PDF Oxu

Müxalifət

  • 2 822

Müsavat - "Yeni Müsavat"ı ittiham etdi

image

Qəzet rəhbərliyi partiyaya adekvat cavab verdi

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun uzun illər təmsil olunduğu Müsavat partiyasının sıralarını tərk etməsindən sonra rəhbərlik etdiyi mətbu orqanın partiya rəhbərliyi ilə münasibətləri daha da kəskinləşdi. Xüsusilə, Müsavatın qurultayından sonra baş verən məlum hadisələrin, narazı qrupların "Yeni Müsavat" qəzetində Arif Hacılıya qarşı etdikləri çıxışlar vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Bu gərginlik bir müddət səngisə də, yenidən qızışıb və tərəflər bir-birini sərt şəkildə qınamağa, ittiham etməyə başlayıblar.

Müsavatın başqan müavini: ""Yeni Musavat" qəzeti Arif Hacılının BMCMİ-yə çağırılması haqqında xəbər belə vermir"

Belə ki, bu günlərdə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının "Yeni Müsavat" qəzetində Müsavat partiyası barədə irəli sürdüyü tənqidi fikirləri partiyanın başqan müavini Səxavət Soltanlı tərəfindən qəzəblə qarşılanıb. O, facebook sosial şəbəkəsində "Yeni Müsavat" qəzetinin rəhbərliyini hakimiyyətə işləməkdə və s. bənzər məsələlərdə ittiham edərək bunları yazıb. Sitat: "Fəzail Ağamalıdan Müsavat partiyasına qarşı açıqlama alan, ölkədə baş verənlərdə Müsavat partiyasını ittiham edən bir müsahibəni yayımlayan "Yeni Musavat" qəzeti Arif Hacılının (yəqin ki, bu, müsahibəyə görə) BMCMİ-yə çağırılması haqqında xəbər belə vermir. Məsələnin dəhşətli tərəfi odur ki, bu müsahibəyə görə də, bu xəbəri vermədiklərinə görə də Müsavat partiyası ittiham olunur".

Bu ittihamın ardınca, həmin qeydlərin altından bir qrup müsavatçı "Yeni Müsavat" qəzetinə qarşı həqarətlər, təhqirlər və qeyri-etik ifadələri əks etdirən çoxsaylı statuslar yazır, ümumiyyətlə, qəzet rəybərliyini xəyanətdə suçlayırlar.

"Yeni Müsavat" rəsmisi: "Bir qəzetə, böyük bir jurnalist kollektivinə qarşı bu cür tərbiyəsizliyi Arif Hacılının müavini, yaxın çevrəsi edir"

Lakin bütün bunlara cavab olaraq, "Yeni Müsavat" da adekvat addımını atıb. Mətbu orqanın digər rəsmi şəxsi, baş redaktoru Rauf Arifoğlunun qardaşı Azər Ayxan sosial şəbəkədə Arif Hacılıya xitabən qeyd edib ki, onun müavini Səxavət Soltanlı onları təhqir edib. "Arif Hacılı məni eşidirsinizmi..." başlıqlı statusunda bildirilir ki, o, (Azər Ayxan-R.N.) Səxavət Soltanlının statusunun altında Arif Hacılıya xitabən şərh əlavə edib: "Müavininiz Səxavət Soltanlı status yazıb. "Yeni Müsavat"ı, eləcə də qəzetdə işləyən jurnalistləri təhqir edib. Mən də onun statusunun altından sizə xitabən bir şərh yazdım. Əvvəldən proqnozlaşdırdığım kimi, mənim şərhimi sildi. Ona görə də burdan, öz divarımdan sizə səslənirəm. Həm də o şərhimi bir az böyüdərək..."

Qəzet rəsmisi bu məsələdə bilavasitə Arif Hacılını günahlandıraraq onu və çevrəsini tərbiyəsiz adlandırıb. Sitat: "Bir qəzetə, böyük bir jurnalist kollektivinə qarşı bu cür tərbiyəsizliyi Arif Hacılının müavini, yaxın çevrəsi edir. O da səssizcə bu biabırçılığı seyr edir. Arif bəy, o həşəmətli müavininizə qəzet oxumaq, sayt izləmək vərdişi, həmçinin demokratiya təlimi keçəsiniz bəlkə. Bir də zəhmət olmasa deyin ki, azca tərbiyəli olsun, özünü "sokak serserisi" (türkçədə küçə avarası-R.N.) kimi aparmasın. O anlamır, uşaqdı, axı siz bilirsiz ki, jurnalistlərlə belə davranış yolverilməzdir. Kimi danışdırıb, kimin xəbərini verməyi bizə diqtə etməyin, doğru olmadığını sizdəmi bilmirsiniz yoxsa? Bəlkə dünən Etibar Seyidağanın sizdən mövqe öyrənib qəzetdə çap etdiyini unutmusunuz? Bəlkə xəbəriniz yoxdur ki, BMCMİ-yə çağırılmağınızı da saatlar öncə sayta qoymuşuq. Bu insanlarla hara gedirsiniz, Arif Hacılı?"

"İctimai əhəmiyyətiniz artan kimi birinci işiniz bizləri söymək olur"

Bunun ardınca, Arif Hacılının "iqtidar komandası dəyişdirilməli, yerini gənclər tutmalıdır" tipli "təklifinə" də ironik yanaşan "Yeni Müsavat" rəsmisi, əslində Müsavat başqanına bu addımı atmalı olduğunu bildirib.

Sonda P.S. yazan Azər Ayxan bunları qeyd edib: "Arif bəy, azacıq ictimai əhəmiyyətiniz artan kimi, adınız bir-iki saytda çəkilən kimi, müavinlərinizin birinci işi "Yeni Müsavat"ı və bizləri söymək olur. Bu nə cür bir zehniyyətdir, insanlıqdır?!"

Göründüyü kimi, bir müddət sakitlikdən sonra Müsavat rəhbərliyi yenidən gündəmə çıxmaq üçün bu dəfə hədəflərini "Yeni Müsavat"da görüblər. Lakin qarşı tərəfin verdiyi adekvat cavablar çox yəqin ki, Arif Hacılını və ətrafını daha da qıcıqlandırmalı olacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər