PDF Oxu

Müxalifət

  • 1 933

Asəf Quliyev Əli Kərimli haqqında sərt danışdı

image

TƏRS BAXIŞ

"Əgər bu yalanları görə-görə həmin yalanların içində qalırsansa, deməli, özün-özünü aldadırsan"

2013-cü ilə qədər AXCP sədri Əli Kərimlinin müavini postunda fəaliyyət göstərmiş, sonralar isə partiya sədri tərəfindən xəyanətə sürüklənən " Xalq Arzusu Hərəkatı"nın sədri Asəf Quliyev uzun müddətlik susqunluqdan sonra gündəmə gəlib. O, zamanında fəaliyyət göstərdiyi AXCP və "Milli Şura"da gedən oyunbazlıqlara münasibətini bildirərək, qeyd edib ki, orada olan liderlər ətraflarında olan adamlara yalan sırımaqla məşğuldurlar. Daha dəqiq desək, liderlərin məqsədləri yalnız öz şəxsi maraqlarına xidmət etməkdən ibarətdir.

Azərbaycanda müxalifətin siyasi proseslərdə, seçkilərdə uğursuzluğu elə bir səviyyəyə çatıb ki, cəmiyyət siyasi partiyalardan uzaq durur

Asəf Quliyev köhnə təfəkkür girdabında çürüyən müxalifətin cəmiyyətə heç bir səmərə verməyəcəyini bildirib: "Çünki bu cür müxalifət artıq cəmiyyət üçün də maraqlı deyil. Bu baxımdan, ictimai-siyasi proseslərə yönəlmiş yeni bir müxalifətə ehtiyac var ki, həmin müxalifət yaranarsa, köhnə təfəkkürlü meydan müxalifəti siyasi arenadan getməli olacaq. 2013-cü ildə AXCP-dən istefa verəndə demişdim ki, Azərbaycan siyasətində fərqli bir düşüncənin, yeni bir yanaşmanın tərəfdarıyam". "Xalq Arzusu Hərəkatı"nın sədri məhz bu məqsədlə adıçəkilən qurumu yaratdığını bildirib: "Ona görə də yeni bir təşkilat yaratdım. Bəzən sual verirlər ki, niyə siyasi proseslərdə yoxsunuz. Azərbaycan siyasətində gedən proseslər məni qane etmir. Hesab edirəm ki, reallığa uyğun hərəkət etmək lazımdır. Son 5-6 ildə siyasi partiyalar daha çox gündəmdə qalmağa çalışırlar. Biz hesab edirik ki, təşkilatın istəyi nədirsə, reallıq nədirsə, o cür də görünək. Son illər Azərbaycanda müxalifətin siyasi proseslərdə, seçkilərdə uğursuzluğu elə bir səviyyəyə çatıb ki, cəmiyyət siyasi partiyalardan uzaq durur. Partiyalara yeni qüvvə gəlmir, əvvəlki üzvlər hesabına fəaliyyət göstərən siyasi təşkilatlarda da qopmalar var. Ona görə də bu gün siyasi müstəvidə görünməyin əhəmiyyəti yoxdur."

Hərəkat sədri 2013-cü il prezident seçkilərindən öncə "Milli Şura"nın yaradılmasının tərəfdarı olduğunu desə də, sonradan bu qurumun dövlətçilik maraqlarına xəyanət etdiyini bildirib və bunu belə əsaslandırıb ki, orada liderlik edənlərdən biri olan Əli Kərimli Cəmil Həsənlidən öz məqsədləri üçün istifadə edir. Yəni Cəmil Həsənli sədr seçilməklə ölkənin siyasi həyatında heç bir uğur yaranmadı. Əksinə, o, olan-qalan hörmətini də orada - Əli Kərimlinin yanında itirmiş oldu: "Əslində, "Milli Şura"nın yaranmasının tərəfdarı idim. Amma 2013-cü ilin may ayından sonra gördüm ki, aparılan mübarizə hakimiyyətin dəyişilməsi üçün deyil."

Cəmil Həsənlini də, Rüstəm İbrahimbəyovu da Əli Kərimli məhv edib

Hərəkat sədri bildirib ki, "Milli Şura"nın iclasında Cəmil Həsənli "vahid namizəd" seçiləndə belə qənaətə gəlib ki, onların məqsədləri hakimiyyətə gəlmək deyil, hakimiyyətə gəlmək adı altında şəxsi maraqlara xidmət etməkdir: "Mən bu oyunları qəbul edə bilməzdim. Əgər bu yalanları görə-görə həmin yalanların içində qalırsansa, deməli, özün-özünü aldadırsan...Cəmil Həsənlinin namizədliyinin əleyhinə deyildim. Ancaq Cəmil Həsənli də gəlib orada məhv oldu. Hamı görür ki, seçki uduzulub, nəticə yoxdur, amma Cəmil Həsənlini "vahid namizəd" irəli sürürlər. Ya əvvəldən Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülməməliydi, ya da sona qədər müdafiə olunmalıydı. Bunlar isə həm Rüstəm bəyin namizədliyini irəli sürdülər, həm də "Milli Şura" yaranan ilk gündən başladılar onun əleyhinə təbliğat aparmağa. Dedilər o, Rusiyanın adamıdır, işləyə bilməyəcək. Əgər bu adam işləyə bilməyəcəksə, bəs niyə onu namizəd seçirdiniz? Millətin bir hissəsini ona inandırdılar, sonra da başladılar onun əleyhinə təbliğat aparmağa. Beləliklə, Rüstəm İbrahimbəyovu da məhv etdilər."

Ən azından, Fuad Qəhrəmanlının döşəmə əskisi kimi istifadə edilərək, kənara atılması bu deyilənləri təsdiq edir

Göründüyü kimi, Asəf Quliyevin ənənəvi müxalifəti hədəfə aldığı fikirlərində başlıca məqam məhz AXCP sədri Əli Kərimli olduğu nəzərdən yayınmır. Bu gün də AXCP sədri və "Milli Şura"nın aparıcı adamlarından olan cəbhə sədri öz məqsədlərini reallaşdırmaq üçün ən yaxın adamlarını qurban verir. Ən azından Fuad Qəhrəmanlını döşəmə əskisi kimi istifadə edilərək, kənara atılması bu deyilənləri təsdiq edir. Lakin Fuad Qəhrəmanlı sonuncu qurban deyil. Ona qədər də qurbanlar olub, ondan sonra da olacağı gözlənilir. Nə qədər ki, Əli Kərimli kimi pis xislətli, satqın və xəyanətkar obrazlı müxalifət adlı teatrda mövcud olacaqsa, ənənəvi düşərgənin məhvi də bir o qədər sürətlənəcək. Bunu isə biz-iqtidar mətbuatı demirik, Ə.Kərimlinin yanında olmuş, uzun illər müxalifətçilik edən insanlar etiraf edirlər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər