzdi. Konstitusiya quruluşunun pozlulması, qanunvericiliyə qarşı edilən təxribatlara gec-tez cavab verilməli idi.

Qeyd olunanlar qanunun aliliyi ilə yanaşı, həm də cəmiyyətin sifarişiydi

Lakin bu da son deyil. Bəllidir ki, Nardaranda narkomaniyanın baş alıb getməsi ilə bağlı ciddi narahatlıqlar özünü göstərirdi. Həmçinin, kənd sakinlərinin cəmləşdiyi qruplar kəndə gəlib-gedənləri təhdid edir, burada torpaq və bağ sahəsi almış kənar insanlar kəndə buraxılmırdı.

Bu baxımdan, bir daha qeyd etməliyik ki, ölkənin istənilən nöqtəsində bu cür özbaşınalıqların aradan qaldırılması, qanunçuluğun, legitim dövlət strukturlarının fəaliyyətinin bərqərar edilməsi hüquq-mühafizə orqanlarının vəzifəsi idi və bu vəzifənin öhdəsindən mütləq gəlinməliydi və gəlindi də! Çünki qeyd olunanlar qanununu aliliyi ilə yanaşı, həm də cəmiyyətin sifarişiydi.

Artıq Nardaranda keçirilmiş əəməliyyatlardan sonra qanunun aliliyi təmin olunub. Bir daha sübut edilib ki, heç bir qüvvə ölkədə bərqərar edilmiş sabitliyi pozmağa, qanunları təhrif etməyə, pozmağa cəsarət edə bilməz.

Qısa müddətə Nardaranda qanunlar bərpa olunaraq, dövlət orqanları burada öz səlahiyyətlərinin icrasına başlayıb, ən əsası isə dini ayinlər artıq meydanlarda deyil, məhz müvafiq yerlərdə - məscidlərdə keçiriləcək. Bu gün Nardaranda Azərbaycanın üçrəngli müqəddəs bayrağı dalğalanmaqdadır.

Nardaran Azərbaycanın idarəçiliyinə qaytarılıb, bölgədə qanunlar bərpa olunub

O cümlədən, prosesə dövlət rəhbərliyi tərəfindən çox ciddi nəzarət edilir. Bu faktor isə yaxın gələcəkdə Nardaranın normal inkişafı üçün mühüm hökumət proqramlarının həyata keçirilməsinə yol açacaq. Nardaranda suveren Azərbaycan qanunları və hüquqi nizam prinsipləri ilə deyil, hansısa başqa ölkənin ideologiyası və yaxud orta əsr dövrünün şəriət qaydaları ilə hərəkət edən "səlahiyyətlilər" dünyəvi dövlət modeli qarşısında təslim olmağa məcburdurlar. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan hakimiyyəti prosesi cilovlamaq üçün nəinki Nardaran, eyni zamanda, Gəncə və digər ərazilərdə də cinayətkar yuvasına dəstək verməyə çalışan şəbəkəyə qarşı genişmiqyaslı tədbirlər həyata keçirərək, Tale Bağırzadə dəstəsinin cinayətkar üzvlərini ifşa edib. Təhlükəsizliyin tam təmin olunması istiqamətində silahlı qüvvələr və polis orqanlarından istifadə olunub və bu güclər Azərbaycan qanununun aliliyini qətiyyətlə, iradə nümayiş etdirməklə bərqərar ediblər. Bir sözlə, Nardaran Azərbaycanın idarəçiliyinə qaytarılıb, bölgədə qanunlar bərpa olunub. Bundan sonra isə heç bir xarici qüvvə bir daha ölkəmizdə hərc-mərclik, pozuculuq göstərmək iqtidarında olmayacaq. Çünki Azərbaycan xalqı da bu məsələdə məhz arxalandığı, güvəndiyi Azərbaycan hakimiyyəti ilə çiyin-çiyinə dayanıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər