"O, ağlı başında olaraq partiyanı sıradan çıxardı"
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daxilində davam edən qarşıdurmaların yeni mərhələyə qədəm qoymasının başlıca amillərindən biri də məhz Razi Nurullayevin adı ilə bağlıdır. Artıq kimsəyə sirr deyil ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-yə alternativ AXCP yaradan və qurultay keçirən R.Nurullayev bu problemi birdəfəlik həll etmək üçün məhkəməyə müraciət edib. Hələlik, qəti qərar olmasa da, yaxınlarda rəsmi məlumatın, yaxud da qərarın veriləcəyi gözlənilir.
Alternativ AXCP-nin sədri R.Nurullayevin fikrincə, real Cəbhənin onun adına veriləcəyindən narahat deyil: "Ədliyyə Nazirliyinin cavabı və qarşıda duran məhkəmə ilə bağlı heç bir narahatçılığımız yoxdur. Partiya quruculuğumuz davam edir. Gördüyümüz işlər göz qabağındadır. Siyasi fəallığımızı davam etdiririk."
AXCP-yə qarşı alternativ AXCP-nin təsis olunması qaçılmaz oldu
R.Nurullayev əlavə edib ki, qanunvericiliyin imkan verdiyi müddəalar əsasında irəli sürdükləri iddiaya nail olacaqlar: "Biz inanırıq ki, nə qədər ağır olsa da, məhkəmə prosesini uğurla aparacağıq. İstədiyimizə nail olacağıq. Buna zərrə qədər şübhəmiz yoxdur. Deyilən məsələlərin heç biri bizdə narahatçılıq yaratmır. Üzləşdiyimiz bəzi problemlərlə yanaşı ciddi uğurlarımız da var...Artıq fəaliyyətimizdən sonra cəmiyyət qəbul edib ki, siyasət yenilənməlidir.
Alternativ Cəbhənin sədri Ə.Kərimlini ittiham edərək bildirib ki, qarşı tərəf bilə-bilə, ağlı başında ola-ola AXCP-ni məhvə doğru sürükləyib: "...Partiyanın zəifləməsini və sıradan çıxmasını Razi Nurullayev təşkil etmədi. Onu Əli Kərimli bilərəkdən, ağlı başında olmaq düşüncəsi ilə vermiş oldu..."
Əslində, görünən budur ki, Ə.Kərimli AXCP-ni gah Qərbyönümlü, gah şimalyönümlü, gah da dini radikalizm yönümlü istiqamətdə idarə edərək, ortaya qoyduğu məqsədlərini reallaşdırmağı bacarmadı. Xarici qüvvələrlə iş birliyinə gedən Ə.Kərimli bununla düşdüyü ağır vəziyyətini daha da çıxılmaz duruma doğru sürüklədi. Nəticədə, AXCP-də parçalanmalar yaşanmağa başladı ki, sonda AXCP-yə qarşı alternativ AXCP-nin təsis olunması qaçılmaz oldu.
İstefa verənlərdən fərqli olaraq, Əli Kərimli sədrlikdən getmək istəmir
Razi Nurullayev Əli Kərimlidə istefa mədəniyyətinin olmadığını bildirib və deyib ki, ona qədər digər müxalifət partiya sədrləri uzun illər davam edən məğlubiyyətlərindən sonra getmək zorunda qaldılar. Sitat: "Müsavat partiyasında İsa Qəmbər başqanlıqdan getmişdi. Orada cəmiyyət kifayət qədər maraqlı seçki prosesinin şahidi olmuşdu. Ondan öncə Etibar Məmmədov istefa vermişdi. Lalə Şövkət partiyadan getmişdi. Bundan əlavə, 2013-cü ilin prezident seçkilərindən sonra Sərdar Cəlaloğlu sədrlikdən getmək istəmişdi. Artıq cəmiyyətə bu çağırış var idi. Buna baxmayaraq, görünürdü ki, Əli Kərimli sədrlikdən getmək istəmir. Hər bir zamanda onun sədrlikdə qalmasına qarşı çıxan şəxsləri də bir-bir partiyadan uzaqlaşdırmağa başladı. Bu proses partiyanı çökdürdü.
Beləlkilə, Əli Kərimlinin rəsmi şəkildə siyasi məhvə doğru sürüklənməsi vaxtı da dəqiqləşdirilib - dekabrın 28-i. Məhz həmin gün AXCP-nin rəsmi olaraq R.Nurullayev qanadının tanınması reallaşa bilər.
R.Nurullayev də bildirir ki, hüquqşünaslarımız prosesə ciddi hazırlaşırlar. Hətta onlar tərəfindən qaldırılan iddiayla bağlı başlanan məhkəmə çəkişməsi bir müddət davam edə bilər: "Yaxın bir neçə ayda bu məsələnin kökündən həllini gözləyirəm."
Beləlkilə, R.Nurullayevin iddiasında qərarlı olması, o cümlədən, Ə.Kərimli amilinin siyasi arenadan silməsi qərarında qətiliyi də belə deməyə əsas verir ki, ölkənin dağıdıcı və xəyanətkar müxalifət partiyası olan AXCP və onun sədri Ə.Kərimli yaxın zamanlarda tarixin arxivinə göndəriləcək. Bu, onun ölkəyə, dövlətçiliyə və xalqa qarşı törətdiyi xəyanət və satqınçılıqlarının bariz, məntiqi nəticəsidir.
Mübariz QULİYEV