TƏRS BAXIŞ
Razi Nurullayev: "Əli Kərimlinin məqsədi dini kəsimin sosial bazasından istifadə etmək idi"
AXCP sədri Razi Nurullayev partiyanın digər qanadının sədri Əli Kərimlini ittiham edərək bildirib ki, qarşı tərəf ölkədə cərəyan edən istənilən hadisələrdən yalnız öz məqsədləri üçün istifadə etməyə cəhdlər edib. Məhz ötən ayın 26-da Nardaran kəndində baş verən məlum olaylardan da yararlanmağa çalışan Əli Kərimli, nəticədə müavini Fuad Qəhrəmanlını öz məqsədlərinə qurban verib. Əslində, bu taktika Ə.Kərimlidə ilk istifadə olunmuşu deyil və o, bu istiqamətdə dəfələrlə öz tərəfdarlarını qurban verib. F.Qəhrəmanlı isə həmin qurbanlardan biridir.
"Cəmiyyətdə Əli Kərimli və "Milli Şura" rəhbərliyinin də Nardaran hadisələri ilə bağlı məsuliyyətə cəlb olunacaqları barədə" xəbərlər dolaşır
Xatırlatmaq yerinə düşərdi ki, "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırzadənin terrorçuluq və radikalizm addımlarını dsətəkləyən AXCP sədrinin müavini F.Qəhrəmanlı facebookdakı "inqilab etmək" çağırışları fikirlərindən sonra həbs olunub. Belə ki, onun da F.Qəhrəmanlı kimi, "Milli Şura"nın üzvü olduğu bəllidir. Bu baxımdan, artıq Ə.Kərimlinin də "Milli Şura" rəhbərliyinin təmsilçisi kimi qanun qarşısına çıxarılıb cavab vermək zamanı çatıb.
Məsələ ondadır ki, AXCP sədri R.Nurullayev də digər AXCP-nin sədri Ə.Kərimlinin həbs olunmasını istəyir. Hətta bu məsələnin cəmiyyətdə də səsləndiyini deyir. Sitat: "Cəmiyyət arasında Ə.Kərimli və "Milli Şura" rəhbərliyinin də Nardaran hadisələri ilə bağlı məsuliyyətə cəlb olunacaqları barədə xəbərlər dolaşır. Səbəb kimi, Taleh Bağırzadənin "Milli Şura"nın üzvü olması, Əli Kərimliyə yaxın olması göstərilir..."
Əli Kərimlinin həbsi labüdləşir
R.Nurullayev, eyni zamanda deyib ki, ənənəvi müxalifət olan "Milli Şura" və Ə.Kərimli insanları ətrafında birləşdirə bilmədi: "Sıraları seyrəldi. Bunun fonunda dini kəsimdən təşkilatlanma başladı. Yeni dini liderlər ortaya çıxdı. Belə halda onlar siyasətçilərinin diqqətini cəlb etməyə bilməzdilər. Məhz buna görə də, Ə.Kərimlinin AXCP-si bu dindarlarla yaxınlaşmağa başladı. Maraqları həmin dini kəsimin sosial bazasından istifadə etmək idi... Onlarla (radikal dinçilərlə-R.N.) birlikdə ölkədə dəyişiklik etməyin mümkün olduğu qənaətinə gəldi. Bu yaxınlaşma "Milli Şura"da dini kəsimin təmsil olunmasında daha aydın şəkildə özünü göstərir. Onlar Ə.Kərimlinin keçirdiyi qurultayda da təmsil olunublar. Ayrı-ayrılıqda görüşlər də keçiriblər."
Göründüyü kimi, artıq R.Nurullayev bununla eyham vurur ki, əgər bir partiyanın sədr müavini hər hansı bir cinayət tərkibli əməl törətdiyinə görə həbs olunursa, demək, onun sədrinin də mənim cinayət tərkibli əməllərdən kifayət qədər xəbəri var. Məhz bu baxmdan, həbs növbəsinin Ə.Kərimlidə olması getdikcə daha da labüdləşir.
Rövşən NURƏDİNOĞLU