Yeni yaranan "Ağ Partiya" müsavatçılıq prinsipi ilə Müsavat partiyasına alternativ olacaq
Hələ ki, Müsavatın üzvü kimi qalan partiyanın sabiq divan üzvü Tural Abbaslı növbəti dəfə başqan Arif Hacılını hədəfə alaraq onu ittiham edib. Belə ki, Müsavatın qurultayında A.Hacılının başqan seçilməsindən üzü bu yana partiyadaxili məsələlərə qarşı tənqidi çıxışlar edən T.Abbaslı artıq onunla Müsavat arasındakı körpülərin tamamilə yandığını etiraf edir. Hətta, o, müsavatçılıq prinsiplərinə sadiq qalacağını istisna etməyərək, Müsavat partiyasına alternativ partiya yaradacağını bəyan edib. Parlament seçkilərində "Ağ blok" yaradaraq siyasi fəaliyyətini bir qismini orada gerçəkləşdirən Abbaslı hazırda həmin bloku "Ağ Partiya"ya çevirmək niyyətindədir.
Narazı müsavatçı: "Müsavatda proseslərə təsir imkanları kifayət qədər itirilib"
Beləliklə, artıq Müsavatın ictimai rəyə təsir imkanlarının olmadığını deyən sabiq divan üzvünün sözlərinə görə, narazılıqların artan xətt üzrə davam etməsi və bunun fonunda səslərini qaldıran istənilən şəxsin dərhal təşkilat daxilindən qovulması daha kəskin durum yaradacaq. Abbaslının fikrincə, hətta A.Hacılıya inananlar belə artıq ondan üz döndərməyə başlayıblar. Sitat: "Dünənə qədər indiki rəhbərliyə inananların xəyal qırıqlığına düşməsi kimi faktlar partiyanı zəif hala salıb. Narazılıq xeyli çoxdur. Artıq proseslərə təsir imkanları itirilib. Əgər narazılıqların aradan qaldırılması üçün real addımlar atılmasa, Müsavat sıradan bir partiyaya çevriləcək".
"Müsavatda, əsasən, Arif Hacılını arzu və istəkləri üzərindən siyasət izlənilir"
Düzdür, T.Abbaslı hələ də bir barmaq barışıq yeri saxlamağın tərəfdarı olduğunu da gizlətmir. Ancaq qarşı tərəfin etirazçılara qarşı sərgilədiyi sərt mövqe həmin amili də aradan qaldırır. Yəni barışmaq istəyənlər artıq bu mövqelərindən də əllərini üzməyə başlayıblar.
T.Abbaslı əlavə edib ki, hətta rəhbərlikdə olanlar, xüsusilə başqan müavinləri və partiyanın mərkəzi icra aparatının sədri Gülağa Aslanlı, Müsavatın məclis üzvləri A.Hacılının siyasi iradəsindən asılı duruma düşüblər: "Müsavatda, əsasən, A.Hacılını arzu və istəkləri üzərindən siyasət izlənilir. Odur ki, barışıq mühiti yaratmaq üçün bu komandanın əksəriyyətinin siyasi iradəsinin olmasına gərək qalmır. A.Hacılının siyasi iradəsi ortaya qoyulmalıdır. Lakin o da hələlik bu fikirdə deyil və barışıq mühiti yaratmaq istəmir. Böyük ehtimalla düşünür ki, güclü Müsavatı idarə etmək indiki Müsavatı idarə etməkdən daha çətin olacaq".
"Arif Hacılının özünün İsa Qəmbərlə nə dərəcədə məsləhətləşməsi şəxsən mənə maraqlı da deyil"
Abbaslı digər müsavatçılar kimi, partiyanın mövcud acınacaqlı vəziyyətə düşməsində yalnız sabiq başqan İsa Qəmbəri günahkar hesab etmir. Onun əsas ittiham xətti bilavasitə A.Hacılı üzərində qurulub. Sitat: "Əgər biz siyasi fəaliyyətlə məşğuluqsa, kimlərisə mənəvi baxımdan suçlaya bilmərik. Fakt odur ki, bir ildən çoxdur Müsavata Arif Hacılı rəhbərlik edir. İ.Qəmbər isə Müsavatda 120 məclis üzvündən biridir. Faktiki rəhbərlik A.Hacılının əlindədir. Bu gün Müsavatın uğurları da, məğlubiyyəti də, zəifləməsi də A.Hacılının ayağına yazılacaq. A.Hacılının özünün İ.Qəmbərlə nə dərəcədə məsləhətləşməsi şəxsən mənə maraqlı da deyil. Reallıq odur ki, Müsavatın bu duruma düşməsinin səbəbkarı A.Hacılının özüdür".
Göründüyü kimi, Müsavatdakı olaylar partiyanın düşdüyü böhrandan çıxa bilməməsini aşkar şəkildə sərgiləyir. Ancaq son zamanlarda növbəti istefaların baş qaldırması ehtimalının artması A.Hacılını mat vəziyyətinə doğru sürükləyir. Xüsusilə, T.Abbaslının tərəfdar baxımından üstünlük təşkil etməsi, eyni zamanda onun "Ağ Partiya" yaratmaq barədə gəldiyi qəti qərarı, həmçinin bu partiyanın məhz müsavatçılıq prinsiplərinə söykənəcəyini bəyan etməsi Müsavat partiyasının sıradan çıxması ilə nəticələnəcək. Artıq bu faktorun reallaşması şübhə doğurmamaqdadır.
Rövşən RƏSULOV