PDF Oxu

Müxalifət

  • 1 954

Müsavat AXCP-yə qaşrı hücum taktikasına keçdi

image

Arif Hacılı "b" planını işə salıb

Bir müddətlik sakitlikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat partiyası arasındakı intriqa yenidən alovlanmağa başlayıb. Bu dəfə Müsavat tərəfi AXCP-yə qarşı hücum taktikası seçərək, cəbhəçiləri ikitirəlik salmaqda və düşərgəyə xəyanətdə suçlayıb. Əslində, yeni hal olmayan və davamlı olaraq baş qaldıran iki partiya arasındakı ziddiyyətlər ilk baxışdan təəccüblü görünməsə də, hər belə vəziyyətdə ictimai rəyə yeni detallar bəlli olmağa başlayır. Daha dəqiq desək, ifşaolmaların təməli məhz bu kimi qarşıdurmalardan qoyulur.

Görünür, bu səbəbdən, Müsavat başqanı indi də cəbhəçilərə qarşı total hücumlara start verib

Onu da qeyd etmək yerinə düşərdi ki, Müsavatın qalmaqallı başqanı Arif Hacılı bu posta yiyələnər-yiyələnməz keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, onun AXCP ilə hər hansı bir problemi yoxdur və Müsavat rəhbərliyi cəbhəçilərlə yeni açılan səhifədən əməkdaşlığa gedə bilər. Hətta Arif Hacılı öz təklifləri ilə Əli Kərimlinin ayağına gedərək, xələfi İsa Qəmbərin AXCP-yə münasibətdə səhv olduğunu dolayısı ilə isbatlamış olmuşdu. Çünki Müsavatın AXCP ilə münasibətləri birincinin "Milli Şura"nın sıralarını tərk etməsindən sonra pozuldu. Həmin vaxt İsa Qəmbər bəyan etmişdi ki, "Milli Şura" rusiyapərəst mövqedən çıxış edir və bu faktor Müsavatın qərbyönlü siyasəti ilə üst-üstə düşmür. Ancaq Müsavatda başqan dəyişikliyi baş verəndən sonra Arif Hacılı yenidən AXCP-yə əməkdaşlıq təklifini irəli sürdü. Ancaq bu dəfə AXCP sədri Əli Kərimli onun bu təklifinə birmənalı olaraq rədd cavabı verdi. Hacılının sonrakı təşəbbüsləri də boşa çıxdı və beləlkilə, onun öz yerini möhkəmləndirməkdən ötrü AXCP-yə olan umacağı baş tutmamış qaldı.

Görünür, bu səbəbdən, Müsavat başqanı indi də "b" planını işə salaraq, cəbhəçilərə qarşı total hücumlara start verib. Artıq bunu sosisal şəbəkədə və mətbuatda da görmək mümkündür.

Düzdür, hələlik müsavatçıların rəhbəri, bilavasitə ittiham fikirlərini irəli sürməsə də, onun müavinləri Əli Kərimlini, AXCP-ni və "Milli Şura"nı çox kəskin şəkildə asıb-kəsirlər. Bu xüsusda Müsavat partiyasının məclis üzvü Mustafa Hacıbəyli, partiyanın mərkəzi icra aparatının sədri Gülağa Aslanlı, başqan müavini Səxavət Soltanlı canfəşanlıq göstərirlər.

Cəbhəçilər Əli Kərimlinin adının ikinci sırada yazılmasından hiddətləniblər

Bu arada Arif Hacılının daha bir müavini - Osman Kazımlı Əli Kərimliyə qarşı başladılan total hücumlara qoşulub. O öz həmkarlarından daha sərt tonda danışaraq deyib ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür. Osman Kazımov "facebook" səhifəsində "Milli-Strateji Düşüncə Mərkəzi"nin rəhbəri İsa Qəmbər, Müsavat partiyasının başqanı Arif Hacılıya, AXCP sədri Əli Kərimli və KXCP sədri Mirmahmud Mirəlioğluna birlik çağırışı etmişdi. Lakin həmin çağırışdan sonra cəbhəçilər ona qarşı hücuma keçərək, nəyə görə AXCP sədrinin adının ikinci sırada (?) yer almasını ittiham ab-havası ilə soruşublar.

AXCP sədri Əli Kərimli isə "Azadlıq Radiosu"na açıqlamasında təklifə ciddi yanaşmadığını sərgiləyib. Sitat: "Biz bir yerdəydik "Milli Şura"daydıq. Davam etmək istəsəydilər, bizimlə davam edərdilər. Çox təəssüf ki, "Milli Şura"nı tərk ediblər", - deyə o, qeyd edib.

Nəticədə, qarşıdurma qızışıb və Arif Hacılının göstərişinə əsasən, Osman Kazımov dərhal Kərimlini hədəfə alıb. O, öz növbəsində bildirib ki, müxalifət liderlərinin yaranmış vəziyyəti birgə müzakirə etmələri təklifini xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə vermişdi. Sitat: "Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür".

Beləlkilə, bir müddətlik sakitlikdən sonra "ana müxalifət" adı uğrunda barışmaz savaç aparan hər iki partiya - həm AXCP, həm də Müsavat yeni kontekstdə savaşa qalxıblar. Uzun illərdən bəridir davam edən bu savaşdan isə qalibin çıxmadığı kimi, məğlubun da kim olması bəllidir. Məğlub hər iki partiya və onların liderləridir.

Rövşən RƏSULOV

Digər xəbərlər