TƏRS BAXIŞ
Sabiq müsavatçılar hələ də partiya biletlərinin onlarda olduğunu deyirlər
Müsavatın qalmaqallı qurultayını və onun nəticələrini bu gün də qeyri-legitim hesab edən tərəflər partiya rəhbərliyinə qarşı sona qədər mübarizə aparacaqlarını və məhkəmə yolu ilə istəklərinə nail olacaqlarını bildirməkdədirlər. Narazılar qrupunun çox hissəsinin hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) cəmləşməsinə baxmayaraq, onlar hələ də partiya üzvü olduqlarını iddia etməkdədirlər. Daha dəqiq desək, bunu sübut etmək üçün əllərində partiya vəsiqələrinin olduğunu deyirlər. Ümumiyyətlə, etirazlarla müşahidə olunan VIII qurultayın nəticələrinin ləğv olunması üçün ən sərt addımlar atılır və burada əsas məqsəd Arif Hacılı klanının, yaxud da qruplaşmasının məğlub olmasıdır.
Narazılar: "Hər birimizin əlimizdə partiya biletimiz var, çıxarılma haqqında da yeni rəhbərlikdən nə sənəd ala bilmişik, nə də bizə sənəd vermək niyyətindədirlər"
Yeri gəlmişkən, bu günlərdə partiya rəhbərliyinə və qurultayın nəticələrinin ləğvi kontekstində davam edən məhkəmədə növbəti qarşıdurma halları yaşanıb. ADR-in aparıcı üzvlərindən biri olan, eyni zamanda Müsavat partiyasının qadınlar bilriyinin eks-rəhbəri Ellada Məmmədli bununla bağlı deyib ki, məhkəmədə digər narazılar - Əlövsət Sadıqlı, Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları iştirak edərək, Arif Hacılının müəyyənləşdirdiyi saxtakarlığa qarşı bir sıra arqumentlər irəli sürüblər. Ellada Məmmədlinin sözlərinə görə, keçirilən məhkəmə iclaslarının birində Müsavat partiyası tərəfindən çıxış edən və ciddi-cəhdlə Arif Hacılının haqlı olduğunu sübut etməyə çalışan vəkil Osman Kazımov hər dəfə öz çıxışlarında yalan danışır, fikirləri yayındıracaq ifadələr səslənidir. Sitat: "Əslində, yayınmaq üçün sual etdi ki, məhkəməyə gələnlər Müsavat üzvüdür? Demək istəyirdi ki, biz partiyadan çıxarılmışıq. Amma bizim Müsavatdan çıxarılmağımızla bağlı hər hansı sənəd yoxdur. Bir adam bizə sübut etsin ki, həqiqətən, partiyadan çıxarılmışıq. Partiyadan çıxarılan adam üçün sənəd verərlər. Hər birimizin əlimizdə partiya biletimiz var, çıxarılma haqqında da yeni rəhbərlikdən nə sənəd ala bilmişik, nə də bizə sənəd vermək niyyətindədirlər. "Mənim səndən xoşum gəlmir" prinsipi ilə hərəkət etdilər. Arif Hacılının və qardaşı Mustafa Hacıbəylinin xoşuna gəlməyən adamlar partiyadan uzaqlaşdırıldı."
"Bununla da illərini Müsavata xərcləmiş insanları partiyadan çıxartdılar"
Beləlkilə, sabiq müsavatçı olmalarına rəğmən, hələ də özlərini Müsıvat üzvü kimi təqdim edən tərəflərin iddiaları dəyişilməz olaraq qalır.
1. Arif Hacılı saxtakarlığa yol verib.
2. Qurultay günü yalnız başqan seçkisi elan olunub və keçirilib.
3. Sərbəst Məclis və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçki keçirilməyib.
4. Arif Hacılı rayon təşkilatının üzvü olmayan şəxslərə mandat verib öz lehinə səs toplamağa nail olub.
5. Gəncə rayon təşkilatının üzvü olan şəxsləri Samux rayonundan qurultay nümayəndəsi seçiblər.
6. Faktiki həmin rayon təşkilatlarında konfranslar olmayıb.
Bütün bunlar isə qurultay başa çatar-çatmaz narazıların irəli sürdükləri ittihamlarla üst-üstə düşür və saxtakarlıqları əks etdirən videomateriallar bu gün də onların əlindədir. Sitat: "Qurultay seçki qanunvericiliyinə və partiya nizamnaməsinə uyğun keçirilməyib. İnsanlar səsverməni divarda, dizinin üstündə həyata keçirirdi, 3 adam bir kabinədə səs verirdi. Bununla bağlı əlimizdə videogörüntülər də var. Qurultayın səlahiyyətinə aid olan məsələlərdən biri sərbəst məclis üzvlərinin və MNTK üzvlərinin seçkisidir. Məclis və MNTK üzvləri yalnız qurultayda seçilib təsdiq olunmalıdır. Nizamnaməyə görə bu səlahiyyət qurultaya məxsusdur. Qurultay 2 gün keçirilməlidir, amma 1 günün içində seçki həll olundu. Arif Hacılı məclisin iclasında istədiyi şəxsləri üzv seçib "yalançı MNTK" yaratdı. Bununla da illərini Müsavata xərcləmiş insanları partiyadan çıxartdılar."
Nəticə etibarilə görünən budur ki, sözügedən məsələ daha da kəskinləşməyə doğru inkişaf edir. Ümumiyyətlə, Arif Hacılı aşkar olaraq dalana sıxışdırılıb və onun iki çıxış yolu qalıb. O, ya qurultayı yenidən keçirməli, yeni qərarlar qəbul edilməli, ya da ki, başqanlıqdan istefa verməlidir. Onun bu addımlara gedəcəyini isə düşünmək sadəlövhlük olardı. Bu zaman, Müsavatı daha ağır günlərin gözlədiyini indidən proqnozlaşdırmaq mümkündür.
Rövşən RƏSULOV