TƏRS BAXIŞ
Müsavat rəsmisi AXCP sədrini ittiham etdi
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov dağıdıcı müxalifətin sıralarına keçidindən sonra xəyallarının puç olması, yəni ilk əvvəllər onu "qəhrəman" kimi təqdim olunmasının ardınca indi saya salınmaması deyəsən onu möhkəm pəjmürdə edib. Belə ki, onun dağınıq və pərakəndə müxalifəti birləşmək dəvətinə AXCP sədri Əli Kərimli kəskin "yox" cavabı verib. Üstəlik, Ə.Kərimli rəhbərlik etdiyi partiyası ilə "Milli Şura"dan başqa heç bir müxalif iddialı təşkilatı gerçək müxalifət hesab etmədiyini bildirib. Daha dəqiq desək, "Meydan tv"yə müsahibə verən Cəbhə sədri eks-səfirin "birləşmə" çağırışlarına məhəl qoymamaqla yanaşı, düşərgənin bölünməsini daha da dərinləşdirən ifadə işlədib.
Əli Kərimli yenidən Müsavatı ittiham etdi
Ə.Kərimli bildirib ki, "müxalifətin satın alınmış, hökumətin ram etdiyi, yaxud faktiki fəaliyyət göstərməyənləri hesaba salıb "müxalifət dağınıqdır" tezisini gündəmə gətirməyə ehtiyac yoxdur. Azərbaycanda real müxalifət birlikdədir, bu da AXCP-dir, "Milli Şura"dır". Bunun ardınca isə müxbirin Əli Kərimliyə sərf edən sualı səsləndirməsi -ondan "Siz Müsavat partiyasını satın alınmış hesab edirsiniz?" tipli sual soruşması AXCP sədrinin müsbət cavabı ilə nəticələnib. Sitat: "Kimlərin ciddi müxalifətçilik edə bilməsi ortadır". Bununla da o, aşkar şəkildə Müsavatı ittiham edib.
Beləlkilə, AXCP sədrinin özündən müştəbehliyi bir daha üzə çıxıb və onun eks-səfirə cavabı dağıdıcı müxalifətin bir daha bir araya gələ bilməyəcəyi anonsunu verib.
Müsavat tərəfi isə AXCP sədrinin onları şantaj və təhqir etdiyini hesab edir
Bu arada Müsavat rəhbərliyi də Ə.Kərimlinin iddialarına cavabını gecikdirməyib. Adıçəkilən siyasi təşkilatın icra aparatının rəhbəri Gülağa Aslanlı müəllif yazısı ilə çıxış edərək yazıb ki, Müsavat partiyası daim siyasi mübarizəni müxalifət daxilindən çıxartmağa çalışıb. O. öz yazısında Ə.Kərimlini nəzərdə tutaraq, onu təkəbbürlükdə və qeyri-adekvat addımnlar atmaqda ittiham edib. O, Ə.Kərimlidən fərqli olaraq, Müsavat başqanı Arif Hacılını müxalifətin birliyində maraqlı olduğunu, konkret təkliflərlə çıxış etdiyini bildirib. Eyni zamanda, Müsavatin müxalifətin əsas resursu olduğunu da qeyd etməyi unutmayıb. Sitat: "Əli Kərimlinin "Meydan tv-yə müsahibəsində dedikləri 2013-cü ildə siyasi proseslərdə fəallıq edən müsavatçılara qarşı həqarətdir. 2013-cü il prezident seçkilərinin əsas resursu Müsavat partiyası idi..."
Müsavat rəsmisi bununla yanaşı, Əli Kərimlinin və ətrafının onları hələ də şantaj etdiyini və bunun Müsavatın "Milli Şura"dan çıxması ilə əlaqəli olduğunu bildirib: ""Müsavat "Milli Şura"dan niyə çıxdı"-deyən dostlarımız bunun səbəbini hamıdan yaxşı bilir. Sadəcə, bizim müsavatçı əxlaqımıza arxayın olduqlarından bu sualı şantaj kimi təkrar-təkrar səsləndirirlər..."
Göründüyü kimi, sabiq səfirin müxalifətə çağırışı onun istədiyi effekti deyil, məhz odun üzərinə benzin tökmənin effektini verib. Bu isə bir daha sübut edir ki, artıq körpülərini çoxdan yandırmış ənənəvi, dağıdıcı müxalifət ölkənin siyasi arenasında heç bir uğurlu addım atmaq iqtidarında deyil. Çünki onlar arasında yaranmış uçurum həm özlərini, həm də onlara dəstək verənləri onun dibinə doğru yuvarlandırır.
Rövşən RƏSULOV