Növbəti istefa dalğası gözlənilir
Bu gün Müsavat partiyasındakı atmosferə diqqət yetirdikdə bir daha şahid olursan ki, hazırda orada çox biabırçı ab-hava hökm sürür, daha dəqiq desək, həyasızlığın son həddi höküm sürür. Soruşa bilərsiniz nəyə əsaslanıb belə deyirsiniz? O zaman "demokrat" Müsavat "liderlərinin" müsavtçıların hüquqlarına sədd qoyurlar. Bunu "bilmədən özünü yandırmaq" da adlandırmaq olar, türklər demiş, "danışdıqca batmaq" da. Belə ki, partiyanın divan üzvü Nemət Kərimli diqqətçəkən açıqlamalarla yenidən partiyasını "gündəmə" gətirərək bildirib ki, partiyadaşları nizamnaməyə əsasən cəzalandırılacaqlar - partiya onları ya qova, ya töhmət verə, ya da xəbərdarlıqla kifayətlənə bilər. Bildirib ki, partiya üzvləri İltizam Əkbərli və Tural Abbaslı Müsavatın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına əməl etməyib: "Nizamnamədə nəzərdə tutulur ki, hər hansı üzv partiyanın qərarına tabe olmursa, ya partiyadan çıxarılır, ya töhmət verilir, ya da xəbərdarlıq olunur. Bu baxımdan onlar partiyadan qovula, ya da onlara töhmət verilə bilər".
Tural Abbaslı: "Müsavat partiyası o qədər gülünc və nüfuzsuz duruma düşüb ki, sözünü heç sıravi üzvlərinə də eşitdirə bilmir"
Bu haqda fikrilərini bölüşən Tural Abbaslı bildirib ki, o vaxt seçkidən geri çəkilmək üçün heç bir ciddi əsasın olmadığını söyləmişdim və seçkidə iştirak səbəbini daha tutarlı səbəblərlə əsaslandırmışdım: "Dedikləri partiyanın boykot qərarından sonra namizədliyini geri götürməyən şəxslərə aiddir. Mən namizədliyimi Müsavat partiyasından verməmişəm, şəxsi təşəbbüsümlə irəli sürmüşəm. Buna Arif Hacılının rəqiblərinin təmizlənməsi prosesi kimi baxıram. Bu, həmin rəhbərlikdir ki, Vurğun Əyyubu - 4 nəfər özək üzvdən biri olan şəxsi sifarişlə partiyadan qovdurub. Fikir verin, qurultayda Arif Hacılıya rəqib olmuş üç namizəddən ikisi artıq qovulub. Belə düşüncə sahibindən hər şey gözləmək olar. Amma qeyd etdiyim kimi, nizamnaməyə uyğun qərar verilsə, mənə qarşı heç bir addım ata bilməzlər. Buna hüquq və ixtiyarları çatmır. Belə gülünc davranışlar ölkədə demokratiya yaratmaq istədiyini iddia edən partiyaya yaraşmır. Bu gün partiya vacib olan məsələlrdən yan keçrək, durub kimisə partiyadan qovmaq barədə müzakirələr aparır, bəsit məsələlərlə məşğul olurlar. Buna ancaq təəssüf edirəm. Çünki Müsavat partiyası o qədər gülünc və nüfuzsuz duruma düşüb ki, sözünü heç sıravi üzvlərinə də eşitdirə bilmir. Üzvlər faktiki olaraq, partiya qərarlarına tabe olmur, özləri bildikləri yolla gedirlər. Bunun isə yeganə səbəbi partiya rəhbərliyinin kifayət qədər nüfuza sahib olmamasıdır. Keçən il baş tutan qurultaydan sonra hələ də partiyadaxili sabitlik, razılıq əldə olunmayıb və üzvlər hələ də Arif Hacılının başqanlığı ilə barışa bilmirlər. Bildiyiniz kimi, xeyli sayda üzv belə mövqeyinə görə partiyadan uzaqlaşdırıldı, bir qismi isə özü etiraz edib yollarını onlardan ayırdı. Partiyadan getməyin çıxış yolu olmadığını düşünənlər isə orada qalsa da, faktiki olaraq, rəhbərliyə tabe olmurlar. Bu isə o deməkdir ki, guya ayaq üstə qalmağı bacardığını göstərən partiyada durum düşündüyümüzdən də pisdir. Qəbul olunan qərarlar kağız üzərində qalır. Son faktlar partiyada anarxiyanın olduğunu deməyə əsas verir. Əgər bir qurumda rəhbərliyə tabeçilik müşahidə olunmur, hərə öz bildiyi qərarı icra edirsə, ona partiya demək olarmı?"
Qabil Hüseynli: "Müsavatda hazırkı vəziyyətin yaranmasının səbəbi partiya başındakı bəzi liderlərin reallığı düzgün qavraya bilməməsi və həddi-hüdudu bilinməyən ambissiyalarıdır"
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli bildirib ki, Müsavatda hazırda cərəyan edən hadisələrin kökü qurultayda qoyulub: "Partiya üzvlərinin bir hissəsi hesab edir ki, qurultayda müəyyən səhvlərə yol verilib, nümayəndələrin bəzilərinin səlahiyyətləri legitim deyil. Bu səbəbdən də onlar qurultayın nəticələrini qəbul etmirlər. Bunun ardınca partiya sıralarından qopmalar başladı. Həm də istefasını mətbuata yaymadan sakitcə başını aşağı salıb gedənlərin də sayı az olmadı. Ardınca təşkilatda fraksiyalaşma prosesi başladı. Qubad İbadoğlunun rəhbərliyi ilə böyük bir qrup partiyadaxili fraksiya yaratdı. Bunun ardınca da, həmin fraksiyaya daxil olanlar, onun əleyhinə olanlar və onlar arasında orta mövqe tutan üç qrup arasında mübarizə başladı. Bu mübarizə prosesində faktiki olaraq partiyaya rəhbərlik edənlər Qubad İbadoğlunun rəhbərlik etdiyi adamlara qarşı müəyyən repressiya tədbirlərinə əl atdı. Onlar partiyadan çıxarıldı. Bu isə meydanı daha da qızışdırdı. Növbəti qopmalar isə, seçkiərəfəsi və seçkidən sonra başladı. Məsələni sakitcə oturub həll etmək, problemləri birgə oturub müzakirə etmək əvəzinə qarşıdurma taktikasını seçdilər və bu taktika sürətlə dairəsini genişləndirərək, partiyanı zəiflədən bir prosesə çevrildi. Bu gün partiyadan qopmalar, istefa kimi hadisələr təşkilatı zəiflətməkdə, onun gücünü azaltmaqdadır. Nəticə etibarı ilə hadisələrin gedişi artıq qarşısıalınmaz prosesə çevrilib və son nəticədə, Müsavatın cəmiyyətin ən zəif partiyalarından birinə çevrilməsinə gətirib çıxaracaq ki, bunun yaranmasının əsas səbəbi partiya başında duran bəzi liderlərin reallığı düzgün qavraya bilməməsi, həddi-hüdudu bilinməyən ambisiyalarıdır".
Rəfiqə HÜSEYNOVA