Partiyadakı narazılıqlar pik həddə çatır
Bu günlərdə Klassik Xalq Cəbhəsi Partiyasındakı mənbədən belə bir məlumat daxil olub ki, partiya rəhbərliyinə qarşı üsyan baş verəcək. Belə ki, bir neçə il öncə partiya daxilində yaradılmış Demokratik Birlik Fraksiyası (DBF) yaradanların fəaliyyətində daha öncələr fəallıq olsa da, sonradan bu fəallıq Mirmahmud Mirəlioğlu tərəfdarları tərəfindən boğuldu. Hazırkı məqamda fraksiya yenidən dirçəlib. Daha dəqiq desək, "DBF"-nın aparıcı üzvlərindən olan Ədalət Yusifov bildirib ki, fraksiyada təmsil olunan KXCP üzvləri partiyada qalmaqda davam edirlər: "Onların məqsədləri partiyada yaranan problemləri aradan qaldırmaqdan ibarətdir. Ancaq başda Mirmahmud Mirəlioğlu olmaqla onların təkliflərinə rədd cavablı verilir. Belə olan halda isə partiya rəhbərliyinin kökündən dəyişdirilməsi zəmini yaranır".
Narazılar: "Yeni dalğanın şahidi olacağıq...Bunun sonu gələcək"
KXCP-nin qurultayı keçirilsə də, onun nəticələri ilə razılaşmayanlar çoxluq təşkil edir. Daha dəqiq desək, əvvəlki qurultaydan azı üç dəfə zəif tərkibdə qurultayın keçirməsi fraksiyaçı narazıları qane etmir. Sitat: "Ciddi narazılığımız var və təşkilatı özbaşına idarəçilik mexanizmini özü üçün müəyyən edən rəhbərliyin öhdəsinə buraxmaq niyyətimiz də yoxdur. Çox keçməz ki, təşkilatda yeni canlanmanın və dalğanın şahidi olarıq".
Ədalət Yusifov bu yaxınlarda KXCP sədrinin müavini və idarə heyətinin üzvü vəzifəsindən çıxarılan Oqtay Gülalıyev məsələsinə də toxunub: "Gülalıyevin KXCP rəhbərliyindən uzaqlaşdırılmasından sonra görüşümüz və müzakirəmiz olub. Biz zaman-zaman qeyd edirdik ki, partiyanın sədri elə partiyanın özü deməkdir. SSRİ-də Kommunist Partiyasından qalma bir ənənə var idi. Kommunist Partiyası deyəndə Lenin, Lenin deyəndə Kommunist Partiyası başa düşülürdü. İndi bu vəziyyət, çox təəssüflər olsun ki, KXCP-də yaranıb. Oqtay Gülalıyevin partiya rəhbərliyindən azad edilməsi şəraiti bizə bəllidir...Yetər artıq. Bu təşkilatı son 15 ildə 15 dəfə kiçiltdilər. Bunun sonu gələcək."
Beləlkilə, artıq KXCP ilə bağlı təhdidlərə start verilib və bu təhdidləri məhz narazılar edirlər. Onların qısa zaman kəsimində üsyan edəcəkləri və bunun nəticəsində partiya rəhbərliyini ələ keçirəcəkləri an məsələsinə çevrilib.
Mübariz QULİYEV