Daha 10 nəfər müsavatçı partiyadan istefa verdi
Müsavat partiyasında istefa dalğası tam sürətlə davam edir. Uzun illər partiyanın qərargahında gözətçi vəzifəsində çalışmasına rəğmən məvacibini ala bilmədiyini deyən Zahir Beydulla təşkilat sıralarından istefaya gedib. İsa Qəmbərin başqanlığı zamanından gözətçi işləyən sabiq müsavatçı Arif Hacılı başqan seçildikdən sonra halal haqqını ala bilmədiyini söyləyib. O bununla bağlı A.Hacılıya və partiyanın rəhbər strukturlarına müraciətlər etsə də, onun sözlərinə əhəmiyyət verilməyib. Uzun mübarizədən sonra istəyinə çata bilməyən Z.Beydulla sonda istefa verib. Lakin maraqlı məsələ onun istefasının ardınca daha 10 nəfərin dəstək göstərərək, Müsavatdan getmələridir. Onlar bu addımları ilə gözətçini başqandan üstün tutublar. Daha dəqiq desək, bu A.Hacılıya olan real münasibətin sırf göstəricisidir. Müsavatın Binəqədi rayon təşkilatından olanların hər biri uzun müddət partiya sıralarında olan adamlardırlar. Onlar Əlövsət Bayramov, Asif Hüseynli, Səlim Bayramlı, Qabil Sadıqlı, Nizami Sadıqlı, Rafiq İlyasov, Elton Paşayev, Almurad Almuradlı, Mürvət Şahaniyev, Mustafa Cəlillidir.
"Arif Hacılı dedi ki, heç kimə borcum yoxdur"
Zahir Beydulla da istefa verənlərin məhz ona dəstək verdikləri üçün Müsavat sıralarından çıxdıqlarını bildirib: Sitat: " İllərdir əmək haqqımı ala bilmirdim. 200 manat pul verirdilərsə, deyirdilər ki, 50 manatını sonra verəcəyik, hər ay vəziyyət bu formada davam edirdi, həmin pullar da verilmirdi. Bu hala etiraz olaraq partiya başqanına məktubla müraciət etdim. Bildirdim ki, maaşımı tələb edirəm. A.Hacılıya dedim ki, maaşımın qalığını verəcəyinizlə bağlı məni arxayın etdiniz, buna görə də şəxsi borclarım yaranıb. A.Hacılı isə cavabında qayıtdı ki, heç kəsə borcum yoxdur. Bu şikayətə görə bəhanə ilə məni Müsavatdan uzaqlaşdırmaq istəyirdilər".
"Onun fikrinə zidd gedən kimi səninlə münasibəti pisləşdirir"
Zahir Beydulla Müsavatın son qurultayında Qubad İbadoğlunu dəstəklədiyini bildirib: "Partiyanın apardığı siyasətlə bağlı tənqidi fikirlərimi səsləndirmişəm. Bu, partiya əleyhinə danışmaq demək deyil ki. Mən partiyamı sevirəm, onun atdığı səhv addımlarını da deməliyəm. Müzakirələrdə Qubad İbadoğlunun Müsavatdan çıxarılmasının əleyhinə danışmışam, mənə deyirdilər ki, sən burada işləyirsən, deyirdim, hərəkatdan gəlmiş adamam, bildiyim şeylər çoxdur...Arif Hacılı partiya başqanı olandan maaşımı tam ala bilmirəm. Artıq 1 aydır ki, işsizəm. Arif Hacılını çoxdan tanıyıram, onun xisləti elədir ki, obyektivlikdən uzaqdır. Onun fikrinə zidd gedən kimi səninlə münasibəti pisləşdirir". O, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın üzvü olduğunu da qeyd edib. Beləlkilə, məsələ kifayət qədər aydındır. Daha dəqiq desək, bu gün Müsavatda A.Hacılını dəstəkləyən yalnız onun yaxınları olan 10-15 nəfərdir ki, yerdə qalanları onun başqanlığını dəstəkləmir. Bu isə partiyanın yaxın zamanlarda ümumiyyətlə, elektoratsız qalması faktını təsdiq edəcək amildir. A.Hacılının nüfuzu olmadığı kimi, onun məhvə doğru sürüklədiyi Müsavat partiyasının da nüfuzu "0" həddinə çatıb.
Rövşən RƏSULOV