Azərbaycanda siyasi proseslərin durğun olmadığı zamanlarda "ana müxalifətsilik" anlayışı deyilən ifadə var idi və bu ad uğrunda mübarizə gedirdi. Hətta son zamanlara qədər Müsavat və AXCP-nin "ana müxalifət" olmasını qəbul edənlər də vardı. Lakin bu gün ölkənin aparıcı müxalifət partiyaları arasında çəkişmələrin getdiyi bir vaxtda onlar nüfuzlarını itirməyə doğru gedir. Görünür, elə bu baxımdan da "əsl müxalifət" "titulunu" ortaya atmaqla boş və mənasız "iddialardadırlar". Ancaq bu iddiada olanlara öz həmkarlkarının dili ilə "bu boş xülyalarla 24 ildir ki, yaşayırsınız, nəticə nə oldu? Biabırçılıq".
Rəsul Quliyev: "10 nəfərdən biri, özünü "ana müxalifət" adlandırırsa, görünür, onlar axmaq olaraq qalacaqlar"
Sabiq spiker Rəsul Quliyev müxalifət düşərgəsindəki vəziyyəti şərh edərkən bildirib ki, bu, çox gülməli və diletantların istinad etdiyi nəzəriyyədir: "Müxalifət xalqı ayağa qaldırmaq şansına malik deyilsə, hansı "ana müxalifət" və yaxud da "əsl müxalifət"dən danışmaq olar? Bu "badbaxtlar" anlamırlar ki, bu gün hər hansı partiya sədri öz ətrafında 5-10 nəfərin o biri partiya sədrindən artıq olmasından qürrələnməməli, "ana müxalifətçilik" yarışı aparılmamalıdır. Çünki hər şey bir kənara, heç olmasa, uğursuzluqlardan nəticə çıxarmalıdırlar. Ancaq atalar demişkən, "utanmasan, oynamağa nə var ki?"
Sərdar Cəlaloğlu: "Azərbaycanda "ana müxalifət" küçə müxalifəti səviyyəsindədir"
ADP sədri Sərdar Cəlaloğlu sözügedən məsələyə aydınlıq gətirərək, bəzi səbəblərə görə "ana müxalifət" termininin artıq gündəmdən çıxdığını söyəlyib: ""Ana müxalifət" adına iddialı olanlar güclü olmaldırlar, xalq tərəfindən dəstəklənməlidir. Müxalifət düşərgəsində sürünənlər var. Bu gün müxalifət düşərgəsində xalqın problemlərini təkcə öz çiyninə götürəcək nə elə bir partiya var, nə də "ana müxalifət" deyilən anlayış. Azərbaycan reallığında "ana müxalifət" bu günə qədər küçə müxalifəti səviyyəsində qalır. Belə olan müxalifət düşərgəsində olan partiyalar hansı əsasla "əsl müxalifət" iddiasına düşürlər? Yaxşı olar ki, oturduqları yerdə oturub şükür etsinlər".
Rəfiqə HÜSEYNOVA