PDF Oxu

Müxalifət

  • 1 645

"Milli Şura"nın iclasında nə baş verib?

image

TƏRS BAXIŞ

Və ya Əli Kərimli Qurban Məmmədovu çölə qovub

Milli valyutamız manatın dollara nisbətdə ucuzlaşmasndan sonra bəzi xarici dairələrin və maraqlı qrupların "hərəkətə" keçmələri fonunda radikallıq, eləcə də qeyri-sivil müxalifətçilik yolunu tutan "Milli Şura" "liderləri" də, necə deyərlər, "pərvazlanaraq" göylərə uçublar. Regionlarda süni şəkildə təşkil edilən və dağıdıcılar üçün istənilən nəticələri verməyən başıpozuq aksiyaları "əsas" gətirmiş AXCP sədri Əli Kərilmi və onun marioneti, "Milli Şura"nın sədri Cəmil Həsənli bu dəfə həmin aksiyaların "daha geniş şəkildə" keçirilməsi üçün xaricdən tapşırıq aldıqlarını gizləmir. Məhz bu səbəbdən, tələm-tələsik koordinasiya şurasının toplantısını keçirməklə, sözügedən məsələdə qərar verməyə çalışıblar. Düzdür, hər hansı bir qərarın verilməsi bir çox səbəblər üzündən baş tutmasa da, burada əsas amillərdən biri Cəbhə sədri Əli Kərimlinin qurumun digər üzvü, hüquq müdafiəçisi Qurban Məmmədovla sözünün çəp gəlməsidir. Yəni "Milli Şura" ölkədə vəziyyətdən sui-istifadə edərək qarmaqarışıqlıq yaratmaq istədiyini gizlətmir, yalnız onun haradan başladılması məsələsi növbəti qarşıdurmaya səbəb olub.

Qurban Məmmədov təhqirli ifadələr işlədərək, "Milli Şura"nın iclasını tərk edib

"Milli Şura"da fəaliyyət göstərən və adının açıqlanmasını istəməyən mənbə də mətbuata açıqlamasında qurumun koordinasiya şurasının toplantısında dava baş verdiyini inkar etməyib və bildirib ki, hələ ötən ilin dekabrından başlayaraq, onlarda narazılıq üzə çıxıb. Bu, mitinqlərin təşkililə bağlı olub. Nəticədə, iclasda Əli Kərimli ilə Qurban Məmmədov arasında gərginlik mübahisə, sonra söz qalmaqalına, ardınca isə təhqirə, söyüşə və əlbəyaxa davaya çevrilib. Belə ki, Qurban Məmmədov çaxnaşmalara, vətəndaş itaətsizliyinə maraqlı olan qrupların regionlarda təşkil etdikləri başıpozuq aksiyalara dəstəyin verilməsini tələb edib. Əli Kərimli isə onunla razılaşmayaraq, bu kimi aksiyaların regionlarda deyil, məhz paytaxtdan başlamalı olduğunu iddia edib. Sözügedən məsələ fonunda kəskin mübahisələrdən və dava-dalaşdan sonra, iclasda iştirak edən adamlar hər iki şəxsi aralayıb, sonra isə Qurban Məmmədov təhqirli ifadələr işlədərək, "Milli Şura"nın iclasını tərk edib.

Olanlar bu dəfə də xarici dairələrin onlara verdikləri tapşırığın öhdəsindən gəlməyi bacarmadılar

Hətta mənbə iddia edib ki, hazırda Qurban Məmmədovun "Milli Şura"da qalıb-qalmaması məsələsi müzakirə edilir. Onun gedəcəyi təqdirdə, tərəfdarlarının da qurumu tərk edəcəyi gözlənilir. Beləliklə, ölkədə süni ajiotaj yaratmağa cəhd edən radikalların özləri bir-birlərinə qarşı sərt münasibətdə dayanmaqla, "Milli Şura"nın növbəti uğursuzluğunu nəzərə çarpdırmış olublar. Bu isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, dağıdıcılıq və radikallıq missiyası ilə hakimiyyət iddiasında olanlar bu dəfə də xarici dairələrin onlara verdikləri tapşırığın öhdəsindən gəlməyi bacarmadılar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər