SİYASİ RAKURS
AXCP və Müsavat çıxdaş edilir
Son günlər müxalifət düşərgəsində ciddi yer dəyişmələr müşahidə olunmaqdadır. Belə ki, həmin yerdəyişmələrdə nəzərə çarpan əsas amil ənənəvi müxalifət təşkilatları kimi tanınan və hələ də özlərini "ana müxalifət" qismində cəmiyyətə sırıyan AXCP və Müsavatın digər müxalifət partiyaları tərəfindən çıxdaş olunmalarıdır. Məsələ ondadır ki, bu ayın 24-də düşərgə fəaliyyət göstərən bir sıra partiyaların ADP-nin qərargahında birgə tədbir keçirmələri və orada partiyalarla yanaşı, müxalifətyönlü qeyri-siyasi qurumların, birlik və ictimai təşkilatların, o cümlədən blokların da yer alması cəbhəçilərlə müsavatçıları ciddi şəkildə narahat edir. Çünki son illərdə düşərgədə olan müxalif partiyaların bu cür cəm olub toplantı keçirmələri uzun illərdi ki, baş tutmurdu. Buna mane olanlar da, məhz AXCP və Müsavat partiyaları olub. Ancaq sonda hər iki "ana müxalifət" iddiasında olan siyasi təşkilat, necə deyərlər, yüyəni əldən veriblər.
Hər zaman olduğu kimi, dəvət edən tərəflərə yuxarıdan-aşağıya doğru baxdıqlarını nümayiş etdiriblər
Qeyd edək ki, həmin toplantıda KXCP, AXP, ADP, "Ümid", BAP, VİP, Azadlıq, Aydınlar və digər partiyalar, eləcə də, "Ağ Blok", ADR Hərəkatı, Bakı Kəndlər Birliyi, QHT-lər də iştirak etməklə, AXCP və Müsavatı müdaxilələrinə rəğmən sübut ediblər ki, müxalifət cameəsi onlarsız da bir araya gələ bilər. Halbuki, həmin tədbirə cəbhəçilərlə müsavatçıların liderləri də dəvət olunmuşdular. Ancaq onlar, hər zaman olduğu kimi, dəvət edən tərəfə yuxarıdan aşağıya doğru baxdıqlarını nümayiş etdirərək, oraya getməyiblər.
Hətta toplantıda iştirak edən müxalifət partiyalarının sədrləri də etiraf ediblər ki, onların bir araya gələ bilməmələrinə səbəb olanlar bundan sonra heç bir müdaxilə edə bilməyəcəklər. Məsələn, KXCP sədri Mirmahmud Mirəlioğlunun bildirdiyinə görə uzun müddətdir ki, müxalifət bu şəkildə bir araya gəlmirdi. O, bu sayda təşkilatın bir araya gəlməsinin müsbət hadisə olduğunu deyib. ADP sədri Sərdar Cəlaloğlu da bu cür müzakirələri müxalifət üçün yeni dönəm olduğunu bildirib və düşərgədə pozitiv hadisə elan edib.
Lakin AXCP və Müsavatın istər özləri-özlərini təcrid etmələri, yaxud da onların məlum düşüncələrinə görə digər müxalifət partiyaları tərəfindən təcrid olunmalarına başqa səbəblər də var.
Başqa səbəblər də var
Məsələn, Müsavatın toplantıya qatılmamasının əsas səbəbkarlarından biri AXP sədri Pənah Hüseyndir. Yəni burada ümumi maraqlarları toqquşması ilə yanaşı, şəxslərarası intriqalar da mövcuddur. Yeri gəlmişkən, müxalifət partiyalarının bir araya gəlməsinin təşəbbüskarı da Pənah Hüseyndir. O, uzun müddət buna çalışırdı və sükanı öz əlinə almağa çalışırdı. Buna nail olan Pənah Hüseyn sonradan uzun illər əməkdaşlıq etdiyi Müsavat partiyasından uzaqlaşdı. Daha dəqiq desək, İsa Qəmbər dönəminin bitməsindən sonra başlayan Arif Hacılı dönəmi Pənah Hüseynin Müsavatdan bir sıra bəlli səbəblərə görə getməsi ilə nəticəsini tapdı. Ona görə də Müsavatın AXP sədrinin təşəbbüsü ilə baş tutacaq tədbiri boykot edəcəyi məlumuydu. Növbəti səbəb isə Pənah Hüseynin son parlament seçkiləri zamanı Müsavatdan fərqli mövqe tutmasıdır. Belə ki, bu hadisədən sonra da onsuz da soyuq olan münasibətlər daha da soyumağa başladı. Daha bir səbəb Pənah Hüseynin Müsavat rəhbərliyinə müxalifətdə olan "Ağ Blok" rəhbəri Tural Abbaslı ilə və digər köhnə müsavatçılar - ADR Hərəkatının funksionerləri Vurğun Əyyubla, Ellada Məmmədli ilə bir araya gəlməsidir.
Eyni zamanda, Əli Kərimlinin sədri olduğu AXCP-nin, o cümlədən, elə onun nəzarətində olan "Milli Şura"nın da sözügedən toplantıya qatılmamasının bir çox səbəbləri var. Belə səbəblərdən biri AXCP-yə alternativ olan digər AXCP-nin orada iştirak etməsidir. Həmin AXCP-yə sədrlik edən Razi Nurullayev toplantıya qatıldığı üçün Əli Kərimli və Cəmil Həsənli onu boykot ediblər.
Düşərgədaxili hərəkat da qırımızı düyməyə basılıb
Göründüyü kimi, guya özlərini "sındırmayıb" sözügedən tədbirə qatılmayanlar, əslində dalana dirəniblər və onların düşərgədəki mövcudluqları get-gedə daha da sönmək üzrədir. Real müxalifətçilik adı isə artıq digər partiyalara transfer olunmaqdadır. Məsələn, "Ağ Blok"un səri Tural Abbaslının bildirdiyinə görə, əsl müxalifətin kim olduğunu partiyalara sədlrik edən fərdlər deyil, ictimai rəy müəyyən etməlidir. Sitat: "Bir-iki partiya özündən kimlərəsə "müxalifətçi qurum lisenziyası" verə bilməz. İsti otaqlarında əyləşir, sonra isə 10 il əvvəl yazdıqları proqramların tarixini dəyişib bunu yeni sənəd kimi ictimaiyyətə təqdim edirlər. Bu cür müxalifətçilik olmaz. Bu tədbiri bəyənib gəlmirlərsə, özləri tədbir keçirsin, biz gedib iştirak edək. Amma bunu da edə bilmirlər".
Beləliklə, məsələnin bütün tərəfləri aşkar şəkildə, tam çılpaqlığı ilə görünməkdədir. Bu olaylar isə, əlbəttə ki, hətta büruzə verməsələr belə AXCP və Müsavat patiyalarının ldierlərini ciddi şəkildə narahat və pərişan edir. Çünki yaxın gələcəkdə düşərgədəki partiyalar bənzər toplantılarını keçirib nə qədər çox bir araya gələcəklərsə, AXCP və Müsavat partiyaları da bir o qədər siyasi düşərgədən çıxdaş olunacaqlar. Artıq onlara qarşı başladılan düşərgədaxili hərəkatda qırmızı düyməyə basılıb.
Rövşən NURƏDDİNOĞLU