TƏRS BAXIŞ
Və ya proseslərin dalınca sürünənlər
Ənənəvi müxalifət liderlərində istər daxili, istərsə də xarici siyasi məsələlər kontekstində gündəmdə qalma iddiaları mövcud olsa da, onlar bu iddialarını reallaşdıra bilmirlər. Daha dəqiq desək, uzağı mətbuatda və sosial şəbəkələrdə görünərək, "biz də varıq" prinsipini önə çəkən düşərgə liderləri bu vasitəylə də ictimai rəyə təsiretmə gücü göstərə bilmirlər. Bu isə ilk öncə, belə qənaətə gəlməyə zəmin yaradır ki, həqiqətən, proses yaratmaq gücündə olmayan, sadəcə, zaman axarında əmələ gələn proseslərin arxasınca yürüyən müxalif liderlər mətbuat və facebook çıxışlarındakı "tövsiyələrindən", "təkliflərindən" o tərəfə keçə bilmirlər. Yəni onilliklər boyu müxalifətdəki yerlərində sayaraq iqtidara gələ bilməyən liderlər özlərinə sual etmirlər ki, axı hansı çatışmazlıqları, bacarıqsızlıqları onları xalqdan təcrid edib? Yaxud nəyə görə xalq bu cür müxalifəti ciddi hesab etmir?
Xarici qüvvələr də canfəşanlıq edir, radikal müxalifətə, necə deyərlər, "fitil qoyurlar"
Görünür, bu barədə düşünmək istəməyən düşərgə liderləri hələ də çıxış yolu olduqlarını və həmin yollarının sosial şəbəkələrdən keçdiyini düşünürlər. Neftin dünya bazarındakı qiymətinin kəskin ucuzlaşması prosesindən sonra milli valyutamız olan manatın dollar qarşısında dəyərini itirməsi olayını dərhal "hakimiyyətə gəlmək üçün şans" hesab edən radikal müxalifət liderləri bütün güclərini verdilər sosial şəbəkələrə. Halbuki onlar mitinq və aksiyalar barədə də düşünə bilərdilər. Ancaq bunu etməyə cürətləri çatmadı. Ona görə çatmadı ki, xalqın məlum hadisələr fonunda belə onlara dəstək verməyəcəyini dərk etdilər. Onda növbəti belə bir sual yaranır - əgər siz xalqın sizi dəstəkləmədiyini bu qədər aşkar şəkildə dərk edirsinizsə, hansı qüvvəyə inanaraq, hakimiyyətə yiyələnə biləcəyinizi düşünürsünüz? Söz yox ki, bu kimi hallarda Azərbaycanda siyasi və s. maraqları olan xarici qüvvələr də canfəşanlıq edir, radikal müxalifətə, necə deyərlər, "fitil qoyurlar". Ənənəvi müxalifət "liderləri" isə bundan həvəslənir və sosial şəbəkələrdə öz təbirlərincə "güclü maliyyə, iqtisadi" proqnozları ilə çıxış edirlər. Gəlin, bu ərəfələrdə onlarda bir neçəsinin facebook vasitəsilə yazdıqları statuslarına nəzər salaq. Məsələn, artıq hüquqi qeydiyyatı kifayət qədər şübhə altında olan AXCP-nın sədri Əli Kərimli guya baş verənlərə biganə qalmadığını sübut etməyə çalışır. Amma hər hansı bir etiraz aksiyası məsələsinə gəlincə, sadəcə, susur...
Sadəcə, boşboğazlıq və kimsədə maraq oyatmayan haray-şivən
Daha bir sual meydana çıxır - hakimiyyəti "bacarıqsızlıqda" ittiham edən AXCP sədri, görəsən, özünün və özükimilərinin düşdükləri mövcud durumda bacarıqsız olduqlarının fərqinə varıbmı? Tutaq ki, onlar indi zəifləyiblər, bəs daha öncəki illərdə, məsələn, "Ərəb baharı" deyilən bir dövrdə niyə küçələrə çoxsaylı kütlə çıxarmağa nail ola bilmədilər? Bax, məsələ də ondadır ki, zamandan, hadisələrdən və s. olaylardan asılı olmayaraq, bu cür müxalifət daim uğursuz, məğlubedilən, ucuz olaraq qalacaq necə ki, qalmaqda davam edir. Sadəcə, boşboğazlıq və kimsədə maraq oyatmayan haray-şivən.
Onlardan biri də Müsavat partiyasının hazırkı başqanı Arif Hacılı və sabiq başqanı İsa Qəmbərdir. Türkiyədə fəaliyyət göstərən özəl telekanallarının birinə devalvasiya ilə bağlı açıqlama verən Arif Hacılı iddia edib ki, guya qarşıdan gələn ildə qarşıdurmalar olacaq (?!-R.R.). İsa Qəmbər isə iddia edib ki, guya Azərbaycan xalqını "ağır böhran, aclıq və səfalət gösləyir" (??!!-R.R.).
Beləliklə, onlar iqtidara yiyələnə bilmədiklərini xalqın dəstəklədiyi hakimiyyətə iftira atmaqla, boş-boş, özləri kimi saxta bəyanatlarla özünü almağa çalışırlar. Ancaq bu məsələdə də uğursuzluğa düçar olurlar.
Təbii ki, digər müxalifət liderləri də bu vəziyyətdədir. Görünən isə odur ki, onlar xarici ağalarının təlimatları sayəsində "facebook inqilabı" etmək fikrindədirlər. Necə ki, 2005-ci ildə başlarının üzərinə ABŞ-ın o zamankı prezidenti Corc Buşun portretlərini qaldırmışdılar...
Beləliklə, fakt budur ki, ənənəvi müxalifət və onun liderləri prosesin arxasınca sürünürlər. Sürünə-sürünə isə mövbud vəziyyətə düşüblər.
Rövşən RƏSULOV