TƏRS BAXIŞ
"Siz iqtidarı məhv olmuş Müsavat partiyası ilə dəyişmək istəyirsiniz?"
Son günlər Müsavat partiyasında cərəyan edən kütləvi istefa olayları partiyanın dağılma prosesi yaşamasını kifayət qədər təsdiq etməkdədir. Lakin maraqlı məqamlardan biri də həmin partiyada, necə deyərlər, illər boyu "canlarını qoymuş" insanların Müsavat başqanı Arif Hacılını və onun yandaşlarını ən sərt ittihamlara məruz qoymalarıdır. Hələ Müsavat partiyasının rəsmi orqanı kimi fəaliyyət göstərərkən, "Yeni Müsavat"da təşkilatın mənafelərini qoruyan Elbəyi Həsənli növbəti dəfə siyasi qurumun rəhbərliyinə qarşı "od püskürüb". Sabiq müsavatçı "facebook"da yazdığı fikirlərində bildirib ki, bu gün Müsavat rəhbərliyi hakimiyyətə yiyələnmək iddiasını ortaya qoyursa, kökündən yanlış düşünür. Çünki Müsavat partiyası zəif, məhv olmuş bir təşkilatdır. Belə təşkilatla isə nəinki hakimiyyət əldə etmək, heç müxalifətdə doğru-dürüst qalmaq şansı yoxdur: "Müsavatın başbilənlərindən biri belə buyurur: "Biz hakimiyyəti dəyişmək istəyirik. Soruşmaq istəyirəm, siz iqtidarı məhv olmuş Müsavat partiyası ilə dəyişmək istəyirsiniz? Təşkilatı elə bir günə qoymusunuz ki, ortaya çıxan Tahir Kərimli də əlinə yekə bir dəsmal götürüb Müsavatın xarabalıqları üstündə başına döyə-döyə göz yaşları axıdır".
Sabiq müsavatçı jurnalist Müsavat partiyası rəhbərliyini insanlara Müsavat vəsiqəsi verib, onlara saxta arayışlar satmaqda ittiham etmişdi
Məhz bu kimi bəyanatlar, iddialar və ittihamlar o qədər çoxdur ki, artıq Müsavat rəhbərliyi onların hər birinə ayrı-ayrılıqda cavab verməyə imkan tapmır. Ancaq daha bir məqam bu ilin yayında yenə də Elbəyi Həsənli tərəfindən kifayət qədər ciddi ittihamla çıxış etməsi ilə bağlıdır. Sabiq müsavatçı - jurnalist Müsavat partiyası rəhbərliyini insanlara Müsavat vəsiqəsi verib, onlara saxta arayışlar satmaqda ittiham etmişdi. Bu vasitə ilə saxta üzvlər xarici ölkələrə gedərək, orada siyasi mühacir statusu alıblar. Həmin ərəfədə partiya rəhbərliyi Elbəyi Həsənlinin iddialarının gerçək olmadığını deyərək, onu məhkəməyə verəcəyini bəyan etmişdi. Lakin sonradan məhkəmə məsələsinə son qoyulmuşdu. Bu isə Elbəyi Həsənlinin doğru tərəf olduğunu yetərincə isbat edir. Əks halda, Müsavat rəhbərliyi onu məhkəməyə verməyə cürət edərdi. Çünki həmin ərəfələrdə də Müsavat partiyasında "mühacir işi" üzrə ittiham olunan partiya rəhbəriyi onlara qarşı irəli sürülmüş ittihamlara tutarlı cavab və arqumentlər qoymaqda çətinlik çəkirdilər. Xüsusilə, əsas ittiham olunan tərəf Müsavatın baqşanı Arif Hacılı və onun komandası olub ki, burada partiyanın mərkəzi aparatının rəhbəri Gülağa Aslanlı başda olmaqla, bir neçə nəfərin adları hallanmışdı.
"Müsavat partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər"
Xatırladaq ki, sözügedən ittihamın əsas fiquru olan Elbəyi Həsənli həm də İsveçrədə fəaliyyət göstərən "Ocaq" Mədəniyyət Mərkəzinin sədri olub. Bu mərkəz bu ilin may ayının 16-da yaradılıb. Mərkəz yaradıldıqdan sonra isə Müsavat partiyasının rəhbər strukturları buna etiraz edərək, həmin təşkilatın fəaliyyətinə qarşı çıxıblar. Çünki həmin mərkəzə məhz mühacirətdə olan müsavatçılar üzv yazılıblar. Müsavat rəhbərliyi tələblərinin yerinə yetirilmədiyini gördükdən sonra isə, Elbəyi Həsənli başda olmaqla, ona və "Ocağ"a üzv yazılan müsavatçılara qarşı təhdidlər yağdırılmağa başlayıb. Nəticədə, Elbəyi Həsənli "Ocaq" sədrliyindən istefa verib. Təhdidlər isə belə olub - "Ocaq" üzvü olan və hələ siyasi sığınacaq almamış müsavatçılar seçim edərək, Elbəyi Həsənlidən uzaqlaşmasalar, onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə müraciət olunacaq. Yəni həmin insanlar barədə İsveçə məlumatlar ötürüləcək ki, sonradan həmin adamların bu ölkədəki oturma izinlərinə, mühacir statusu almalarına qadağa qoyulsun.
Məhz onda da "Yeni Müsavat"ın yazarı belə bir fikir irəli sürmüşdü ki, bu kimi addımın atılması tamamilə qeyri-insani, qeyri-demokratik olan bir çağırış və təhdidlərdir:"Belə bir addım atılsa, gerçəkdən də məhz mənə görə bir neçə müsavatçı ailənin İsveçrədə oturum alması təhlükəyə düşəcək və insanlar bədbəxt olacaqlar. Müsavatın hazırda başında olan dəstəyə belə bir imkan verməmək və müsavatçı ailələri bu cür qorxu və terror atmosferindən qurtarmaq üçün "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbərliyindən istefa verirəm. Lakin bildirirəm ki, haqq bildiyim işə davam edəcəm. Paralel olaraq, Müsavat partiyasının hazırda başında olan dəstənin (Arif Hacılı qruplaşmasının-R.N.) bəzi üzvləri haqda əlimdə olan faktları jurnalist olaraq müstəqil şəkildə araşdırmağa başlayacam. Bu faktlar isə dəhşətli bir iddianı ortaya qoyur. Müsavat partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər. Hazırda Avropanın ayrı-ayrı ölkələrində miqrasiya xidmətləri bu cür saxta "müsavatçıları" aşkarlayıb və ciddi araşdırmalar gedir".
Qeyd edək ki, partiya rəhbərliyi, xüsusilə Arif Hacılı və müavinləri Gülağa Aslanlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, o cümlədən, Müsavatın rayon təşkilatının sədrləri Rafiq İsmayıl (Sabunçu), Vaqif Davud (Oğuz), Nemət Kərimli (Binəqədi), eləcə də daha bir neçə başqa rayon təşkilat sədrləri "mühacir işi"ndə əsas aparıcı fiqurlardırlar.
Müsavat rəhbərliyi Elbəyi Həsənlini sözügedən iddiaları ilə bağlı məhkəməyə vermədiklərinin səbəblərini açıqlasınlar
Yeri gəlmişkən, daha bir xatırlatmanı etmək yerinə düşərdi ki, Müsavat başqanının müavini Gülağa Aslanlı hər saxta sənədə görə Elbəyi Həsənli tərəfindən 700 manat almaqda ittiham olunur. Bu ittihamdan sonra o, mətbuata çıxaraq, 700 manatlıq kişi olmadığını dilə gətirmişdi. Amma ittiham edən tərəf onun, əslində, 700 manatlıq "kişi" olduğunu sübuta yetirib. Özü də çox vacib məqamlarla. Məsələn, saxta sənəd məsələsinin arxasnda olan qiymət preyskurantına nəzər saldığımız zaman biz bunu görürük. Müsavat rəhbərliyi saxta arayışı şəkillə təqdim etməkdən ötrü 1500 manat, şəkilsiz arayışı təqdim etmək üçün isə "mühacirlərə" 800 manat pul "oxuyublar".
Bu ilin iyununda Elbəyi Həsənli tərəfindən qeyd olunmuş daha bir sitatı xatırlayaq: "...Bəli, 700 manat ilk baxışda az görünə bilər. Ancaq nəzərə alsaq ki, 6 aya 483 arayış satılıb və hər bir arayışın orta qiyməti min manatdır, onda söhbət yarım milyon manatdan (!-R.N.) gedir. Üstəlik, neçə ildir ki, bu alverlə məşğulsan... Mexanizm sadədir. Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropaya "müsavatçı" ixrac edirlər. Bu prosesdə onlara Avropada dəstək verənlər də var".
Beləliklə, məsələ kifayət qədər bəlli və aşkardır. Bu gün mətbuata çıxıb "hakimiyyətə gələcəyik" iddiaları ilə çıxış edən Müsavatın dələduz və oyanıq rəhbərliyi yaxşı olardı ki, nəyə görə Elbəyi Həsənlini sözügedən iddiaları ilə bağlı məhkəməyə vermədiklərinin səbəblərini açıqlasınlar. Əgər həqiqətən də, bu qədər "təmiz" və "pak" şəkildə "hakimiyyətə gəlmək" istəyirlərsə...
Rövşən NURƏDDİNOĞLU