Yaxud Dövlət Departamentinin "Azadlıq"dakı gözəgörünməz təmsilçisi
Bəlli olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə davamlı olaraq dövlət çevrilişinə çağırışlar etdiyinə görə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (dini, irqi, sosial, nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb. Ümumiyyətlə, Əli Kərimlinin müavini istər Nardaran hadisələri ilə bağlı, istərsə də parlament seçkiləri ərəfəsində insanları küçələrə çıxmağa, dövlətə qarşı mübarizə aparmağa səsləyib. Lakin o, həbs olunar-olunmaz sədr müavini olduğu AXCP rəhbərliyi, o cümlədən, "Milli Şura"nın sədri Cəmil Həsənli ortada kifayət qədər dəlil-sübutların olmasına rəğmən, səs-küy qaldırır, müəyyən xarici dairələrin diqqətini özlərinə cəlb etməyə cəhdlər göstərirlər. Bu da baş verməyəndə, özlərindən uydurmalar, siyasət nağılları düzəldib ictimai rəyə sırıyırlar. Təbii ki, normal düşüncəli insanlar onları ciddi qəbul etmir və əslində, üzə çıxan yalanları daha çox ifşa olunur. Bütün bunların da, əlbəttə ki, sübutu var.
Vəkilin sadaladığı "absurdların" hər biri özü-özülüyündə real absurda çevrilir
Məsələn, Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, Fuad Qəhrəmanlı "facebook"dakı statuslarında, sadəcə, ümumiləşdirilmiş formada qanunsuzluğa yol vermiş məmurları tənqid edib (?-R.R.). Maraqlıdır, biz F.Qəhrəmanlının statuslarında məmurlara qarşı yönələn hər hansı bir çıxışı deyil, bilavasitə, dövlətçilik maraqlarına qarşı çıxışlarının şahidi oluruq. İstər dini, istərsə də digər istiqamətlərin hər birində qaba ifadə etsək, "Çıxın çölə və dövlətə qarşı qiyam qaldırın" tərzini görərik. Ona görə də F.Qəhrəmanlının vəkilinin "ümumiləşdirilmiş məmurların tənqid olunması" iddiası, ümumiyyətlə, ortada görünmür.
Dövlət Departamenti, iki nöqtə və filan-behməkan...
Maraqdoğurucu daha bir nüans isə "Azadıq" qəzetinin, o cümlədən dağıdıcı müxalifətin daha bir informasiya mənbəsi olan "Turan"ın çox sevdiyi "ABŞ Dövlət Departamenti" məsələsi üzərində dayanmasıdır. Biz dəfələrlə şahidi olmuşuq ki, dağıdıcı müxalifət nümayəndələri keçirilən icazəsiz aksiyalarda, küçə yürüşlərində həbs olunarkən, "Azadlıq" qəzeti və "Turan" informasiya agentliyi dərhal həmin həbsləri işləyən xarici təşkilatların "bəyanatları"nı yayır. Bu dəfə də belə olub. Məsələn, "Azadlıq" qəzeti guya "Turan"ın Vaşinqton müxbirinə Dövlət Departamenti rəsmilərindən birinin Fuad Qəhrəmanlı ilə bağlı "sərt bəyanat" səsləndirdiyini yazır. Amma həmin adamın kim olduğu, Departamentdə hansı məzhəbə qulluq etdiyini bildirmir. Niyə, əcəba? Bəlkə ABŞ Dövlət Departamentinin əməkdaş ştatında gözəgörünməzlər də çalışır?
Məsələyə daha yaxın olaq. Misal üçün, adı-soyadı, izi-tozu bəlli olmayan Departament işçisi "deyib" ki, sən demə, "Fuad Qəhrəmanlının həbsi onun ifadə azadlığı hüququndan yararlanması ilə əlaqədardır". "Azadıq" da bu xəbəri çıxarıb başlığa və həmin ifadənin qarşısında yekə-yekə yazıb - Dövlət Departamenti, iki nöqtə və filan-behməkan (??!!-R.R.).
Belə çıxır ki, Departamentdəki mənbə elə anadangəlmə adsızıymış...
Beləlkilə, biz bir daha görürük ki, F.Qəhrəmanlının qaçmağa yeri olmadığı kimi, Ə.Kərimlinin də "Azadlıq"da yazdırmağa sözü qalmayıb. Yəni irəli sürülən "alibilər"in hər biri absurdluğa, yalana və ictimai rəyi çaşdırmağa yönəldilib. Bu cür gülünc vasitələrlə isə hər hansı bir günahsızlığı sübut etmək olmaz.
Rövşən RƏSULOV