Həbs növbəsi Əli Kərimli-Cəmil Həsənli cütlüyünündür!
Nardaranda baş verən məlum hadisələrdən bəhrələnərək xalqı üsyana və qiyama səsləyən Fuad Qəhrəmanlını onun ətrafı Əli Kərimli və s. AXCP üzvləri nə qədər təmizə çıxarmağa cəhd göstərsələr belə, istədikləri nəticəni əldə edə bilmirlər. Çünki ortada olan faktlar da belə deməyə əsas verir ki, Fuad Qəhrəmanlı hadisələr baş verən ərəfədə birdən-birə "dindara" çevrilərək Taleh Bağırzadənin müdafiəçisi rolunu oynayıb. Daha dəqiq desək, Bağırzadənin Nardaranda yerləşmiş ekstremist təşkilatının - "Müsəlman Birliyi Hərəkatı"nın planlarını dəstəkləyən Fuad Qəhrəmanlı sosial şəbəkədə müxtəlif qruplarda dövlət çevrilişinə çağırışlar edən fikirlər yazıb. Nəticədə, Əli Kərimlinin müavini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.
Maraqlı və düşündürücüdür ki, dəfərlərlə bu kimi qanunsuzluqlara yol verən Qəhrəmanlının bu əməlləri öz təsdiqini tapdığı halda, Əli Kərimli və Cəmil Həsənli cütlüyü qara-qışqırıq salıb, guya onun günahsız olduğunu sübut etməyə çalışırlar. Halbiki ortada Fuad Qəhrəmanlıya bəraət qazandıracaq, yaxud da alibi verəcək heç bir dəlil yoxdur.
Hansı ölkənin qanunuda yazılıb ki, hər hansı bir qüvvə dövlət çevrilişinə cəhd edərsə, dövlət də buna göz yummalıdır?
Daha bir məqam isə guya hakimiyyətin Fuad Qəhrəmanlını həbs etməməsi gərəkliyi barədə irəli sürülən iddialardır. Məsələn, Cəmil Həsənli "Milli Şura"nın adından bəyanat verərək deyib ki, "Bu həbs hakimiyyətin AXCP-yə, özünün siyasi müxalifətinə düşmən münasibətinin daha bir bariz nümunəsidir" (?!-R.N.). Gülünc iddiadır, deyilmi? Necə ola bilər ki, sən aşkar şəkildə dövlət maraqlarına qarşı çıxış edəsən, xarici qüvvələr tərəfindən ölkədə radikal dini zəmində çaxnaşma yaratmağa cəhdlər törədəsən, vətəndaşları itaətsizliyə çağırasan, xalqın və dövlətin mənafeyini qoruyan hakimiyyət də sənin bu kimi davranışlarına qarşı tədbir görməyə? Ümumiyyətlə, bu barədə hansı ölkənin qanunuda yazılıb ki, hər hansı bir qüvvə dövlət çevrilişinə cəhd edərsə, dövlət də buna göz yummalıdır? Artıq burada Cəmil Həsənlinin iddia etdiyi kimi "Milli Şura", yaxud da AXCP müxalifət rolunu deyil, bilavasitə müxalifətçilik pərdəsi altında düşmənçilik rolunu oynayır! Azərbaycan hakimiyyəti isə bütün mənalarda xalq və dövlətçilik maraqlarını qorumağa cavabdehlik daşıyır ki, bu cavabdehlik də qanunlarla tənzimlənir.
AXCP sədrinin müavininin dövlətçilik əleyhinə xarici qüvvələrlə işbirliyində olan Taleh Bağırzadə və dəstəsinin yanında olması təkzibolunmaz faktlarla öz təsdiqini tapır
Diqqət yetirin, sözügedən bəyanatda daha sonra qeyd olunur ki, guya hakimiyyət Fuad Qəhrəmanlını və onun vasitəsi ilə AXCP-ni, eləcə də AXCP-nin təmsil olunduğu "Milli Şura"nı Nardaranda baş verənlərlə əlaqələndirmək, onların hansısa cinayətə dəstək verdiyi təəssüratını yaratmaq istəyir və s. Göründüyü kimi, bunlar ortada kifayət qədər dəlillər ola-ola həmin dəlillərə aid olmadıqlarını dəridən-qabıqdan çıxaraq "isabatlamağa" səy göstərirlər. Yaxşı, tutaq ki, Əli Kərimli və Cəmil Həsənlinin dediyi kimidir. Bəs onda Fuad Qəhrəmanlının facebookdakı çağırışları nədir? Həmin çağırışların bir neçəsinə diqqət yetirək və nəticə çıxaraq. Məsələn, Fuad Qəhrəmanlının Nardaran hadisələrindən sonra facebook səhifəsində paylaşdığı "Haradadır İmam Hüseyn üçün ağlayıb Yezidi lənətləyənlər?" başlıqlı yazıda AXCP sədrinin müavini dindarları ayağa qalxmağa, dövlət çevrilişinə səsləyib. O, hətta dini kəsimi Taleh Bağırazdəni meydanda tək buraxmaqda ittiham edib.
Fuad Qəhrəmalı onun qədər cinayət məsuliyyətini bölüşən sədri Əli Kərimlinin səhifəsində də açıq şəkildə dövlətin Nardaranda məskunlaşan terrorçu dəstənin zərərsizləşdirilməsindən narahatlığını ifadə edib. Fuad Qəhrəmanlı şərhlərində "Müsəlman Birliyi Hərəkatı" və qeyri-konstitusion yolla dövlət çevrilişinə hazırlaşan ekstremisləri dəstəklədiyini açıq-aşkar ifadə edib. Beləlkilə, AXCP sədrinin müavininin dövlətçilik əleyhinə xarici qüvvələrlə işbirliyində olan Taleh Bağırzadə və dəstəsinin yanında olması təkzibolunmaz faktlarla öz təsdiqini tapır. Cərəyan edən hadisələr, eyni zamanda onu da deməyə əsas verir ki, AXCP rəhbərliyi siyasi mübarizə ilə hakimiyyətə gələ bilmədiyini dərk etdikdən sonra, yəni xalqın onlara dəstək vermək fikrində olmadığını gördükdən sonra terrorçularla əlbir olub, dövlət çevrilişi yolu ilə iqtidara gəlmək qərarını veriblər. Ancaq yerindəcə, dərhal aparılan operativ əməliyyatlar nəticəsində radikal müxalifətin, o cümlədən, radikal dini ejstremist təşkilatının bu iyrənc niyyətləri ifşa olundu.
Fuad Qəhrəmanlı yalnız Nardaran hadisələri zamanı deyil, ondan öncə də xalqı itaətsizliyə çağıraraq, dövlətə qarşı radikal addımlar atmağa səsləyib
Bu faktoru da əsas götürərək, Cəmil Həsənli-Əli Kərimli cütlüyünün bəyanatlarının yersiz olduğu məlum olur. Yəni onların iddia etdiyi kimi, Fuad Qəhrəmanlı dinc, qanunlar çərçivəsində xalqı küçələrə səsləməyib.
Yeri gəlmişkən, əslində Fuad Qəhrəmanlı yalnız Nardaran hadisələri zamanı deyil, ondan öncə də xalqı itaətsizliyə çağıraraq, dövlətə qarşı radikal addımlar atmağa səsləyib. Elə də uzağa getməyərək, onun V çağırış Milli Məclisə seçkilərin keçirildiyi 1 noyabr tarixli statusunda bunu görmək mümkündür. AXCP və "Milli Şura" rəsmisi yazır ki, "xalq seçki yolu ilə hakimiyyəti dəyişmək hüququndan məhrum edilib. Deməli, ölkəmizdə demokratik dəyişikliklərin yolu, saxta seçkilərdən yox, xalqın meydana çıxaraq davamlı və kütləvi etiraz aksiyaları keçirməsindən keçir" (??!!-R.N.).
Dəyərli oxucular, məgər bu fikirlərin hər biri özü-özülüyündə hər şeyi tam çılpaqlığı ilə sübuta yetirmirmi? Təbii ki, bu, belədir. Lakin sadəcə Taleh Bağırzadə, ya da Fuad Qəhrəmanlı ilə kifayətlənmək də olmaz. Bu gün onların hər ikisini - Bağırzadə və Qəhrəmanlını müdafiə edən, bununla da onun dövlət çevrilişinə qarşı çıxmağa səslənən fikirləri dəstəklədiklərini gizlətməyən Əli Kərilmi, Cəmil Həsənli də qanun qarşısına çıxıb, cavab verməyə məhkumdurlar. Çünki onların hər ikisinin Taleh Bağırzadədən, Fuad Qəhrəmanlıdan heç bir fərqləri yoxdur.
Rövşən NURƏDDİNOĞLU