AXCP ilə Müsavatın istəkləri alınmadı
Son günlər ölkədə manatın devalvasiyaya uğraması bəzi müxalifət nümayəndələri üçün növbəti "fürsət" olub. Yəni bu, o qədər də təəccüb doğurmur. Çünki radikal müxalifət bu yolla varlıqlarını nümayiş etdirmək istəyib, ancaq sonda heç bir şeyə nail olmayıb. Bir neçə ay öncə məlum Nardaran olayları və bu olayları yaradanların da məqsədi bəlli idi. Belə ki, Azərbaycanı istəməyən xarici qüvvələr ölkəmizdəki sabitliyə, xalq-hakimiyyət birliyinə qarşı aqressiv, qısqanc mövqelərini qorumq üçün hər an ölkəmizin müstəqilliyinə və konstitusion quruluşuna qarşı diş qıcamağa hazır olanlar indi də ehtiyat vasitələrini işə salmağa çalışırlar.
Lakin bu bədbəxtlər anlamırlar ki, xalq yaxşı bilir ki, bütün bu tədbirlər ölkəmizdə şəffaflığın artırılmasına, biznes mühitinin təkmilləşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına və insanların rifahının yaxşılaşdırılmasına hesablanıb. Xalq onu da yaxşı bilir ki, xüsusilə radikal təmayüllü siyasi təşkilatlardan bəhrələnməyə çalışan şər qüvvələr, həmişə olduğu kim, indi də növbəti devalvasiya ilə bağlı "Milli Şura", AXCP, Müsavat kimi partiyalar vasitəsilə çirkin niyyətlərini davam etdirməyə cəhd göstərsə də, bu, heç bir nəticə verməyəcək. O da xalqa bəllidir ki, Əli Kərimli, Cəmil Həsənli kimi "fiqurlar" heç də dünyəvi - demokratik prinsiplərə söykənən siyasi təşkilat rəhbərləri deyillər. Onlar özlərinə sərf edən müxtəlif istiqamətə yönələ biləcək qurumlardırlar ki, bu da əlbəttə ki, belələrinin qeyri-ciddiliyinin, şəxsi maraqlara xidmət etmələrinin göstəricisidir. Həmin şəxslər bir müddət əvvəl Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyatı da insan hüquqlarına "zidd" adlandırmağa çalışaraq ictimaiyyəti cinayətkar qrupu müdafiə etməyə çağırırdılar. Həmin niyyətləri ifşa olunan bu şəxslər əllərinin hər yerdən üzüldüyünü görüb indi də başqa üsula əl atıblar. Belə ki, bu şəxslər indi də sosial şəbəkələrdə müəyyən adlarla özlərini ictimaiyyətə "vətənpərvər" kimi sırımaqla ictimaiyyətdə növbəti qarşıdurma yaratmaq istəyirlər. Bunun üçün "facebook" və digər sosial şəbəkələrdə müxtəlif adlarla səhifələr açaraq özlərinə haqq qazandırmaq, xalqla hakimiyyət arasında əsassız narazılıq yaratmağa çalışırlar. Xüsusilə də, bu günlərdə Siyəzəndə baş verən etirazla bağlı baş verən olaylarla bağlı rayon sakinləri bildiriblər ki, bu qiymət artımı və kütləvi işdən ixtisar olmalar ilə heç bir əlaqəsi yoxdur. Bu hadisə sırf AXCP-nin orada törətdiyi təxribatdır.
Siyəzənin millət vəkili: "Mitinqlə kredit problemləri həll olunmur"
Məsələyə aydınlıq gətirən rayonun deputatı Tahir Süleymanovun sözlərinə görə, Siyəzəndə unun qiyməti qalxmayıb və sakinlərin də bununla bağlı heç bir narazılığı yoxdur: "Mən ayın 12-dən Siyəzəndəyəm. Burada ağsaqqallarla görüşürük və məsələni aydınlaşdırırıq. Burada bir qrup AXCP-dən, Müsavatdan olan şəxslər var ki, son devalvasiyadan istifadə edib, rayonda təxribat törətmək istəmişdilər ki, hazırda onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışlar. Saxlanılan yeniyetmələr də etiraf ediblər ki, içkili olublar və AXCP və Müsavat üzvləri tərəfindən öyrədiliblər. Yəni onlar camaatı bu yolla aldadıblar. Biz də camaata izah etdik ki, bu mitinqlə, aksiya ilə borc, kredit problemləri həll olunmur. Bunu yığışaq Yeni Azərbaycan Partiyasının qərargahında müzakirə edək. İndi hazırda hamı dağılışıb və rayonda sakitlikdir".
T. Süleymanov etirazların əsas səbəbinin ona məxsus olduğu bildirilən "Siyəzən broyler"də kütləvi işçi ixtisarı ilə bağlı olması xəbərlərindən də danışıb: "Əvvəla, o müəssisənin mənə heç bir aidiyyəti yoxdur. Bütün bu xəbərlər tamamilə yalan və iftiradır. Bütün siyəzənlilər bilir ki, bu müəssisə kimə məxsusdur. Amma bir deputat kimi bilirəm ki, o müəssisənin rəhbərliyində bu yaxınlarda dəyişiklik oldu. Artıq yenidən orada işlər başlayacaq. Ora yeni toyuq cinsləri gətirilib ki, müəssisədə daha çox iş olacaq və tədricən oradan uzaqlaşdırılanların hamısı yerlərinə qaytarılacaq. Əlavə işçilər də işə götürüləcək".
Göründüyü kimi, ictimaiyyət artıq nəinki Azərbaycanda, hətta dünyada baş verən bütün proseslərdən xəbərdardır, cərəyan edən bütün prosesləri analiz etməyə qadirdir. Xalq artıq müxalifət qruplaşmalarının niyyətinə bələd olduğundan, bu cür təxribatlara çoxdan "yox" deyib. Arzuolunmaz hadisələri öz xeyrinə işlətməyə bir ad vermək olar - VİCDANSIZLIQ!
Rəfiqə HÜSEYNOVA