PDF Oxu

Müxalifət

  • 2 030

26 il öncədən fərqlənməyən dağıdıcılıq siyasəti

image

20 Yanvar hadisələrinin günahı bu gün də hakimiyyətə iddialı qüvvələrin boynundadır

Düz 26 il öncə müstəqillik uğrunda şəhidlik zirvəsinə ucalarkən bugünün radikal müxalifət "lider"ləri həmin dövrlərdə hakimiyyətə can atırdılar. Məhz buna görə də, indiki radikallarla 26 il əvvəlki hakimiyyətə gəlməyə canatan hərislər arasında hər hansı fərq axtarmağa ehtiyac yoxdur. Çünki 20 Yanvar hadisələrinin günahı bu gün də hakimiyyətə iddialı qüvvələrin boynundadır. Çünki proqramlarında dəyişməz olan yeganə amil cəmiyyəti inkişafdan, tərəqqidən xaos və süquta doğru sürükləməkdir.

Onlar günahlarını yumaq əvəzinə, daha da artırmaqdadırlar

Həmin gün, yəni yanvarın 20-də səhər prezident aparatının qarşısında hakimiyyət hərisləri ilə yanaşı, Primakov, Yazov kimi Kreml qaniçənləri də onlarla bir sırada dururdu. Bir faktı da xatırladaq ki, səhər fövqəladə vəziyyət elan edilsə də, qırğın bir neçə gün davam etdi. "Liderlər" də canfəşanlıqla öz mərkli planlarını gerçəkləşdirməkdə idilər. Bu gün həmin dağıdıcılar özlərini təmizə çıxarmağa çalışaraq, bildirirlər ki, o vaxt səhv etmişdilər, indi səriştələrini artırıblar və günahlarını yumağa hazırdılar. Belələrinə inanmaq aldanmaqdan başqa bir şey deyildir. Çünki belələri öz adlarını su üzərində yazırlar ki, məsuliyyət yükündən azad olsunlar. O qanlı-qadalı gecədə hakimiyyət hərisləri öz aralarında bir nəfər də olsa itki verməyərək, dinc əhalinin qırğınına səbəb oldular. Çətin məqamda "asta qaçan namərddi" deyib, aradan çıxaraq aydan arı, sudan duru çıxırdılar. Ancaq 1990-cı il 20 Yanvar faciəsindən sonra qurumlarında çat baş verdi. Radikalların bir-birilərinə qənim kəsilmələri tezliklə qurumlarının saylarının artmasına səbəb oldu. Araz və Zərdüşt Əlizadələr AXC-dən uzaqlaşıb, ASDP-də möhkəmləndilər. Bir müddət sonra isə Leyla Yunusova ASDP-dən ayrılıb, öz partiyasını yaratdı. AXC-çilər Moskvaya getmiş Etibar Məmmədovu öz qurumlarının üzvü hesab etmədiklərini deyib, onu Lefortovoya saldırdılar. E.Məmmədov oradan çıxdıqdan sonra AMİP-ini yaratdı.

Bu gün radikallar yaratdıqları oyuncaq siyasi partiyalarla 2015-ci il parlament seçkilərində qalib gəlmək istəyi ilə yaşasalar da, xalq onlara dəstək olmadı. Çünki xalq "Yeni hədəflərə doğru!" getdiyi bir vaxtda, bu bədbəxtlər hələ də "hannan-hana, damdan-dama" deyə-deyə acizliklərini nümayiş etdirməkdədirlər. Bir də neyləsinlər axı radikalların bacardıqları yeganə iş bir qurum (o zamanın AXC-si) daxilindən çıxaraq, ayrı-ayrı, müxtəlif qurumlar daxilində sığınmaqdır. Yeganə istəkləri ciddi-cəhdlə tərsinə hərəkət etməklə təmsil olunduqları ayrı-ayrı partiyaları bir blokda birləşdirməkdədir. Radikalların bu arzuları heç cür gerçəkliyə qovuşmur. Çünki bu bədbəxtlər hələ də anlamırlar ki, xalq belə aciz qəmbərquluları qəbul etmir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər