Rəhim Qazıyev Pənah Hüseynə qarşı ittiham irəli sürdü
Keçmiş müdafiə naziri Rəhim Qazıyev yenidən gündəmə çıxıb və bu dəfə növbəti ittihamları ilə. Onun növbəti hədəfi yenə də özünü müxalifətin alternativsiz lideri ola biləcəyini elan edən AXP sədri Pənah Hüseyn, eləcə də ənənəvi düşərgənin digər şəxsləridir. Beləlkilə, R.Qazıyev də müxalifətin yenilənməli olduğunu deyir və bildirir ki, uzun illər ictimai rəyin gözünü döyənək etmiş köhnə liderlərin öhdəsindən yalnız gənclər gələ bilərlər: "Müxalifət idarə deyil ki, kimisə çıxarıb, kimisə gətirib onun yerində oturdasan. Gənclərin özləri mövqeli olmalıdırlar. Gənclərin əksəriyyəti onların təsirləri altında "əlil" olaraq böyüyürlər. İsa Qəmbər Müsavat yaranandan bu partiyadadır, oğlunu da harayasa sədr edib. Etibar Məmmədov AMİP-dən gedib özünü lider elan etdi, Lalə Şövkət ALP-dən getdi özünü lider elan etdi. Soruşalar ki, sizin liderliyiniz nədədir? Mövqelər bölünüb. Gecə sənlə göz-qaş edib razılaşaq, gündüz də xalqı aldadaq".
"Bir yolu olanların necə ayrı-ayrı partiyası ola bilər?"
Rəhim Qazıyev AXCP sədri Əli Kərimlini də hədəfə alıb və bildirib ki, bu gün onu siyai arenada gördüyünə görə təəssüf hissi keçirir: "Əli Kərimlinin özünə təəssüf edirəm. Demokratiyadan danışan Əli Kərimli qurultayda Sahib Kərimli namizəd kimi iştirak etdiyinə görə, gizli səsvermənin keçiriləcəyini bəyan etdi. Bəs niyə etmədin? Necə ola bilər ki, əgər alternativ varsa, orada açıq səsvermədən söhbət gedə bilməz?.." Sabiq müdafiə naziri müxalifətin eyni sözü dediyini bildirib: "İsa Qəmbər çıxıb deyir ki, yolumuz Elçibəy yoludur, Mirmahmud Mirəlioğlu deyir ki, yolumuz Elçibəy yoludur, Əli Kərimli, Qüdrət Həsənquliyev və Fazil Mustafa da eyni sözləri deyirlər. Hərəsi də bir partiyanın lideridir. Bir yolu olanların necə ayrı-ayrı partiyası ola bilər? Qüdrət Həsənquliyev, Əli Kərimli, Fazil Mustafa vaxtilə deyirdilər ki, "Biz gor dostuyuq, gor qardaşıyıq". Bəs nə oldu? Mühərrik əsasdır, gəlin indi həmin mühərrikdən bir "sveça"nı çıxaraq, o mühərrik işləməyəcək. İşləyəcək, amma bir az gedib dayanacaq. Yəni maşında olan hər bir detal o texnikanın normal işləməsi üçün zəruridir. İndi hər partiya sədri yerindən qaxıb deyir ki, "Mən mühərrik olmalıyam".
"Əbülfəz Elçibəy 1992-ci ildə namizədlik üçün sənədini verəndə 10-15% mənim reytinqim ondan artıq idi"
Rəhim Qazıyev eyni zamanda deyir ki, bu cür müxalifətdə dəllək müştəridən çoxdur və zamanında onun reytinqi Əbülfəz Elçibəyin reytinqindən qat-qat üstün olub: "İndiyədək mən Pənah Hüseynin partiyasında ondan başqa heç kəsi görməmişəm. Müxalifətin nə qədər birləşmək şansı olubsa, Pənah gəlib oranı darmadağın edib. Onların bu millətə vurduğu zərbəni, bu hakimiyyət vurmayıb. Mən də siyasətdə olmuşam, ali savadım və siyasətdə kifayət qədər təcrübəm var. Bəs mən niyə partiya yaratmadım? Amma çoxusu deyirdi ki, Rəhim Qazıyev prezident olmaq istəyir. Qapı açıq ola-ola mən niyə pəncərədən girim? Guya mən çevriliş etmək istəmişəm. Əbülfəz Elçibəy 1992-ci ildə namizədlik üçün sənədini verəndə 10-15% mənim reytinqim ondan artıq idi. Mən görüb-götürmüş ailədə böyümüşəm. Atam mənə həmişə deyirdi ki, boyundan hündür tullanma. Həmin dövrdə mənə çox adam dedi ki, sənədimi hazırlayım. Mən bildirdim ki, komandam yoxdur, indiki kimi siyasi təcrübəm də yox idi. Bunlar kimi olsaydım, Əhməd öldü, Məmməd öldünü vecimə almazdım..."
Göründüyü kimi, R.Qazıyevin yenidən ortaya çıxıb ittihamlar irəli sürməsinin arxasında onun siyasi arenaya qayıtması marağının dayanması və bu marağın arxasında da maraqalıların olması sirr deyil. Hər halda ölkədəki ənənəvi müxalifət təmsilçilərinin hər biri xarici maraq dairəsinin təsirindədirlər. Bu baxımdan, R.Qazıyev də "parlamaq" iddiasındadır. Ancaq o bir amili düz seçib ki, onun parlaması əzəli düşmənləri olan P.Hüseyn, İ.Qəmbər, Ə.Kərimi və sairlərin vasitəsilə baş tuta bilər. Çünki onun bu cür çıxışından sonra qarşı tərəflər də susmayacaq. Hər halda gözləyək görək nə olur.
Rövşən RƏSULOV