Vaxtilə "İŞİD" Azərbaycana xoş gəldin" deyən İnqilab Kərimov indi "övladlarınızı buradan pasılka ilə morqa göndərəcəyik" deyir
AXCP sədri Əli Kərimlinin müxalifətçilik pərdəsi altında qisasçılıq ideologiyası ilə çıxış etməsi kimsəyə sirr deyil. Zaman-zaman mətbuatda gedən real faktlar ictimailəşdirildikdən sonra, "hakimiyyətə gələndən sonra görəcəyik" tipli hədyan tipli bəyanatlarla çıxış edən Əli Kərimli bununla sübut edir ki, onun məqsədi məhz qisaçılıq prinsipi üzərində qurulub. Təbii ki, Əli Kərimlidən başqa heç nə gözləməyə dəyməz. Çünki ortada olan faktlar da belə qənaətə gəlməyə zəmin yaradır ki, o və yaxın ətrafı demək olar ki, hər gün radikalçılıq, dağıdıcılıq eşqi ilə yaşayır, iqtidara yiyələnmək xəyalları qurub, insanları öz təbirlərincə, "asıb-kəsirlər". Əbəs yerə deyil ki, AXCP sədrinin əmisi oğlu İnqilab Kərimov vaxtaşırı olaraq sosial şəbəkədə qan-qada xarakterli statuslar paylaşır, terrorçusayaq ölüm təhdidləri püskürür. Məsələn, bir müddət öncə o, başkəsən, müxtəlif növ əzablı edam cəzaları tədbiq edərək bəşəriyyətə ölüm qorxusu saçan İŞİD terror şəbəkəsini Azərbaycana dəvət edən status paylaşmışdı. Üstəlik, bunu da qeyd etmişdi: "İŞİD, Azərbaycana xoş gəldin" (?!-R.N.) Əlbəttə ki, Əli Kərimlinin ətrafından ya bu cür, ya da digər qeyri-insani davranışları görəndə təəccüblənmək lazım deyil. Çünki əxlaqsızlıq, söyüş, şərəfsizlik kimi amillər deyərkən, ilk növbədə, Əli Kərimli və onun yaxın ətrafı yada düşür.
Buna səbəb Qənimət Zahidin "facebook" sosial şəbəkəsində paylaşdığı qeyri-dəqiq, əsassız, mənbəsi olmayan "informasiya" yayması olub
Hazırda Fransada mühacir həyatı yaşayan İnqilab Kərimov bu dəfə də eyni prizmadan çıxış edib və indi də insanların başlarını kəsəcəyi hədəsini "facebook"dakı statusunda paylaşıb. Daha dəqiq desək, AXCP sədrinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov Azərbaycan məmurlarının övladlarının başlarını kəsəcəyi, onları qətlə yetirəcəyi ilə açıq hədə qeydləri edib. Buna səbəb isə Əli Kərimlinin digər yaxın ətrafından olan şəxs - "Azadlıq" qəzetinin yenə də Fransada yaşayan baş redaktoru Qənimət Zahidin "facebook" sosial şəbəkəsində paylaşdığı qeyri-dəqiq, əsassız, mənbəsi olmayan "informasiya" yayması olub. O, qeyd edib ki, hakimiyyət guya Avropada mühacir həyatı yaşayan müxalifətçilərə qarşı "hücumlar" təşkil edəcək və hətta müxtəlif tipli "ləğvetmə kampaniyaları" da aparılacaq (??!!-R.N.).
Təbii ki, kifayət qədər boş vaxtlarını səmərəli işlərə sərf etmək yerinə məhz bu cür sərsəm iddialarla keçirən Qənimət Zahid və s. kərimovçuların belə fikirləri ortaya atmaları havadan yaranmır. Onları yaşadıqları ölkələrdə idarə edən müəyyən anti-Azərbaycan meyilli qüvvələr iyrənc planlarını gerçəkləşdirməkdən ötrü bu cür axmaqlıqlardan yararlanmağa cəhd edirlər. Belə olan məqamda İntiqam Kərimov, Qənimət Zahid və s. adamlar onlar üçün, necə deyərlər, göydəndüşmə olur. Lakin fakt budur ki, Əli Kərimlinin ətrafı əllərinə düşən hər imkanda qan-qada, ölüm təhdidləri, yandırmaq, baş kəsmək kimi çağırışlarda bulunaraq, əslində özlərinin "hansı yuvanın quşu" olduqlarını göstərmiş olurlar.
İnqilab Kərimov həmin "xəbərin" guya "ciddi" olduğunu yazıb və yüksək rütbəli məmurların övladlarının başlarını kəsdikdən sonra şəkil çəkdirib, sosial şəbəkələrdə yerləşdirəcəyini bildirib
Qənimət Zahidin əsassız statusundan sonra İntiqam Kərimov dərhal şərh bölməsində həmin "xəbərin" guya "ciddi" olduğunu yazıb və bundan sonra Azərbaycanda fəaliyyət göstərən yüksək rütbəli məmurların övladlarını öldürəcəyini, onların başlarını kəsdikdən sonra şəkil çəkdirib, sosial şəbəkələrdə yerləşdirəcəyini bildirib. Üstəlik, söyüş, təhqir və digər qeyri-etik ifadələri ilə!
Onu da xatırlatmaq olar ki, İnqilab Kərimov hələ bir müddət öncə İŞİD-i Azərbaycana dəvət edən statusu ilə çıxış edərkən, AXCP sədri Əli Kərimli dərhal buna reaksiya vermiş və "Azadlıq" qəzetində, o cümlədən, "facebook"da bildirmişdi ki, guya onun əmisi oğlu həmin sözlərini "zarafatyana", "ironik" xarakterdə yazıb (?!-R.N.). Sitat: "İnqilab Kərimov sözügedən "facebook" statusunu ironiya və zarafatyana yazıb...İnqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun".
Əli Kərimlinin İnqilab Kərimov haqqında yazdığı "zarafat edib" fikirləri öz təsdiqini tapmadı
Fəqət, göründüyü kimi İnqilab Kərimov nə diqqətli oldu, nə də Əli Kərimlinin onun bu murdar əməllərini "ironiya", "zarafatyana" kimi pərdələməsi, ya da malalaması yalan çıxdı. Hərgah, İnqilab Kərimov, həqiqətən də zarafat, ya da ironiya ilə statuslar paylaşsaydı, indi növbəti addımını atmazdı, yəni böyük əmisi oğlu Əli Kərimlinin sözünə baxıb, "diqqətli" olardı. Ancaq olmadı! Üstəlik, bu statusunu da paylaşmış oldu. Sitat: "Azərbaycan məmurlarına müraciət. Avropada yaşayan arvad sifətli övladlarınızı çəkin yanınıza. Əks halda buradan pasılka ilə morda göndərəcəyik ". Göründüyü kimi, burada kifayət qədər açıq ölüm təhdidi var və bunu heç bir halda pərdələməyə, malalamağa ehtiyac da qalmır. Yəqin ki, Əli Kərimli bu dəfə əvvəlki kimi öz əmisi oğlunu "təmizə çıxarmaq" istəməyib, onun sözlərini təsdiq edən fikirləri ilə çıxış edəcək. Çünki onun real düşüncələri bu yöndə inkişaf edib - öldürmək, təhqir etdirmək və s. Biz bunu Qənimət Zahidin səhifəsində yazılanlara onun tərəfindən irad bildirməməsindən, bu cür çağırışlar etməmək tövsiyələrini verməməsindən də görə bilərik.
Əli Kərimli öz əmisi oğlu haqqında : "Müxalifətin keçirdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış aksiyalarda İnqilab Kərimovun avanqardlığı hiss olunub"
Eyni zamanda, İntiqam Kərimovun terrora çağırış və hədə statusunu Əli Kərimlinin partiyasını təmsil edən 15 nəfər üzvü və daha bir müavini Nurəddin Məmmədli də "like" edərək, bəyənib. Bu olay isə bir daha göstərir ki, Fransanın göbəyində oturub terror çağırışları edən kərimovçular qana susadıqlarını, qisasçılıq hissi ilə yaşadıqlarını gizləmirlər. Maraqlıdır, ötən il iki terror hadisəsilə ilə sarsılan Fransanın hüquq-mühafizə orqanları nəyə görə bunu görmürlər, yaxud da ölkələrində yaşayan terrorçu mühacirlərə bu qədər sərbəstlik verirlər? Yəqin ki, bu sonrakı mövzudur və mütləq buna da toxunacağıq!
Ancaq sonda daha bir ştrixi əlavə etməyi lazım bildik. Hələ 2012-ci ildə, "Milli Şura" yaradılmamışdan öncə fəaliyyət göstərmiş "İctimai Palata" adlı qurumun mitinqlərində Əli Kərimli çoxsaylı imzalarından biri olan "Hikmət" imzası ilə əmisi oğlu İnqilab Kərimovun tərifini qaldırıb "dağın başına qoymuşdu". "Azadlıq" qəzetinin saytında 26 dekabr saat 06:54-də dərc edilən yazının bir qismini diqqətinizə çatdırırııq: "İnqilab Kərimov - bu adı isə siyasi fəalların əksəriyyəti tanıyır. İnqilab Kərimov Əli Kərimlinin əmisi oğludur. Lakin o, bu genetik əlamətinə görə deyil, əqidəcə Əli Kərimliyə yaxınlığına görə tanınıb. Müxalifətin keçirdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış aksiyalarda İnqilab Kərimovun avanqardlığı hiss olunub".
Göründüyü kimi, AXCP sədri Əli Kərimli bu dəfə əmisi oğlunun məlum əməllərini gizlədə, yaxud da pərdələyə bilməyəcək. Çünki onun vaxtilə "Hikmət" imzasıyla yazdığı və İnqilab Kərimovu dəstəklədiyi fikirlər də belə deməyə zəmin yaradır. Hər halda faktlar belə deməyə əsas verir.
Rövşən NURƏDDİNOĞLU