PDF Oxu

Müxalifət

  • 1 932

Rəsul Quliyevin ittihamları davam edir

image

"Uğursuz müxalifət liderləri həyatda məşğul ola biləcəkləri heç bir sənət qazana bilmədikləri üçün yerlərini başqalarına vermək istəmirlər"

Sabiq spiker, hazırda ABŞ-da mühacir olan Rəsul Quliyev son günlər aktivlik göstərərək, müxalifətdə baş verən uğursuzluqlar barədə növbəti fikirlərini bildirməkdədir. Belə ki, zaman-zaman, xüsusilə seçkilər dövründə ənənəvi düşərgəni "asıb-kəsən" Rəsul Quliyev uğursuzluq faktorlarını müxalifətin təməlinin düzgün qoyulmaması və digər amillərlə əlaqələndirir. Məhz belə olan halda AXCP və Müsavat kimi partiyalar sabiq spikerin ittihamlarına aqressiv münasibət bəsləyir, əslində onun haqlı olaraq irəli sürdüyü düşüncələrini xəyanət kimi qiymətləndirirlər.

"Əbülfəz Elçibəy müxalifəti birləşdirmək istəsə də, mümkün olmayıb"

Ancaq Rəsul Quliyev bunları nəzərə almayaraq, vaxtilə eyni düşərgədə təmsil olunduğu liderləri daha kəskin ittiham atəşinə tutur.

Məsələn, o, bu günlərdə bildirib ki, müxalifətdə seçkilər öncəsi yaradılan birliklərin dağıdılması işində onun adının çəkilməsi ciddi yanaşma deyil. O, bunu müxalifətdə olan şəxslərin düşüncələrində ciddi bir dəyişikliyin baş verməməsi ilə əlaqələndirir.

Lakin daha bir maraqlı məqam Rəsul Quliyevin illər öncə müxalifətin birləşməsi üçün atdığı addımlarda Əbülfəz Elçibəylə görüşü ilə bağlı dediyi fikirləridir ki, o, burada düşərgənin lideri olmuş şəxsin belə müxalifətçiləri birləşdirə bilmədiyini vurğulayıb. Sitat: "...Əbülfəz Elçibəy ABŞ-a səfər edən zaman mənim qaldığım mehmanxanaya gəlib və biz 2 saata yaxın müzakirə aparmışıq. Müzakirələrdə müxalifətin birləşə bilməməsinin səbəbləri önə çəkilib. Əbülfəz Elçibəy müxalifəti birləşdirmək istəsə də, mümkün olmayıb."

"Müxalifət yoxdur, müxalifət imitasiyası yaradan bir neçə qəzet və ya internet səhifəsi var"

Eks-spiker əlavə edib ki, özü də, dəfələrlə bu istiqamətdə addımlar atıb, lakin bu addımların heç bir nəticəsi olmayıb. Çünki müxalifətdə "başbilənlik" edənlərin səviyyəsi buna imkan vermir. Odur ki, indiki müxalifətin ciddi birlik yaradacağı ehtimalı sıfıra yaxındır. Eks-spiker "Milli Şura"nın yaranmasını, daha sonra isə dağılmasını buna misal olaraq çəkib. Azərbaycan müxalifəti 2005-ci il parlament seçkilərindən sonra yenilənməli idi. 10 ildən sonra yenilənməyə bir şey qalmayıb. Artıq müxalifət yoxdur, müxalifət imitasiyası yaradan bir neçə qəzet və ya internet səhifəsi var."

R.Quliyevin sonda toxunduğu məsələ də maraqdoğurucudur. Ona sual edilib ki, nəyə görə müxalifət liderləri öz yerlərini başqalarına vermək istəmir, düşərgənin yenilşməsi üçün addım atmırlar. O, qeyd edib ki, bu adamlar özlərini o qədər liderlik məsələsinə təslim ediblər ki, həyatlarında başqa sənət öyrənməyi unudublar: "Uğursuz müxalifət liderləri həyatda məşğul ola biləcəkləri heç bir sənət qazana bilmədikləri üçün yerlərini başqalarına vermək istəmirlər."

Göründüyü kimi, proseslər də göstərir ki, artıq müxalifətin birləşməsi, ortaya hər hansı bir yeniliklə çıxa bilməsi qeyri-mümkündür. Bu etirafın müxalifətçi simalar tərəfindən önə sürülməsi isə kifayət qədər maraqlı və düşündürücüdür.

Rövşən RƏSULOV

Digər xəbərlər