PDF Oxu

Müxalifət

  • 2 301

Uğursuz müxalifətin daha bir uğursuz ili

image

TƏRS BAXIŞ

Yaxud onların uğursuzluq zolağından çıxmaq şansları qalmayıb

2015-ci ili geridə qoyduq. Lakin ölkədə və dünyada gedən proseslər sanki özlərini "aparıcı müxalifət siyasi qüvvə" kimi təqdim edən ənənəvi müxalifətə təsir etmədi. Beləlkilə, heç bir səmərəli iş görə bilməyən müxalifət yerində saymaqla ötən ili başa vurmuiş oldu. Ümumiyyətlə, 2015-ci ildə də ənənəvi müxalifət düşərgəsində kifayət qədər passivlik müşahidə edildi. Nə mitinqlər çağırışlarına, nə də ki, digər şüarlara xalq tərəfindən cavab verilmədi. Halbuki 2015-ci il həm də parlament seçkiləri ili idi! Yerində saymağı ənənəyə çevirmiş ənənəvi müxalifət inkişaf etmək yerinə, digər seçki illərinə nisbətən bu seçkilərdə özünü, ümumiyyətlə təcrid etmiş vəziyyətdə qoydu.

AXCP və Müsavat partiyaları bununla öz gücsüzlüklərini, ictimai rəyə lazım olmadıqlarını aşkar şəkildə etiraf etmiş oldular

Məsələn, öz uğursuzluqlarını pərdələmək üçün bir sıra müxalif siyasi partiyalar bu prosesə qoşulmaqdan imtina etmək üçün əllərinə düşən girəvəni buraxmadı. Guya seçkilərin anti-demokratik keçiriləcəyini iddia edən AXCP, ya da onun yedəyi qismində çıxış edən "Milli Şura" və s. kimi qurumlar yaxalarını kənara çəkdilər. Daha dəqiq desək, 20 ildən artıqdır ki, müxalifətdə sanki monopoliya yaratmış AXCP və Müsavat partiyaları bununla öz gücsüzlüklərini, ictimai rəyə lazım olmadıqlarını aşkar şəkildə etiraf etmiş oldular. Məsələn, bir-birinin ardınca baş verən səsli-küylü istefalar da belə deməyə əsas verir ki, artıq bu adda partiyaların heç bir siyasi təsir imkanları qalmayıb.

AMİP başsız qalıb

Azərbaycan Milli İstiqlal Partiyası kimi partiyalar da kənarda qalmaqdan yaxa qurtara bilməyiblər. Etibar Məmmədovun uzun illər öncə sədrlikdən getməsindən sonra rəhbərlik baxımından bəxti gətirməyən AMİP başa vurmaqda olduğumuz ildə də "ənənəsinə" sadiq qaldı. Belə ki, partiyanın sədri Yusif Bağırzadə gözlənilmədən (?) sədrlik postundan istefa verərək sələfləri kimi AMİP-i başsız qoydu. Parlament seçkilərinin gərgin zamanında baş vermiş bu istefa heç şübhəsiz ki, AMİP-in seçki strategiya və taktikasına mənfi təsirsiz ötüşmədi. Nəticə etibarilə AMİP də seçkilərdə uğursuzluqla qarşılaşdı.

"Ümid"-ADP birliyinin "Qarabağ" körpüsü yandı, "Azadlıq" bloku da eyni aqibəti yaşadı

2015-ci il digər müxalif partiyaları üçün də uğursuzluqla yadda qaldı. Məsələn, bir neçə il tərəfdaşlıq edən İqbal Ağazadənin "Ümid" və Sərdar Cəlaloğlunun ADP partiyaları da yollarını ayırmalı oldular. Yəni onlar arasında olan yeganə körpü "Qarabağ" bloku fəaliyyətinə son qoymuş oldu.

O cümlədən, parlament seçkilərində birgə iştirakı qarşıya məqsəd qoyan "Azadlıq-2015" seçki bloku da bənzər aqibəti yaşadı. Blok seçkilər öncəsi parçalandı və fəaliyyətsiz vəziyyətə düşdü.

Bütün bunlar isə uğursuz müxalifətin yeni-2016-cı ildə daha uğursuz vəziyyətə doğru sürüklənəcəyindən xəbər verir. Necə deyərlər, uğursuzluq zolağına düşmüş bu kimi dırnaqarası siyasi qurumların oradan çıxmaq şansları qalmayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər