ACP-nin keçmiş lideri Rəsul Quliyev parlament seçkilərindən sonra özünün də mənsub olduğu müxalifət düşərgəsini aşağılayıb. O, ölkə müxalifətini müqəvvaya bənzədərək bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də xalq müqəvva müxalifətə dəstək ola bilməz və bilmədi də: "Kimə dəstəkdən söhbət gedir? Xalq müxalifətə müqəvva kimi baxır. Məgər mən müqəvvaya dəstək verə bilərəmmi?! Çünki seçici müxalif partiyanın adını eşidən kimi gözünün qabağında onun boş-boş danışan lideri canlanacaq".
R.Quliyev, xüsusilə Müsavatın hazırkı başqanı Arif Hacılını tənqid edərək, onun nəinki başqan, heç müavin olmaq potensialının da olmadığını deyib: "Bir halda ki, İsa Qəmbər başqan odasını özündə saxlayıb, istədiyi vaxt Müsavatın qərargahında toplantı keçirirsə, belə olan halda Arif Hacılı kimdir? Cavab bəllidir - müqəvva. Necə deyərlər, fakt ortadadır və olduqca kobud görünür. Müsavatda başqan dəyişib, İsa Qəmbər dönəmi bitməyib. Müsavatda baş verən son olaylardan sonra partiyanın sıravi üzvlərinin halına acıyıram. Sözün əsl mənasında, mənim Müsavatın sıravi üzvlərinə yazığım gəlir, bir ambisioz insana görə partiyalarını itirirlər. R.Qulieyvin sözlərinə görə, bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışa bilərlər: "Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar, çünki başqa iş bilmirlər, çünki çörəkləri ondan çıxır. Bu tip insanlara istənilən real və konkret iş tapşırılsa, o iş dağılacaq, çünki insan ancaq danışmaqda, ona-buna böhtan atmaqda pərgardır. Belə tip adamlara demokratiya uğrunda mübarizə aparıb qələbə çalmaq tapşırılsa, aydın məsələdir ki, o ölkədə demokratiyanın vəziyyəti necə olmalıdır. Bu adamlar kiminsə atdığı və real nəticə verən işlərini öz adına çıxmaqda ustadıdırlar".
R.Quliyev Azərbaycanda müxalifət deyilən heç bir şeyin olmadığını, özünü müxalifət adlandıranların olduğunu vurğulayıb: "23 ildən çoxdur xəyallarala yaşayırlar. Özünü müxalifət adlandıranların düşərgəsində yenidən hər şey pozulub, pozulacaq da. Mümkün deyil ki, 23 il müddətində daim uduzan bir təşkilat özünü müxalifət adlandırsın və müxalifət kimi də fəaliyyətini davam etdirsin. Bu, tarix elminə ziddir. Ona görə də, Azərbaycanda müxalifətdən danışmaq gülüncdür".
Ellada Məmmədli: "Arif Hacılı İsa Qəmbərin qara simasıdır"
Müsavat qadınlar birliyinin keçmiş sədri Ellada Məmmədli isə sabiq Müsavat başqanı İsa Qəmbərin partiyada baş verənlərin içərisinndə olduğunu söyləyib: "İsa Qəmbər Arif Hacılını müdafiə etmək üçün bizlərə kifayət qədər çamur atıb. Onu bizə çamur atmağa nə vadar etdiyini, kimin qarşısında öhdəlik götürdüyünü özü bilir. Arif Hacılı böyük şəxsiyyət deyil, sadəcə, İsa Qəmbərin qara simasını icra edir, onun qara üzüdür".
Rəfiqə HÜSEYNOVA