PDF Oxu

Müxalifət

  • 5 612

Meymun ilində ciddi olaq

image

Hər şeyə inanmışıq. Həm də, özümüzü olduğumuz kimi aparmırıq. Hansı ildə doğulmuşuqsa, bu ilin adını daşıyan heyvanlara oxşamağa çalışırıq. Adam tanıyıram ki, öküz ilində doğulub, filan qədər yaşı var, qarşıdan öküz ili gələnə kimi çatana buynuz atır. Adam var, ayı ilində doğulduğunu iddia edərək ayılıq edir, adam da var bu ildə ayı əti yeyir ki, gülləkeçməz olsun. Adam da var ki, meymun ilində meymunluq, bambılılıq, düşüklük edir ki, dünyanın dərdi-qübarı buna təsir etməsin. Amma belə baxanda meymun özü ilə o qədər dərd-sər gətirir ki, heç gülə də bilmirsən. Allah qorusun!

Yadınızdadırsa, 1992-ci ildə meymun ili idi. Dünyada nələr olmadı ki... Şuşa işğal olundu, Xocalı soyqırımı törədildi, Tacikistan Respublikasında vətəndaş müharibəsi başladı, təyyarə qəzası nəticəsində Liviyada 150-ə yaxın şəxs öldü, Əlcəzairdə 2 min insanın həyatına son qoyan vətəndaş müharibəsi baş verdi və sairə. Daha sonra meymun 2004-cü ildə yenidən dünyanı haqladı. Moskva metrosunda terror aktında 40 nəfər dünyasını dəyişdi, Rusiyada iki sərnişin təyyarəsinin partladılması nəticəsində 90 nəfər öldü, Çeçenistan prezidenti qətlə yetirildi və bu tipli onlarla terror siyasəti həyata keçirildi. Dünyada yeganə ürəkaçan məqam 2004-cü il yanvarın 4-də Mixail Saakaşvilinin Gürcüstan prezidenti seçilməsidir. Bir sözlə, meymun ili türklərə, ruslara düşmədi. Udan amerikanlılar, ingilislər oldu. Amma həmişə də qələbə qazanmaq olmur axı. Futbol üzrə Avropa çempionatında 1992-ci ildə keçirilən Danimarka finalda 2:0 hesabı ilə Almaniyanı diz çökdürmüşdü. Almanlar bu gün də evlərinə meymun kuklalar almırlar, bir çoxları bunu meymun ili ilə əlaqələndirib ümumiyyətlə il başa çatana kimi bircə dəfə də gülmürlər.

Artıq meymun ili özünü göstərməkdədir. Dostum Kəramət deyir ki, dünən bir marketdə makaron üstündə qırığın gedirdi, camaat satıcıları öldürür ki, bizə niyə makaron vermirsiniz? Eşşək boyda bir kişi bar-bar bağırır ki, mən haqqımı tələb edirəm, tez olun mənə makaron verin... Belə adamların makaron üstündə dava-dalaş salmasına baxmayın, elə bilməyin ki, haqqı deyən adamdı. Belələrinin maaşı 50% kəsiləndə, üzünə söyəndə yenə də burnunu müdirin bir yerində sığallayır. İşdə "çumo" edirlər, amma toyxanaya girən kimi camaatın "zakaz"ını kəsib, ana muğamatı sifariş verir. Toydan sonra da evə gedən kimi dişinin dibindən çıxanı anasına deyir. Bu da meymunluğun bir növüdür də, axırı da terrorla bitir. Artıq meymunluq özünü daha geniş formada büruzə verməkdədir. Məsələn, dədən vəzifədə işləyirsə, əlinə tüfəngi alıb qabağına çıxanı güllələyirsən. Necə ki, Lök-Batanda bunu şahidi olduq. Sonra da xəstəxanaya gəlib, həkimlərə hədə-qorxu gəlirsən ki, mənim dədəm filan yerdə işləyir, sizi filan-filan eləyər. İndi nə dədən işləyir, nə də sən əlinə tüfəng ala bilirsən. İçəridə əlinə başqa şey verəcəklər yəqin...

Samir

Digər xəbərlər