Rəsul Quliyev: "Daxildə oturub neyləmisiniz ki?"
İstənilən ölkədə keçirilən istənilən seçkilər cəmiyyətin həyatında son dərəcə önəmli rol oynaya bilər və oynayır da. Necə deyərlər, növbəti parlament seçkilərində də cəmiyyət özü-özünə hesabat verdi, özünü bir daha saf-çürük etdi. Ancaq müxalifət hələ də kallaşır, göyərir və tumturş alçaya dönür.
Bəs müxalifətin başında nə var, nə yox?
Müxalifətin başında hələ ki heç nə yoxdur. O müxalifət ki, 25 ildir özünün hələ də əbədi-əzəli "vahid namizəd" problemini həll edə bilməyib. Müxalifət liderlərinin hər biri ayrı-ayrılıqda özünü "vahid" hesab edir. Ona görə də bu gün müxalifət özü ilə daha çox mübarizə aparır və hər kəs də öz qəzetlərinin səhifələrində bu lider o liderə döşəyir, o da o birisinə.
Məsələ ilə bağlı ACP-nin keçmiş lideri Rəsul Quliyev bildirib ki, uğursuz müxalifət liderləri həyatda məşğul ola biləcəkləri heç bir sənət qazana bilmədikləri üçün yerlərini başqalarına vermək istəmirlər. R.Quliyev uğursuzluq faktorlarını müxalifətin təməlinin düzgün qoyulmamamsı və digər amillərlə əlaqələndirir.
"Müxalifətdə olan şəxslərin düşüncələrində ciddi bir dəyişikliklər etmək lazımdır"
R.Quliyev uzun illər siyasətdə olmasına baxmayaraq müxalifətdə olan şəxslərin düşüncələrində ciddi bir dəyişikliyin baş vermədiyini bildirib: "İllər öncə Əbülfəz Elçibəylə görüşü zamanı bildirdim ki, düşərgənin lideri olmuş şəxs belə müxalifətçiləri birləşdirə bilmədi. Çünki müxalifət yoxdur, müxalifət imitasiyası yaradan bir neçə qəzet və ya internet səhifəsi var".
Sərdar Cəlaloğlu: "Müxalifətin keçirdiyi görüşlərdə iştirak etməyi özümü təhqir hesab edirəm"
ADP sədri Sərdar Cəlaloğlu da müxalifət təmsilçilərinin bir araya gəlmələrinin heç bir mənasının olmadığını bildirib: "Görüşlərdə heç bir yeni fikir və ideyalar olmur və mənasız keçir. Ona görə də artıq belə görüşlərə qatılmıram. Mən nə İsa Qəmbər, nə də Əli Kərimli ilə görüşmüşəm. Heç görüşmək üçün təşəbbüs də göstərmirəm. Açığını deyim ki, bu görüşlərin heç bir mənası yoxdur. Belə görüşlərdə hər zaman özümü təhqir olunmuş hesab edirəm. Açığını deyim, bir var insan kiminləsə görüşsün, müzakirə aparsın, ideya və fikirlərdə dəyişiklik olsun. Amma bu görüşlərdə heç bir yeni fikir yoxdur, üstəlik, ictimai maraqlar baxımından heç nəyə nail olunmur".
S.Cəlaloğlunun qənaətinə görə, Əli Kərimli ilə İsa Qəmbər arasında olan şəxsi-qərəzlik, bir-birini qəbul etməmək siyasi müstəviyə, partiyalar arasında rəqabətə çevrilib: "Əgər bu gün bu partiyalar özlərini ana və ya ata müxalifət hesab edirsə, deməli, müxalifətin mövcud durumuna görə məsuliyyəti də bu iki partiya daşıyır".
R.HÜSEYNOVA