Musa Quliyev: "Müxalifətçi qüvvələr ölkə əhalisini qarşı-qarşıya qoymaq istəyirlər"
Aydın Mirzəzadə: "Müxalifəti əhalinin sosial problemlərinin həlli deyil, bu zəmində siyasi reytinq yığmaq maraqlandırır"
Azərbaycanda növbəti devalvasiyanın baş verməsi ilə anti-milli qüvvələr də yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə başladılar. Heç şübhəsiz ki, böyük iqtisadi qüdrətə malik Azərbaycan dövləti bu çətinliyin də öhdəsindən gələcək, əhalinin zərər çəkməsinin qarşısı qətiyyətlə alınacaq. Təsadüfi deyil ki, hökumət bütün bu istiqamətdə bütün addımları atır, zəruri olan amillərin tətbiq olunması prosesi davam etdirilir. Lakin ortada mühüm bir məqam var.
Bildiyiniz kimi "Naxçıvanbank" ASC-nin Müşahidə Şurasının 25 dekabr, 2015-ci il tarixli qərarı ilə "Naxçıvanbank" ASC-yə 21 dekabr, 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN/USD məzənnəsinə uyğun olaraq aparılacağı bildirilib. Kiçik bank olan "Naxçıvanbank" ASC üzrə xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollardır və 370 nəfəri əhatə edir. Kreditlərin 1,05 AZN/USD məzənnəsi ilə qaytarılması nəticəsində yaranacaq 420 min manat zərər böyük vəsait olmadığı üçün "Naxçıvanbank" ASC tərəfindən öz vəsaitləri hesabına qarşılanacağı mümkün görünür. Eyni zamanda Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilir ki, ölkə miqyasında isə kredit təşkilatları tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 milyard dollar təşkil edir: "Lakin bir sıra kütləvi informasiya vasitələrində eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında da atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradardı. Naxçıvanbank"ın atdığı addımı digər banklardan tələb etmək populizmdir".
Radikal müxalifətin nəzarətində olan mətbuat orqanlarının "Azərbaycanda bütün banklara olan kreditlər köhnə məzənnə ilə ödənməlidir" kimi əsassız iddiaları ilə bağlı iqtisadçı ekspert, kredit mütəxəssisi Rəşad Məmmədov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, bu addım bankların birbaşa portfelini iflic duruma salmış olar: "Eyni zamanda bundan ən çox əziyyət çəkən əmanətçilər ola bilər. Həmçinin, ölkədə fəaliyyət göstərən bankların ən azı 50%-i iflic durumua düşər. Düzdür, vətəndaşın mövqeyi hər şeydən üstündür. Lakin ölkənin əsas iqtisadi dayaqlarından birinə çevrilmiş bankları birdən-birə nokauta salmaq heç də doğru olmazdı. Hesab edirəm ki, kompleks tədbirlər görülməlidir və yəqin ki, Azərbaycan hökuməti elə bir addımlar atacaq ki, əhali də, banklar da əziyyət çəkməyəcək".
Məsələ ilə bağlı "SƏS" qəzetinə danışan millət vəkili Musa Quliyev bildirib ki, devalvasiya ilə bağlı müvafiq addımlar atılır: "Həm hökumət, həm də banklar devalvasiyadan sonra əmanətçilərin itkilərini konpensasiya etməkdən ötrü lazımı addımları atır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi respublika həyatı üçün lazım olan qanun və qərarları qəbul etməkdə sərbəstdir. Naxçıvan əmanətçilərinin vəziyyətini nəzərə alaraq, atılmış çox xeyirxah bir addımdır və bunu sadəcə, alqışlamaq lazımdır. Lakin müxalifətçi qüvvələr ölkə əhalisini, eyni zamanda əmanətçiləri qarşı-qarşıya qoymaq istəyir. Bu da müxalifətin xain xasiyyətindən irəli gəlir. Naxçıvanda əmanətçilərin sayı azdır və buna görə də onlara bu güzəştləri şamil etmək olar. Azərbaycanın digər bölgələrində də banklar gələcəkdə belə addımlar ata bilər. Bu gün istər Azərbaycan hökuməti, istər Mərkəzi Bank, istərsə də özəl banklar hamısı çalışır ki, Azərbaycan vətəndaşlarının manatla qoyulan əmanətləri qorunsun, dollarla verilən kreditlərdə isə əhaliyə imkan daxilində güzəştlər edilsin. Mərkəzi Bank bununla bağlı özəl banklarla birgə görüş keçirərək öz tövsiyələrini verir. Bütövlükdə bütün banklar çalışır ki, Azərbaycan vətəndaşları manatın devalvasiyasından çox əziyyət çəkməsinlər. Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşamır və dünyanın bir çox ölkələrində baş verən proseslər Azərbaycana da təsir edir. Devalvasiyadan hər kəs - həm dövlət, həm hökumət, həm banklar, həm də vətəndaşlar itirir. Hökumət və banklar bu itkinin təsirlərini konpensasiya etməkdən ötrü lazımı addımları atır. Müxalifət isə istənilən halda bu addımlara qarşı çıxmaqla dövlətçiliyə qarşı çıxırlar. Bu da onların xarakterindən irəli gəlir".
Millət vəkili Aydın Mirzəzadə müxalifətin banklara olan borcu ətrafında ajiotaj yaratmağa cəhd etməsinə münasibət bildirərkən qeyd edib ki, müxalifət əhalinin banklara olan borcu ilə siyasi spekulyasiya edir: "Müxalifəti əhalinin sosial problemlərinin həlli deyil, bu zəmində siyasi reytinq yığmaq maraqlandırır. Müxalifət bu gün manatın devalvasiyası ilə bağlı gedən proseslərdə bir qayda olaraq qeyri-obyektiv informasiya yayır. Onlar məsələni mahiyyətindən uzaqlaşdırmağa çalışırlar. Manat subyektiv qərarlara görə yox, dünya maliyyə bazarlarında gedən proseslərə görə, dollara olan nisbətini dəyişib. Bu, qaçılmaz prosesdir. Bu məsələdə müxalifət siyasi xal yığmağa çalışır. Müxalifət əhalinin banklara olan borcu ilə siyasi spekulyasiya edir. Müxalifət desə də, deməsə də bu məsələ iqtidarın diqqətindədir. Millət vəkili qeyd edib ki, bu gün Mərkəzi Bank əhalinin banklara olan borcu məsələsi ilə bağlı özəl banklara qərar vermək barəsində tövsiyə edib: "Hazırda məsələ özəl banklar tərəfindən araşdırılır. Şübhəsiz ki, əhalinin maraqları nəzərə alınaraq, müəyyən qərara gəlinəcək. Bunun özü də göstərir ki, dövlət əhalisini heç bir zaman çətinlikdə qoymayacaq".
Samir