Zaman-zaman müxalifətin bir olması haqqında təkliflər, ideyalar, müxtəlif partiya funksionerlərinin dilindən səsləndirilib və ya müxtəlif tədbirlərdə partiya funksionerləri birgə fəaliyyət göstərmək haqqında razılaşma sənədi imzalayıblar. Amma nə yazıqlar ki, bu təkliflər elə söz olaraq qalıb. Eləcə də vahid blokda birləşmək razılaşması iflasla nəticələnib. Bütün bunlar isə nəticə etibarilə müxalifət partiyalarının ictimai-siyasi proseslərdən kənarda qalmalarına, həmçinin cəmiyyətin gözündən düşmələrinə gətirib çıxarıb.
Baş verən proseslərə əsasən, demək olar ki, müxalifət başbilənləri birləşmək, bir olmaq iddialarını hələ də davam etdirməkdədirlər. Bu günlər bəzi partiya funksionerlərinin "olub keçənləri unudub bir araya gələk" təklifi də müxalifəti bir araya gətirmək istəyindən irəli gəlsə də, nəticəsi onlar üçün ürəkaçan olmadı. Yəni birləşmək iddiaları son nəticədə partiyalardan qopmalara, eləcə də müxalifət liderləri arasında qarşıdurmaların bir qədər də genişlənməsinə gətirib çıxardı. Məhz buna görə də Müsavat başqanının müavini Osman Kazımov "İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, olub-keçənləri unudub bir araya gəlin" təklifindən imtina etdiyini bəyan edib. Hətta O.Kazımov Ə.Kərimlini tənqid edərək arada olan gərginliyi bir qədər də dərinləşdirmiş olub. Başqan müavini bildirib ki, Ə.Kərimli "Milli Şura"nı və AXCP-ni aparıcı qurum və partiya kimi təqdim etməklə, müxalifətin birliyinə zərbə vurmağa çalışır. Bu isə onun cılızlığından və siyasi mədəniyyətdən uzaq olduğunu göstərir.
Sərdar Cəlaloğlu həmfikirlərini ağıllı olmağa dəvət edir
Müxalifətdaxili funksionerlər arasında baş verən qarşıdurmalara hər kəs özünəməxsus və öz mövqeyindən münasibət bildirməyə çalışır. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, müxalifət funksionerlərinin bildirdikləri münasibətlər əksər hallarda yanan ocağa benzin tökmək təəssüratı bağışlayır. Misal üçün, keçmiş müdafiə naziri Rəhim Qazıyev AXP sədri Pənah Hüseynin müxalifətin birləşməsi təklifinə ironiya ilə yanaşdığını qeyd edərək bildirir ki, nə zaman müxalifət birləşməyə çalışıbsa, o zaman P.Hüseyn ortalığa çıxaraq bu birliyi pozub: "P.Hüseyn qabiliyyəti qarında, səadəti isə paltarında görən şəxsdir. Bu baxımdan, onun müxalifətin birləşməsi təklifinə səmimi yanaşmaq olmaz".
ADP-nin sədri Sərdar Cəlaloğlu isə müxalifətdaxili intriqaların başlıca günahkarının Müsavat və AXCP yetkililəri olduğunu bildirib. Onun fikrincə, bu iki partiya müxalifətin inteqrasiyasına və birliyinə zərbə vuran əsas partiyalardır: "Zamanında Ə.Kərimli Elçibəyi, İ.Qəmbər isə Ə.Kərimlini tənqid və təhqir edib. Bu gün də bu proses davam etməkdədir".
S.Cəlaloğlu müxalifətin böyük iddialardan əl çəkməyəcəyi təqdirdə, dağılma və qopma prosesindən qurtula bilməyəcəyini də qeyd edib. Təklif edib ki, uzun illər müxalifətdə kök salan partiya sədrləri istefa verərək yerlərini gələcək haqqında düşünmək qabiliyyətində olan gənclərə verməlidirlər. Bu halda müxalifətin təkmilləşməsinə və formalaşmasına nail olmaq olar.
ADP sədrinin təklifinin müxalifət düşərgəsində müsbət qarşılanacağı inandırıcı deyil. Ona görə ki, müxalifət partiya sədrləri oturduqları sədrlik kreslosuna gəlir mənbəyi kimi baxırlar. Yerlərini başqalarına verənlər isə sadəcə oyun oynamış olurlar. Bunu AMİP lideri Etibar Məmmədovun, Müsavatın keçmiş başqanı İ.Qəmbərin timsalında açıq görmək və bununla da sübut etmək olar. Bu baxımdan müxalifətin bir araya gəlməsi mümkünsüz olduğu qədər partiya sədrlərinin də yerlərini başqalarına verməsi mümkün deyil. Deməli, müxalifəti yeni qopmalar və parçalanmalar gözləyir.
İ.ƏLİYEV