PDF Oxu

Müxalifət

  • 1 857

Kristofer Smit erməni lobbisinin əlində ipli kuklaya çevrilib

image

SİYASİ RAKURS

ABŞ Azərbaycan kimi ciddi tərəfdaşını ermənipərəst konqresmenlərin maraqlarına qurban verməməlidir

Ölkəmizə qarşı xoş münasibəti olmayan bir neçə amerikalı konqresmeni arasında Kristofer (Kris-R.N.) Smitin daim öndəgedənlərdən seçilməsi artıq kimsəyə sirr deyil. Bu "demokratiya carçısının" erməni lobbisinin əində ipli kuklaya çevrilməsi isə uzun illərə söykənir. Bu konqresmen haqqında ABŞ siyasi dairələrində də ciddi düşünənlərin azaldığı məlum olmaqdadır. Daha dəqiq desək, Smitin və daha bir neçə amerikalı qeyri-ciddi siyasətçinin erməni rüşvətinə alışqanlığı, erməni lobbisinin isə bundan istifadə edərək, onu istədiyi havada oynatması konqresmenin ciddi siyasətçi olmasını böyük şübhələr altına alıb.

ABŞ Konqresində qəbul edilən qərarlar Smit kimilərinin sayəsində ciddi qəbul olunmur

Bu gün nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə belə, ABŞ konqresinin fəaliyyəti, orada qəbul edilən qərarlar ciddi qəbul edilmir. Məhz Kris Smit, yaxud da onun kimi digər konqresmenlərin şəxsi mənafeləri naminə real demokratiya amillərini arxa plana keçirmələri buna səbəb olub. Adıçəkilən konqresmen haqqında irəli sürülən ittihamlardan biri də onun rüşvətə, korrupsiyaya olan hərisliyidir ki, barəsində onlarla məlumatlar yayılmaqdadır. Məsələn, əldə edilən başlıca məlumatlardan biri K.Smitin radikal dini terror təşkilatı olan "İŞİD"lə müəyyən gizli danışıqlara gedib, onlarla qeyri-qanuni biznes qurmasıdır. Başkəsən canilərlə danışıqlara gedib, onların İraq ərazilərində zəbt etdikləri neft məskənlərindən öz adamları vasitəsilə qara qızılı su qiymətinə alan bu konqresmen haqqında faktlar ortaya çıxıb. Həmin faktlar məxfi şəkildə işləyən amerikalı bloggerlərin arxivlərində mövcuddur. Hətta bu barədə Amerika saytlarına informasiyada sızdırılıb. Belə olan təqdirdə, pul qazanmaq üçün şərəf və ləyaqət, insanlıq hisslərini heç sayan bir konqresmenin demokratiya pərdəsi altındakı oyunbazlıqlarından artıq təəccüblənməyə dəyməz.

Kris Smit erməni aşnalarının qarşısında nə qədər çox "ağlasa", bir o qədər də çoxlu qazanc əldə edəcək

Yeri gəlmişkən, onu da xatırladaq ki, K.Smit erməni lobbisinin pul-parasına satılmış digər siyasətçilər kimi bu ilin aprelində Yerevanda qondarma "erməni soyqırımı" abidəsinin qarşısında diz çöküb, hətta "göz yaşları" da axıdıb. Çünki o, yaxşı bilir ki, erməni aşnalarının qarşısında nə qədər çox "ağlasa", bir o qədər də çoxlu qazanc əldə edəcək. Uzun illərdir ki, sözügedən müstəvidə biznesini quran Smit məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində özünə böyük şəbəkə qazana bilib. Bu gün Qarabağ münaqişəsinin uzanması ona çox sərf edir. Əbəs yerə deyil ki, Kristofer Smit Azərbaycana qarşı "907-ci düzəliş"in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın "müstəqilləşməsi" ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Xatırladaq ki, "907-ci düzəliş" 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilib və bu akt Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlamaqdadır.

Cəmil Həsənlinin ABŞ səfəri əbəs yerə deyildi

Bəllidir ki, bu gün erməni lobbisinin qazanından yemək yeyən sapı özümüzdən olan baltalarımız da var ki, onların Smit kimi bədniyyətli siyasətbazlardan heç bir fərqi yoxdur. Onlar dağıdıcı müxalifət liderləridirlər. Bu barədə də kifayət qədər faktlar mövcuddur. Onun Müsavatın sabiq başqanı İsa Qəmbərlə, ACP-nin sabiq lideri Rəsul Quliyevlə, AXCP sədri Əli Kərimli ilə, o cümlədən, "Milli Şura"nın sədri Cəmil Həsənli ilə sıx təmasları var. Məsələn, bu günlərdə Cəmil Həsənlinin ABŞ-a getməsi və orada Smit də daxil olmaqla, Azərbaycanın düşmənləri ilə görüşməsi deyilənləri təsdiq etməkdədir. Cəmil Həsənli Azərbaycanda səfir olmuş və şəxsi biznes maraqlarını ölkəmizdə reallaşdıra bilmədiyinə görə ölkəmizə ermənilər qədər qənim kəsilmiş Riçard Kozlariçlə də görüş keçirib. Məhz Kozlariçlə Smit arasında hər zaman isti münasibətlərin olması, onların Azərbaycandakı radikal müxalifətə daim təlimatlar verməsi deyilənləri isbatlayır. Onların hər biri isə ermənipərəstdirlər. Təbii ki, ermənipərəstlərlə iş birliyinə gedən müxalifət liderlərinin də onlardan heç bir fərqləri yoxdur. Söz yox ki, yazının əvvəlində də qeyd etdiyimiz kimi, burada olan məqsədlərdən biri Azərbaycan-ABŞ münasibətlərindəki strateji tərəfdaşlığı pozmaqdır. Azərbaycana dəfələrə səfər etmiş yüksək çinli ABŞ rəsmiləri ölkəmizin beynəlxalq və regional təhlükəsizliyin təminində, əməkdaşlığın inkişafında, bölgədə davamlı sülhün qorunmasında rolunu hər zaman vurğulayıblar. Təbii ki, ermənilər bunu istəmir. Kristofer Smit isə bu məsələdə canfəşanlıq edir.

Belə olna təqdirdə isə, yalnız Azərbaycan tərəfi deyil, eləcə də ABŞ-ın Azərbaycanı özünə strateji tərəfdaş hesab edən siyasi dairə rəhbərləri bu barədə ciddi düşünməli, Smit, Kozlariç və s. kimi satılmışlar barədə ölçülər götürməlidirlər. Əks halda, müstəqil və qətiyyətli siyasət yürüdən Azərbaycan da öz tədbirini görməli olacaq.

Rövşən NURƏDDİNOĞLU

P.S. İnanmaq istərdik ki, ABŞ kimi dövlət Azərbaycan kimi ciddi tərəfdaşını ermənilərin oyuncağına çevrilmiş cılız konqresmenlərin çirkin maraqlarına qurban verməyəcəklər. Əgər bu hal baş verərsə, Amerika, həqiqətən Qafqazda və dünyada öz sözünü deməyi bacaran dostunu itirməli olacaq və bundan yalnız zərər görəcək.

Digər xəbərlər