Elşən Musayev: "Əli Kərimlinin Əlikram Hümbətovdan yarım qram da olsun fərqi yoxdur"
"Kris Smit və Torbyorn Yaqlanda bütün dezinformasiyaları, anonimləri ötürən Azərbaycanın dağıdıcı müxalif ünsürləridir"
Müsahibimiz AMDP-nin sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, manatın ABŞ dollarına nisbətən bir qədər ucuzlaşmasından müxalifətin və onların təsiri altında olan mətbu orqanlar öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Bunu siyasi-əxlaqi dəyərləri aşmaq kimi qiymətləndirmək olarmı?
- Manatın məzənnəsinin ABŞ dollarına nisbətdə geriləməsi dünyada baş verən qlobal hadisələrin nəticəsidir və burada qeyri-adi nəsə axtarmağın özü absurddur. İqtisadiyyatımız nə qədər güclü olsa da, devolvasiya qaçılmaz idi. Bunu isə şərtləndirən bir çox amillər var. Neft faktorundan tutmuş qonşu ölkələrdə baş verən proseslərə qədər. Eləcə də dövlət rəsmiləri də mövzu ilə bağlı öz xəbərdarlıqlarını çoxdan etmişdilər. Yəni gözləmədiyimiz hadisə baş verməyib. O ki qaldı müxalifət və onların nəzarətində olan mətbu orqanların eyniadlı məsələdən öz məqsədləri üçün istifadə etməsinə...düşünürəm ki, burada da təəssüf etməyə, köks ötürməyə əsas yoxdur. Çünki Azərbaycanın dağıdıcı müxalifətinin təməli, kökü, xisləti belədir. Heç bir zaman da fərqli olmayıblar. Onlar üçün nə dövlət, nə dövlətçilik nə də milli maraq anlayışı keçərli deyil. Baş verən bütün arzuedilməz hadisələrdən öz mənfəətləri üçün yararlanmağa çalışırlar. Düzdür, həmişə də xalqın iradəsi və diktəsi ilə qapı küncündə qalırlar, amma yenə də öz xəbis inadlarından dönmürlər.
- Ümumiyyətlə, müxalifət hər fürsətdə öz məqsədləri üçün mövzu axtarır. Bunu bir növ "sapı özümüzdən olan baltalar"ın özümüzə qarşı çevirməsi kimi qiymətləndirmək olarmı?
- Onlar artıq bizdən deyillər, elə sapları da başqa yerlərdədir. Məsələn, Əli Kərimlinin Əlikram Hümbətovdan yarım qram da olsun fərqi yoxdur. Fürsəti, imkanı, ələlxüsus da pasportu olsa anındaca ölkəni tərk edib, Azərbaycan xalqına və dövlətinə qarşı açıq təbliğat aparar. Düzdür, o, təbliğatı indi də aparır, amma müəyyən qədər dar çərçivədə. Bu adam özünə bənzər siyasi həşəratlarla Azərbaycan siyasətində metostaz funksiyasını həyata keçirir. Devolvasiya isə belələrini ən az narahat edən məsələdir. Niyə? Çünki xarici qəyyumlarından pulu ya dollar, ya da avro ilə alırlar.
- Kris Smit, Torbyorn Yaqland və digərləri Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilirlər. Azərbaycan müxalifəti də eyni mövqe sərgiləyir. Tərəfləri hansı maraqlar birləşdirir?
- Kris Smit və Torbyorn Yaqlanda bütün dezinformasiyaları, anonimləri ötürən Azərbaycanın dağıdıcı müxalif ünsürləridir. Qarşılıq isə maliyyə formasında ödənilir. K.Smitin erməni lobbisinin əlində alət olduğu hər kəsə bəllidir. Yaqland isə ötəri fiqurlardan biridir. Ayrıca, həm də "5-ci kolon"un əsas dəstəkçilərindəndir. Belə olan halda, maraqların birləşməsi təsadüfi deyil. Hər zaman dediyim fikirləri bir daha təkrarlayıram: Azərbaycanın radikal müxalifətinin riyakar nümayəndələri bəzi beynəlxalq qüvvələrin ölkəmizdəki təmsilçiləridir. Destruktiv fəaliyyətləri konkret məkanlardan idarə olunur və təlimatlandırılır. Pullarını alıb, işlərini görürlər. Vəssalam.
- Müxalifətin acizliyi, zəif durumda olması son proseslərlə bir daha özünü təsdiq etdiyini demək olarmı?
- Azərbaycan müxalifətinin bəlli qismi çoxdan tarixin arxivinə atılıb. Hansısa prosesi izləmələri və ya hansısa prosesə müdaxilə cəhdləri də ruh aspektindən o yana keçmir. Hava kimi, kölgə kimi bir şeylərdirlər. Nə görmək olur, nə toxunmaq.
GÜLYANƏ