PDF Oxu

Müxalifət

  • 1 629

Müxalifətin iddiaları əsassız və populizm xarakterlidir

image

YAP funksioneri: "Çox təəssüf ki, bəzən müxalifət hansısa təklifi verəndə, həmin təklifi düzgün və yeganə variant hesab edir"

Dünya bazarında neftin ucuzlaşmasından sonra manatın dollara nisbətdə ucuzlaşmasından sonra radikal müxalifət düşərgəsi ənənəsinə sadiq qalaraq, bütün dünyada cərəyan edən məlum qlobal hadisələrin günahını yenə də Azərbaycan hakimiyyətinin üzərinə yığmağa cəhd etdi. Lakin bubunla yanaşı, düşərgə təmsilçiləri onu da iddia etdilər ki, guya hakimiyyət, xüsusilə, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) müxalifət tərəfindən verilən "təklifləri" dəstəkləmir və s. Buna görə də müxalifət tərəfdarlarını mitinq və aksiyalara cəlb etməlidir. Ancaq müxalifətin azsaylı tərəfdarları da sözügedən fikri dəstəkləməyərək, bu addımların səmərəsiz olduğunu anlayırlar. Ona görə də bu tipli çağırışlara ciddi yanaşma etmirlər.

Vaxtilə iqtidarla dialoqa getməyi "xəyanət" adlandıranlar indi də YAP-ın onlarla bir araya gəlmək istəmədiyini iddia edirlər

Halbuki özlərini "ağıllı" hesab edən müxalifət liderləri bir dəfə də olsun iqtidar partiyasına müraciət edərək, sözügedən məsələ ilə bağlı masa arxasına keçmirlər. İctimai rəy belə bir addımı iqtidar-müxalifət dialoqu zamanı da görmüşdü. Həmin vaxt bir neçə müxalifət partiyası YAP-ın qərargahında bir araya gələrək müəyyən məsələlər barədə fikir mübadilələri aparsalar da, radikalizm yolunu tutanlar onları xəyanətdə suçladılar.

Beləliklə, vaxtilə iqtidarla dialoqa getməyi "xəyanət" adlandıranlar indi də YAP-ın onlarla bir araya gəlmək istəmədiyini iddia edirlər. Amma bu, heç də belə deyil. Məsələn, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə hakimiyyət istənilən məsələyə dair müzakirə apara biləcəyini bildidib.

Siyasi Şuranın üzvü: "Azərbaycan hakimiyyəti cəmiyyətin bütün təbəqələri ilə istənilən məsələlərin müzakirəsinə hər zaman hazırdır"

"Heç bir təklif, heç bir müraciət diqqətsiz qalmır"-deyə vurğulayan hakim partiyanın əsas funksionerlərindən biri deyib ki, siyasi yönümündən asılı olmayaraq, istənilən təklif həmişə müzakirə mövzusudur: "Əgər müxalifət ölkənin qarşısında duran problemlərlə bağlı, günün tələbinə cavab verən və hər hansı məsələnin həllinə yönələn təkliflər verərsə, problem olmadan həmin təkliflər qəbul da edilə bilər. Azərbaycan hakimiyyəti cəmiyyətin bütün təbəqələri ilə istənilən məsələlərin müzakirəsinə hər zaman hazırdır".

Lakin bununla yanaşı, Aydın Mirzəzadə müxalifətin bu cür məsələlərdə nöqsanlarının olduğunu da deyib. Sitat: "Çox təəssüf ki, bəzən müxalifət hansısa təklifi verəndə, həmin təklifi düzgün və yeganə variant hesab edir və onun qəbul edilməsinin vacibliyini bildirir. Bununla belə, bilmək lazımdır ki, hər bir məsələ müzakirəyə çıxarılan zaman onun doğrudan da həll yolu olduğu qənaətinə gəlinməlidir".

Müxalifət məsuliyyət daşımır, həmin məsələlərin qərarına cavabdeh deyil

Göründüyü kimi, onun sözlərindən həm də belə nəticəyə gəlinə bilər ki, fərqli siyasi düşüncədə olan zaman bir çox hallarda müxalifətlə iqtidarın fikirləri üst-üstə düşməyə bilir. YAP-ın Siyasi Şurasının üzvü də məhz bu amili önə çəkərək, əslində, bu məsələdə müxalifət tərəfinin populizmlərini sərgiləmək üçün simulyasiya etdiyini istisna etmir. Yəni müxalifəti sonrakı proseslər maraqlandırmır və onlar yalnız öz müqəddəratlarının toxunulmaz olmasına çalışırlar: "Təəssüf ki, müxalifət iqtisadi problemlərin həllində populizmə yol verir. Məsələnin həll olunmasından daha çox onun görüntüsünə böyük əhəmiyyət verir. Bunun nə ilə nəticələnəcəyi onun üçün maraqlı deyil. Çünki müxalifət məsuliyyət daşımır, həmin məsələlərin qərarına cavabdeh deyil. Alınsa, uğuru müxalifətin adına yazırlar. Alınmasa, uğursuzluğu iqtidarın adına yazırlar. Bütün bunlara baxmayaraq, müxalifət indiki dövrlə bağlı çıxış yolu göstərən təkliflər paketi ilə müraciət edərsə, həmin təkliflər paketi müzakirə oluna bilər".

Bütün bunlara baxmayaraq, YAP-ın istənilən ümummilli və dövlətçilik məsələlərində müxalifətlə dialoq mühitinə getməsi faktdır. Bu Aydın Mirzəzadənin fikirlərindən də aşkar görünür. Əbəs yerə deyil ki, YAP təmsilçisi hətta təklifləri olarsa, müxalifətin həmin təklifləri ətrafında mzakirə aparıb, qəbul edilə biləcəyi şansının olmasını da vurğulayıb. Əgər elədirsə, müxalifət nəyə görə bu qədər iddialar irəli sürməsinə rəğmən, guya iqtidarın onlarla dialoqa getmədiyini ictimai rəyə sırımaları yerinə, əməli addımlar atmaqdan yan keçirlər? Yəqin ki, bu sualın cavabı hər kəsə gün kimi aydındır...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər