TƏRS BAXIŞ
Müsavat başqanının humanitar məsələlər üzrə müavini danışdı
Müsavat partiyasının başı üzərindən bir qala bulud keçməmiş, digəri gəlir. Belə ki, partiyanın qurultayından öncə başlamış narazılıqlar dalğası, istər qurultaydan sonrakı dövrlərdə, istərsə də hazırkı zamanda tam sürətlə davam edir. Məsələn, bu yaxınlarda bəlli olmuşdu ki, başqan Arif Hacılı uzun illər təşkilatın qərargahında gözətçi işləmiş şəxsin maaşını mənimsəyib və ödəmək fikrində deyil. Artıq bununla bağlı məhkəməyə də müraciət edilib. O cümlədən, partiyanın sıralarından çıxarılan, yaxud da öz xoşları ilə istefaya gedən müsavatçılar da Arif Hacılını və onun yaxın ətrafını məhkəməyə verməkdədirlər.
Müsavatçı: "Köhnə və 2003-cü ildə yazılan proqram sənədlərini partiyanın bugünkü proqramı kimi yayımlayıblar. Ayıbdır!"
Lakin bu günlərdə daha bir olay olduqca diqqətçəkici oldu. Bəlli olub ki, partiyanın təqdim etdiyi yeni fəaliyyət proqramı oğurluğuymuş. Daha dəqiq desək, belə bir fəaliyyət proqramı dövrün tələblərinə görə hələ 2005-ci ildə tərtib edilibmiş. Bunu isə sözlərində heç bir şübhə doğurmayan, siyasi fəaliyyətinini, hətta ömrünü müsavartçılığa həsr etmiş bir nəfər deyir. O, uzun illər təşkilatın humanitar şöbəsinə rəhbərlik edən Səftər Nehmətlidir. Müsavatçı öz facebook səhifəsində məsələyə münasibət göstərərkən deyib ki, Arif Hacılının yaşının bu vaxtında, özü də Müsavata rəhbərlik edə-edə oğurluq, plagiatlıq etməsi sadəcə rüsvayçılıqdır. Sitat: "Köhnə və 2003-cü ildə yazılan proqram sənədlərini partiyanın bugünkü proqramı kimi yayımlayıblar. Ayıbdir!"
Nehmətli daha sonra qeyd edib ki, bu, plagiatdır: "...Başqa və daha ağır ifadələr işlətmək fikrindən uzağam. Bu, mənim yaşıma yaraşmır. Məncə, paylı payını götürdü. Burada deyiblər ki, "fərasətli" quş dimdiyindən ilişər. Bunlar buradan Avropadakı dostlarına sifariş verirdilər ki, Səftər Nehmətlinin söysünlər və aşağılasınlar. Bax, bu da həmin dönüklərə layiqli cavabımdır. Boz yabı keçə bilməz, köhlən keçər. Zərlə işləsən də, onun yəhərin və s. və ilaxır".
ADR üzvü: "Qubad İbadoğlunun o vaxt yazdığı proqramlara istinad etməkdən başqa imkanları olmayıb"
Göründüyü kimi, haqqı dediyinə görə Arif Hacılının "facebook"da fəaliyyət göstərən söyüş söyənlər qrupu canını bu partiyada qoymuş müsavatçını təhqir edir. Bu da belə deməyə əsas verir ki, Arif Hacılı AXCP sədri Əli Kərimlinin metodlarından istifadə edərək, ona qarşı çıxa biləcək ən cüzi hadisəni və həmin hadisədə yer alan şəxsi bu cür kənarlaşdırmaq, neytrallaşdırmaq fikrindədir. Təbii ki, burada yalnız radikallıq deyil, həmçinin, qeyri-insani rəftarın da olması göz önündədir. Bu səbəbdən, nəyin necə olduğu da faktlara əsaslanır.
Beləlklə, ortaya çıxan faktlardan biri də hazırda Arif Hacılının düşməninə çevrilmilş, ADR hərəkatının sədri Qubad İbadoğlunun adı ilə əlaqəlidir. Daha dəqiq desək, bu gün Müsavat rəhbərliyinin "Müsavatın yeni fəaliyyət proqramı" adlı təqdimatı sən demə, uzaq 2005-ci ildə (!!!-R.R.) hazırlanıbmış. Həmin vaxt isə onu hazırlayan məhz Müsavatın eks-başqanının sabiq müavini ADR sədri Qubad İbadoğlu olub. Bunu ADR-də fəaliyyət göstərən digər keçmiş müsavatçı da təsdiq edib. Sözügedən məsələyə münasibət bildirən sabiq müsavatçı, hazırda ADR hərəkatında təmsil olunan Rövşən Dəmirli deyib ki, nə Arif Hacılı, nə də onun komandası vəziyyətə uyğun proqram hazırlamaq iqtidarında deyil. Sitat: "Ona görə də Qubad İbadoğlunun o vaxt yazdığı proqramlara istinad etməkdən başqa imkanları olmayıb".
Göründüyü kimi, Arif Hacılı həm də oğurluqla da məşğul olur. Bu cür vasitələrlə isə uzağa getmək olmur.
Rövşən RƏSULOV