Tahir Kərimli: "Məkrli qüvvələr Azərbaycandakı dağıdıcı müxalifətə maliyyə yardımları göstərməklə ölkəmizdə süni narazılıqlar yaratmağa cəhdlər göstərirlər"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir müəllim, müxalifətin ölkəmizdə son proseslərdə ictimai-siyasi sabitliyi pozmaq üçün cəhdlərinin uğursuzluqla nəticələnməsi, onların həm də cəmiyyət tərəfindən qəbul olunmadığının bir daha təsdiqi sayıla bilərmi?
- Hər zaman olduğu kimi, yenə də müxalifət təmsilçiləri baş verən son proseslərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır. Amma onların bu planları baş tutmadı və tutmayacaq. Bir sözlə, Azərbaycan xalqı öz pənahını və arzularının reallaşmasını Prezident İlham Əliyevin simasında görür. Bildiyiniz kimi, Prezident İlham Əliyev əmək haqlarını, pensiyaları artırdı və digər yardımlar göstərdi. Yəni xalq heç vaxt müxalifətin arxasınca getməyib və getməyəcək. Hətta elə bir vəziyyət yaranmışdır ki, "Milli Şura" rəhbərliyi tələb edirdi ki, bu iqtisadi tələblər siyasi tələblərə çevrilsin, yenə də xalq onları eşitmədi və bununla da bir daha müxalifət fiaskoya uğradı.
- Müsavat başqanının müavini Osman Kazımovun, Arif Hacılıya, Mirmahmud Mirəlioğluna, Əli Kərimliyə və İsa Qəmbərə birləşmək təklifinə AXCP sədri Əli Kərimlinin rədd cavabı verməsi nədən irəli gəlir?
- Ümumiyyətlə, o partiyaların birləşməsi mümkün deyil. Çünki birləşməyə onların böyük iddiaları imkan vermir. Hər biri birinci olmaq istəyir, ikinci olmaq haqqında belə düşünmürlər. İkincisi hansısa partiya funksionerinin biri digərinə güzəştə getməsindən belə söhbət gedə bilməz. Əli Kərimli "Müsavatda onu lider görsünlər, birinci şəxs hesab etsinlər" kimi ifadəni gözləmir. Ona görə də, Əli Kərimli Müsavatın birləşmək təkliflərini rədd edir.
- Müxalifət başbilənləri birləşə bilməməsinin səbəbini tərəflərin böyük iddialarda olması ilə bağlı olduğunu demək olarmı?
- Əvvəla, böyük iddia deyəndə, bununla o qədər də razılaşmıram. Bu müxalifətin keçmişdə böyük iddiaları olub. Müxalifət indi o qədər zəif düşüb ki, artıq onların böyük iddiaları dövlət səviyyəsində, cəmiyyət səviyyəsində səslənmir. Yəni indi onlar siyasi klublar səviyyəsində, hansısa qəzet səhfələrində, sosial şəbəkələrdə ancaq baş verir. Amma şübəsiz ki, müxalifət liderlərinin özlərinə görə "böyük iddiaları" var. Onların bu "böyük iddiları" cəmiyyətdə lider, birinci şəxs və birinci partiya olmaqdır. Bu kimi iddiaların gülüş və ironiya doğurduğundandır ki, reallaşmır. Xalq bu müxalifətçiləri qəbul etmir və onların arxasınca getmir. Ona görə də, onlar bu iddialarının həyata keçməsi mümkün deyil.
- İddialara görə, bəzi xarici maraqlı dairələr müxalifətin birləşməsi üçün böyük məbləğdə maliyyə vəsaiti ayırıb. Sizcə, maliyyə yardımı hesabına belə müxalifətin birləşməsi nə dərəcədə mümkündür?
- Xaricdə Azərbaycanı istəməyən qüvvələr var. Həmin məkrli qüvvələr Azərbaycandakı dağıdıcı müxalifətə maliyyə yardımları göstərməklə ölkəmizdə süni narazılıqlar yaratmağa cəhdlər göstərirlər. Amma cəhdlər uğursuzluğa düçar olur və bundan sonra da olacaq. Çünki xalq müxalifəti qəbul etmir və bundan sonra da dəstək verməyəcək.
GÜLYANƏ