Erməni xalqı konstitusiya "islahatlarını" qəbul etmir
Bəşər tarixi və siyasətin yaşanmış hadisələri göstərir ki, haqqını tələb edib hüquqlarını qorumağı bacaran toplunu, insanları uzun müddət kölə vəziyyətində saxlamaq olmur. Amma görünür, dekabrın 6-da Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün keçirilən referendumdan sonra işğalçı ölkənin prezidenti Serj Sarkisyan hələ erməni xalqını çox illər kölə vəziyyətində saxlamaq istəyir. Ancaq erməni xalqı ölkənin prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçməsini qəbul etməyərək, oturaq aksiyaları davam etdirməyə başlayıblar.
Zirayr Səfilyan: "Cinayətkar rejim devrilməyincə, mitinqlərə son qoyulmayacaq"
"Yeni Ermənistan" hərəkatının lideri Zirayr Səfilyan bildirib ki, cinayətkar rejim devrilməyincə, mitinqlərə son qoyulmayacaq: "Qaniçən Serj hakimiyyətdə olduğu bu illər ərzində ancaq xalqa zülm edib. Ölkənin prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçməsi də Sarkisyanın növbəti hiyləsidir. Cinayətkar rejim devrilməyincə, mitinqlərə son qoyulmayacaq, oturaq aksiyaları davam etdirəcəyik. Rejimin devrilməsi çox uzun zaman alsa da, biz bunu bacarmalıyıq".
Zirayr Səfilyan onu da açıqlayıb ki, mitinqlər "Yeni Ermənistan" xalq qurtuluşu, "Miras" müxalifət partiyası, Müxalifət Vətəndaş Təşəbbüsü qrupları, "Ermənistan politoloqlar ittifaqı" hərəkatları tərəfindən təşkil edilir. Etiraz aksiyalarının əsas şuarı isə "Dur, Ermənistan!"dır. Z.Səfilyan onu da bildirib ki, bundan əvvəl Ermənistanda elektrik enerjisi tarifinin qaldırılmasına qarşı aksiyalar "Ayağa qalx, Ermənistan" hərəkatının fəalları tərəfindən təşkil edilmişdi.
Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirdilər və bu gün də bu tələb qüvvədədir.
İşğalçı ölkənin süqutu - faktlar və rəqəmlər
Göründüyü kimi, əvvəlki illərdə olduğu kimi, 2015-ci ili də uğursuluqla başa vuran, il ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmış Ermənistanın qarşıdakı 2016-cı ilinin də uğursuz olacağını sübut edir. Qısaca, 2015-ci il Ermənistan üçün çox uğursuz idi. Bunu rəsmi rəqəmlər də təsdiqləyir. 2014-cü ildə Ermənistan əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm bu il artaraq, 48 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 280 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir, belə gedərsə, 2016-cı il ərzində sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər. Ermənistanın miqrasiya xidmətinin bildirdiyinə görə, təkcə keçən ilin ilk 7 ayı ərzində bu ölkəni 83 min 760 nəfər tərk edib. "Aykakan Jamanak" qəzeti isə bu rəqəmin ən azı iki dəfə artıq olduğunu bildirir.
Araşdırmalar göstərir ki, 2015-ci ildə bu ölkədəki miqrantların sayı yerli əhalinin sayını ötüb və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir.
Ermənistanın "Soçiometr" sosioloji araşdırmalar mərkəzinin statistik məlumatına görə, 2050-ci ildə düşmən ölkənin əhalisi 65 faiz azalacaq. Belə ki, həmin vaxta kimi, hazırda 2 milyon 270 min olan Ermənistan əhalisinin sayı 1,5 və 1,3 milyon çıvarında məhdudlaşacaq.
Ölkədə yaranmış vəziyyətlə bağlı Ermənistanın "Daşnaksütyun" partiyasının fraksiyasından olan deputat Artsvik Minasyan "Novosti Armenii" saytına verdiyi açıqlamasında bildirib ki, Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur: "İşğalçı ölkəyə rəhbərlik edən Serj Sarkisyan və komandasının həyata keçirdiyi irrasional və yarıtmaz siyasət nəticəsində Ermənistanda demək olar ki, bütün sahələrdə xaotik durum yaşanır. Həmçinin, hökumətin yanaşmaları təsadüfi, situativdir - onları nə sosialist, nə liberal, nə də ki, bazar yanaşması adlandırmaq olar. Çünki iqtisadi siyasətdə dəyərlər sistemi yoxdur".
Ermənistanın xarici borcu 14 faiz artıb. Sentyabrın əvvəlində Ermənistanın xarici kreditorlar və beynəlxalq maliyyə qurumları qarşısında borcu 4 milyard dolları keçib. Bu ilin ilk 8 ayı ərzində Ermənistanın xarici borcu 4 milyard 68 milyon dollar təşkil edib. Bu isə ilin əvvəlində olan göstəricidən təxminən 14 faiz çoxdur. Maraqlıdır, bəs maliyyə girdabında boğulan bir ölkə bu qədər borcu ödəmək üçün hansı dövlətlərə əl açacaq? Və bunun müqabilində Ermənistan hansı öhdəlikləri öz üzərinə götürəcək?
Bütün bunların fonunda isə Ermənistan hökumətinin konstitusiya yeni "islahatlar" etməsi nəyə əsaslanır?
Göründüyü kimi, Serj Sarkisyanın odla oynaması, təbii ki, ilk növbədə özü üçün təhlükəlidir. Gec-tez məlum olacaq ki, erməni xalqının əsl düşməni elə Ermənistan iqtidarıdır. Bu hakimiyyət cəmiyyətin rifahı üçün çalışmırsa və özünü qorumaq üçün risklərə gedirsə, bundan əziyyət çəkən sadə insanlar olur. Ermənistan cəmiyyəti xilas yolunu özü tapmalıdır.
A.SƏMƏDOVA