PDF Oxu

Müxalifət

  • 2 281

Əli Kərimlinin müavini niyə həbs olundu?

image

"Nardaran hadisələrindən sonra Fuad Qəhrəmanlı daha aktiv şəkildə sosial şəbəkələrdə geniş təbliğat aparırdı, çağırış edirdi ki, insanlar dövlətə qarşı silah işlətsinlər"

Zaman-zaman dövlət əleyhinə təxribatçı çağırışlar edən, gəncləri müxtəlif vədlərlə dövlət əleyhinə qanunsuz aksiyalar keçirməyə sövq edən, ölkədə milli və din zəmində nifaq salmağa cəhdlər göstərən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı həbs edilib. Nəsimi Rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

F.Qəhrəmanlı dekabrın 8-də Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılarkən hələ onun konkret olaraq hansı cinayətdə ittiham olunduğu heç kimə bəlli deyildi. Ancaq AXCP sədri Əli Kərimli hadisəyə dərhal reaksiya verərək sosial şəbəkələrdə yazdı ki, Fuad Qəhrəmanlının hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil: "Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. Fuad bəyə qarşı hansı ittihamı irəli sürürlər-sürsünlər, aydındır ki, həmin ittiham saxta olacaq". Göründüyü kimi, Əli Kərimlinin statusu yalnız məlumatlandırmaq xarakterli deyil. O, hər ehtimala qarşı "ittiham saxta olacaq" deyə özünü də sığortalayır.

AXCP sədri Ə.Kərimli həbs olunan müavini Fuad Qəhrəmanlı barədə növbəti status yazıb. Mətn hakimiyyətə münasibətdə olduqca yumşaq hazırlanıb. Hiss olunur ki, Ə.Kərimli narahatdır və onun yazılı nitqində əvvəlki radikallıqdan əsər-əlamət qalmayıb. O, bu dəfə də şirin vədləri ilə həbs olunan insanları belə aldatmaqda "mahir lider" olduğunu göstərməyə cəhd edir. AXCP sədri həbs edilən müavininə "ümid" verir, onun gələcəkdə "mühüm dövlət adamı"nı olacağını vəd edərək bu dəfə də F.Qəhrəmanlını ailəsini ələ almağa çalışır.

Fuad Qəhərmanlının Nardaranda baş verən hadisədən sonra sosial şəbəkədə dindarları üsyana çağırdığına görə Baş Prokurorluğa aparıldığı ehtimal edilir. İlkin ehtimallara görə, F.Qəhrəmanlı "Müsəlman Birliyi Hərəkatı"nın Nardaran olaylarına görə həbs edilən rəhbəri Taleh Bağırzadənin işinə görə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət edilib. F.Qəhrəmanlı könüllü şəkildə ifadə verməkdən imtina etdiyi üçün saxlanılaraq Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb. Mənbənin bildirdiyinə görə, F.Qəhrəmanlının T.Bağırzadə ilə əlaqələrinin olub-olmaması araşdırılacaq. Qeyd edək ki, bundan öncə də mətbuatda AXCP təmsilçilərinin Taleh Bağırzadə ilə əlaqələrinin olması haqda xəbərlər yayılmışdı. Bildirilmişdi ki, bu münasibətlər rəsmi qaydada araşdırılacaq.

Politoloq Ülvi Məmmədov F.Qəhrəmanlının həbs olunmasına münasibət bildirib. O, qeyd edib ki, AXCP bir partiya olaraq daim təxribatçı mövqeyi ilə seçilib: "Ortada çox maraqlı bir nüans var. Nardaran hadisələrindən sonra Fuad Qəhrəmanlı daha da aktiv şəkildə sosial şəbəkələrdə geniş təbliğat aparırdı, çağırış edirdi ki, insanlar dövlətə qarşı silah işlətsinlər. Əgər F.Qəhrəmanlının kiminsə qarşısında öhdəliyi yox idisə, nə üçün Nardaran hadisəsindən sonra, daha radikal mövqe tutmağa, dindarları polislərə qarşı güllə atmağa səsləməyə başladı? Yəqin ki, onun çağırışları araşdırılacaq, istintaq öz qiymətini verəcək. Ancaq bu məsələdən ən çox mənfəət əldə etməyə çalışan Ə.Kərimli olacaq. Bu məsələ Ə.Kərimlinin qrantlarını artıracaq, cibinə axan çirkli pulların məbləği çoxalacaq. Hər halda cinayətkar öz cəzasını almalıdır, bunu da istintaq ortaya çıxaracaq".

Samir

Digər xəbərlər