PDF Oxu

Müxalifət

  • 1 962

Eks-spikerin ittihamları səngimir

image

Rəsul Quliyev: "Müxalifət liderlərinin hamısı nadürüstdür"

Ənənəvi müxalifət adlandırılan düşərgədə yaranmış böhranlı vəziyyət vaxtilə həmin düşərgənin "liderlər"dən biri hesab olunmuş ACP-nin keçmiş sədri Rəsul Quliyevin hədəfindən kənara çıxmır. Bir müddət öncə AXCP, Müsavat, "Ümid", ADP, KXCP, AMİP kimi partiyaların ayrı-ayrılıqda bostanlarına daş atan Rəsul Quliyev bu dəfə də eyni motivdən çıxış edib. Məsələ ondadır ki, artıq özünü siyasət arenasında görmədiyini bəyan etmiş sabiq spiker özlərini Elçibəyin silahdaşları adlandıranların hamısını nadürüst adlandırıb: "Azərbaycanda 2005-ci ildən bu yana demək olar ki, müxalifət yoxdur. 2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində növbəti "Milli Şura" adlanan heç kimin məhəl qoymadığı bir ad ortaya çıxdı. Lakin görünən budur ki, köhnəlmiş, artıq heç bir siyasi normalara cavab verməyən müxalifət "liderləri" hələ də öz yerlərində saymaqda israrlı olduqlarını göstərirlər. Bu isə, əlbəttə ki, yeni müxalifətin yaranmasına, müxalifətçilik tendensiyasının yeniləşməsinə köklü əngəllər yaratmış olur". R.Quliyev Müsavatı hədəfə götürərək, hazırkı başqan Arif Hacılını, keçmiş başqan İsa Qəmbərdən qat-qat aşağı səviyyəli olduğunu bildirib. Və Arif Hacılı da daxil olmaqla, əslində bütün müxalifət partiyaları "liderləri"nin istefa verməsinin əhəmiyyətli olduğunu qeyd edib.

"Elçibəyin silahdaşlarının hamısı nadürüstdir"

Eks-spiker, mühacirətə gedəndən sonra, bir vaxtlar müxalifət liderləri ilə baş tutan görüşləri ilə bağlı açıqlamasında bildirib ki, bu adamların hamısı nadürüst və satqındırlar: "Mən 1998-ci ildən bir çox müxalifət liderləri ilə həm ABŞ, həm də Avropada dəfələrlə görüşmüşəm. Məqsədim onları parçalamaq yox, birləşdirmək olub. Ancaq təəssüf ki, bu işi axıra qədər görmək heç vaxt mümkün olmayıb. Çünki Azərbaycan müxalifətinin xəmiri əvvəlcədən, yəni 1988-ci ildən mayasız yoğrulub. Məhz Əbülfəz Elçibəy vəfat etməzdən öncə Vaşinqtonda görüşümüz zamanı onun əməkdaşlarının 70 faizinin nadürüst çıxması, heç birinin xalq naminə öz ambisiyalarından keçə bilməmələrini demişdim. Bir daha bu gün özünü müxalifət adlandıranların, həqiqətən də nadürüst və satqın olduğunun sübutudur".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər