PDF Oxu

Müxalifət

  • 1 902

Dövlətimiz və xalqımız birinci dəfə bu cür hallarla qarşılaşmayıb

image

Azərbaycan dövləti bu qaragüruhçu qüvvələrin payını yetərincə və yerindəcə verdi

Artıq kimsəyə sirr deyil ki, Nardaranda vəziyyətin bu həddə gəlib çatmasında xarici qüvvələrin də əli var. Təkcə İran parlamentinin xarici əlaqələr komissiyasının sədr müavini Mənsur Həqiqətpurun təxribatçı xarakterli çıxışı zamanı onun nardaranlılara dövlətə qarşı müqavimət göstərmələri barədə etdiyi çağırışı da məhz bu cür qənaətə gəlməyə zəmin yaratmış olur. Daha bir məsələ isə İranın Ərdəbil şəhərində Nardaran hadisələrində "Müsəlman Birliyi Hərəkatı" adlı qaragüruhçu təşkilatın "xəlifəsi" Tale Bağırzadənin dövlət çevrilişinə cəhdində yaxından iştirak edən, nəticədə hüqiq-mühafizə orqanlarına qarşı silah işlətdiklərinə görə, cavab atəşi ilə məhv edilən şəxslərə aid fotoşəkillərin böyük stendlərdə quraşdırılmasıdır. Hətta həmin stenddə fotoları yerləşdirilən terror təşkilatının məhv edilmiş üzvlərinə "şəhid" (?!R.N.) adı da verilib. (şəkilə bax - R.N.) Bütün bunların isə heç də təsadüfi olmadığı bir daha öz təsdiqini tapmaqdadır.

Azərbaycana qarşı belə oyun oynayanlar, eyni zamanda Qarabağ məsələsində işğalçı rejimin, "DQR" separatçılarının mövqelərinə açıq dəstək göstərirlər

Bu baxımdan, qeyd etmək yerinə düşərdi ki, Mənsur Həqiqətpur kimiləri Nardaranla bağlı verdikləri açıqlamalarla oradakı ekstremistlərin arxalarında məhz şiəlik, islam pərdəsi arxasında çirkin panfarsizm siyasəti yürüdən "ayətullahlar" dayandığını həyasızcasına etiraf edir. Biz əminliklə deyə bilərik ki, bu gün Azərbaycana qarşı belə oyun oynayanlar, eyni zamanda Qarabağ məsələsində də işğalçı rejimin, "DQR" separatçılarının mövqelərinə açıq dəstək göstərirlər. Belə olan təqdirdə, biz haqlı şəkildə belə ürəkbulandırıcı qüvvələrə qarşı üzümüzü tutub deməliyik - əgər siz həqiqətən islam təəssübkeşlərisinizsə, həmin çevrələrin maraqlarına cavab verən hərəkətlər etməməli, bəyanatlar səsləndirməməlisiniz!

Ancaq daha bir bəlli məqam güclü, qüdrətli və müstəqil Azərbaycanın Yaxın Şərqə çevrilməsini planlayanlarla bağlıdır. Yəni Nardaran hadisələrini törədənlər birmənalı olaraq Azərbaycanı fəlakətlərə sürükləmək və onu Yaxın Şərqdəki ərəb ölkələrindən birinə çevirmək istəyənlərdirlər. Çünki inkişaf edərək dünyada söz sahiblərindən birinə çevrilən, regional və beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında bilavasitə iştirakçı olan Azərbaycanı sıradan çıxarmaq niyyətindədirlər. Onlar belə hesab edirdilər ki, istəklərinə nail olduqdan sonra Azərbaycanın bütün sərvətlərinə sahib çıxacaq, onu daşıyıb istədikləri məntəqələrə aparacaqlar. Lakin yanıldılar. Azərbaycan dövləti bu qüvvələrin payını yetərincə, özü də çox kəskin şəkildə verdi. Sübut olundu ki, bizim ölkəmizin təməlləri olduqca möhkəm əsaslara söykənir.

Tale Bağırzadənin Əlikram Hümbətovdan heç bir fərqi yoxdur

Onu da xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan dövləti, Azərbaycan xalqı birinci dəfə bu cür hallarla qarşılaşmayıb. Məsələn, ölkəmiz yenicə müstəqilliyini əldə etdikdən və itirilmək təhlükəsindən qurtulduqdan sonra xarici qüvvələrin əli ilə bənzər hadisələr yaşanmışdı. Ölkəmizin cənubunda "Talış-Muğan Respublikası", Şimalında "Sadval" Respublikası kimi separatçı qurumlar yaratmağa cəhd edirdilər, bir tərəfdən də Ermənistan torpaqlarımızı işğal edirdi. Ayrı-ayrı adamlar Azərbaycandakı digər millətlər arasında da nifaq toxumu səpməkdə idilər. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün bunların qarşısı alındı, xaricdən idarə olunan sapı özümüzdən olan baltaların planları puç oldu, Azərbaycanın unitarlığı qorunub saxlandı. Bu gün Tale Bağırzadənin hazırda ermənilərlə iş birliyində olan, Yerevanda erməni dostları ilə yeyib-içən, sonra da "DQR"-də "talış dilində radio" açan Əlikram Hümbətovdan heç bir fərqi yoxdur. Çünki belə bir məkrli planın reallaşdırılması üçün anti-Azərbaycan qüvvələrin bütün resurslarından, o cümlədən dünyadakı erməni lobbisinin imkanlarından, həmçinin Azərbaycan daxilindəki antimilli ünsürlərdən geniş istifadə edilir. Həmçinin, Azərbaycanda vəziyyəti islam pərdəsi altında gərginləşdirməyə çalışan xarici qüvvələrin bilavasitə erməni lobbisi ilə də iş birliklərinin olması şübhəsizdir!

Ancaq şükürlər olsun ki, məkrli, çirkin niyyətlərin qarşısı zamanında alındı və Azərbaycan dövləti, əslində bütün dünyaya sübut etdi ki, nə erməni lobbisinin milyardlarla pulları, nə də qondarma islamçıların "ideologiyaları" ayaq tutub, yeriyən deyil. Bu, artıq sübut olunub. Sübut olunub ki, Azərbaycanda hakimiyyət və xalq birliyi əbədi və dönməzdir.

Rövşən NURƏDDİNOĞLU

P.S. Ərdəbildə cinayətkarları "şəhid" kimi sırımağa çalışanlar isə gözlərini açıb Xocalı qətliamına nəzər salıb utansınlar! Xocalı soyqırımında öldürülən uşqalarımızın, qız-gəlinlərimizin şəkillərini bu cür stendlərdə yerləşdirməyə isə onların QEYRƏT və ŞƏRƏFLƏRİ çatmır! Çünki doğru müsəlman olsaydılar, ən azından bunu edərdilər...

Digər xəbərlər