PDF Oxu

Müxalifət

  • 1 698

Müsavat rəhbərliyinin şansı bitib

image

Tural Abbaslı: "Müsavatın bu duruma düşməsinin səbəbkarı Arif Hacılıdır"

Artıq uzun müddətdir ki, Müsavat partiyasını ən sərt və dəlillərə söykənən ittihamları ilə günahlandıran təşkilatın sabiq gənclər təşkilatının sədri Tural Abbaslı "Ağ Partiya" yaradacağı mesajını verərək Müsavat başqanı Arif Hacılını tənqid edib: " Musavatda avtoritar idarəçilik hökm sürür və bu rejimə uyğunlaşa bilməyənlər orada qala bilmirlər. Daha dəqiq desək, ya özləri gedirlər, ya da buna vadar olunurlar. Bu işdə isə başqan Arif Hacılının yaxın ətrafı onun təlimatlarını həyata keçirir".

T.Abbaslı bəyan edib ki, artıq Müsavatın ictimai rəyə təsir imkanları yoxdur. Onun sözlərinə görə, narazılıqların artan xətt üzrə davam etməsi, üstəlik, bunun aradan qaldırılmaması daha kəskin durum yaradacaq: "Dünənə qədər indiki rəhbərliyə inananların xəyal qırıqlığına düşməsi kimi faktlar partiyanı zəif hala salıb. Narazılıq xeyli çoxdur. Artıq proseslərə təsir imkanları itirilib. Əgər narazılıqların aradan qaldırılması üçün real addımlar atılmasa, Müsavat sıradan bir partiyaya çevriləcək".

Tural Abbaslı əlavə edib ki, rəhbərlikdə olanlar Arif Hacılının siyasi iradəsindən asılı duruma düşüblər: "Müsavatda, əsasən, Arif Hacılını arzu və istəkləri üzərindən siyasət izlənilir. Odur ki, barışıq mühiti yaratmaq üçün bu komandanın əksəriyyətinin siyasi iradəsinin olmasına gərək qalmır. Arif Hacılının siyasi iradəsi ortaya qoyulmalıdır. Lakin o, da hələlik, bu fikirdə deyil və barışıq mühiti yaratmaq istəmir. Böyük ehtimalla düşünür ki, güclü Müsavatı idarə etmək indiki Müsavatı idarə etməkdən daha çətin olacaq".

T.Abbaslı hesab edir ki, Müsavatın bu günə düşməsinin məsuliyyəti sabiq başqan İsa Qəmbərin deyil, indiki başqan Arif Hacılının üzərindədir: "Əgər biz siyasi fəaliyyətlə məşğuluqsa, kimlərisə mənəvi baxımdan suçlaya bilmərik. Fakt odur ki, bir ildən çoxdur Müsavata Arif Hacılı rəhbərlik edir. İsa Qəmbər isə Müsavatda 120 məclis üzvündən biridir. Faktiki rəhbərlik Arif Hacılının əlindədir. Bu gün Müsavatın uğurları da, məğlubiyyəti də, zəifləməsi də Arif Hacılının ayağına yazılacaq. Arif Hacılının özünün İsa Qəmbərlə nə dərəcədə məsləhətləşməsi şəxsən mənə maraqlı da deyil. Reallıq odur ki, Müsavatın bu duruma düşməsinin səbəbkarı Arif Hacılının özüdür".

"Artıq partiya siyasi proseslərə təsir imkanlarını tamam itirib"

Tural Abbaslı açıqlamasında Müsavat və "Ağ Blok"dakı son durumu da şərh edib: "Ağ Blok" olaraq biz qarşımıza qoyduğumuz məqsədin I mərhələsini uğurla başa vurmuş hesab edirik. Belə ki, çox qısa bir müddətdə yaranmağımıza baxmayaraq, seçkidə uğurla iştirak etdik və bu prosesdən tam istifadə edərək blokun adını və hədəflərini cəmiyyətə təqdim edə bildik. Növbəti mərhələ blokun partiyaya çevrilməsi istiqamətində atılacaq addımlardır. Bu istiqamətdə, artıq bəzi işlər görülür və addımlar atılır. Müsavata gəldikdə isə bu partiyada qurultaydan sonra baş verən geriləmə təəssüf ki, göz önündədir. Səriştəsiz insanların yalnış qərarları və yarıtmaz idarəçiliyi nəticəsində 15 ilimizi həsr etdiyimiz partiyamız məhvə doğru gedir. Ən təhlükəlisi isə rəhbərliyin bu problemləri görməzlikdən gəlməsidir. Artıq partiya siyasi proseslərə təsir imkanlarını tamam itirib. Mən əvvəl də demişdim, bu gün də təkrar edirəm, zaman hər şeyə öz layiqli qiymətini verəcək"

R.HÜSEYNOVA

Digər xəbərlər