Elçin Mirzəbəyli: "Pənah Hüseyn xalqı böhrandan çıxarmağı yox, daha dərin böhrana salmağı fikirləşir"
Vüqar Əsgərov: "3-5 partiya bir masada otura bilmir, utanmadan xalq hərəkatından danışırlar"
Pənah Hüseynin "müxalifətin iştirakı ilə xalq hərəkatı yaradılmalıdır. Yəni indiki iqtisadi böhran vəziyyətində milli gücün səfərbər olunması baxımından kütləvi hərəkata ehtiyac yaranır" fikri böyük ictimai qınağa səbəb olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "SƏS" qəzetinə açıqlamasında bildirib ki, P.Hüseyn bu fikirləri ilə xalqı aldatmağa cəhd edir: "Gəlin, açıq başla düşünək. Bu adam deyir ki, ölkədə böhranlı vəziyyət var və xalq hərəkatı yaradılmalıdır. Düşünmür ki, xalq hərəkatı böhranı daha da dərinləşdirir, insanları öz işindən-gücündə ayrı salır, ölkədə həyat sönür. Deməli, Pənah Hüseyn xalqı böhrandan çıxarmağı yox, daha dərin böhrana salmağı fikirləşir. Azərbaycanda bir məmur işdən çıxarılanda da radikal müxalifətçilər "xalq hərəkatları" haqqında düşünürdülər. Ölkədə hər şey ola bilər, amma əsas odur ki, günahkarlar öz cəzalarını alırlar. Qıraqdan-bucaqdan "xalq hərəkatı" xülyası ilə ürək bulandırmaq lazım deyil. İndi o dövr deyil ki, böhrandan hərəkatla çıxasan. İndi həssas məqamdır, daha ağıllı, çevik və məqsədyönlü olmalıyıq. Belə bir şəraitdə adi mitinq haqqında düşünmək belə ağılsızlıqdır. Mən bir daha əmin oldum ki, bəzi rayonlarımızda bir neçə nəfəri mitinq adı altında dövlətə qarşı qaldıranlar elə bu adamlardır. Bu gün dünyanın ən böyük dövlətləri də çətinliklər içərisindədir. Lakin Azərbaycan yaranmış vəziyyətdən ən az əziyyət çəkən ölkələr siyahısındadır. Buna sevinmək lazımdır. Cənab Prezident Davos Forumunda bütün dünyanı heyrətə salan nitq söylədi. Prezidentin dedikləri çoxları üçün tezis oldu və biz nikbin olmalıyıq. Əsas odur ki, ölkədə siaysi sabitlik var, hər kəs maaşlarını, pensiyalarını vaxtı-vaxtında alır, heç kimin məvacibi gecikmir. Dükanlar da ərzaqla doludur. Bəzi işbazlar yaranmış vəziyyətdən istifadə etməyə cəhd etdilər, lakin dövlət onları cəzalandırdı. Bundan sonra da, elə olacaq. Pənah Hüseynə isə məsləhətim budur ki, bacarırsa, illərdir böhran həyatı yaşayan müxalifət bu böhrandan çıxarsın. Onun dövlət işlərindən başı çıxmır, öz işi ilə məşğul olsa, daha xeyirli olar".
P.Hüseynin fikirlərini şərh edən politoloq Vüqar Əsgərov qeyd edib ki, belə bir həssas məqamda xarici qüvvələrlə bərabər, həm də xaricə satılmış radikal müxalifətlə də ehtiyatlı olmaq lazımdır: "Çünki onlar hər an şərait axtarırlar ki, Azərbaycanda hansısa bədbəxt hadisə baş versin. Bu adamlar ölkəmiz üçün yaxşı heç nə arzulamırlar. SSRİ dağılanda yaradılmış süni şərait nəticəsində Pənah Hüseyn kimi naşı adamlar hakimiyyətdə oldular. Onların bildikləri yeganə çıxış yolu qışqırıb-bağırmaqdır. İndi hansı dövrdür ki, xalq hərəkatı olsun? Neftin qiyməti nəzərdə tutulduğundan da aşağı düşdü, ərzaq qiymətlərində müəyyən oynamalar baş verdi. Dövlətimiz bütün bu işləri qaydasına qoymağa çalışır, ərzağın qiymətindən tutmuş siyasi sabitliyə qədər hər şeyə nəzarət olunur. Sadəcə, Pənah Hüseyn, İsa Qəmbər, Əli Kərimli kimi bədxah adamlara fürsət verməməliyik. Onların iqtidarda olduqları qısa bir müddət ərzində xalqı illərlə geriyə atdılar. Özləri də qaçıb xarici təxribatçı qrupların qucaqlarında oturdular. 3-5 partiya bir masada otura bilmir, utanmadan xalq hərəkatından danışırlar. İnanın, bu adamların əllərində media var deyə danışırlar. Bəziləri də ciddiyə alır. Sadəcə, bu tip adamları ciddiyə almaq gərək deyil. Pənah Hüseyn deputat olanda, onun hansısa dəyərli bir fikrini eşitdinizmi? Niyə danışmırdı!?"
Pənah Hüseynin də iştirak etdiyi müxalifət partiya sədrlərinin toplantısına Müsavat və AXCP-nin qatılmaması vəziyyəti daha da kritik edib. Belə ki, P.Hüseyn toplantıda Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının iştirak etməməsinə də münasibət bildirərkən qeyd edib ki, Müsavat və AXCP intriqa aparır. Müsavatın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, Müsavat partiyası özünün bildiyi yolla gedir və ona görə də bu kimi tədbirlərdə iştirak etmir.
Samir